Elm və təhsil
Başı ağrıyır, ayağından yapışıblar: Azərbaycanda təhsilin əsas dərdi nədir?
Cəmiyyətin inkişafında mühüm faktorlardan biri də, şübhəsiz ki, təhsildir. Təhsil dəyərlərin inkişafı üçün vacibdir. Təhsil almaq və hər hansı bir peşəyə sahib olmaq hər bir gəncin qarşısına qoyduğu əsas hədəflərdən biridir. Gələcəyini müəyyən etmək istəyən gənclər seçdikləri sahə üzrə mükəmməl təhsil almaq üçün axtarışa başlayırlar. Lakin buna nail olmaq asan deyil. Azərbaycanda ali təhsilin səviyyəsi olduqca aşağıdır. Amma cəmiyyətdə elə təəssürat yaranır ki, guya bütün problemlər orta təhsildədir. Özü də belə ictimai rəyi elə Elm və Təhsil Nazirliyi özü yaradır. Əgər ali məktəblərdə təhsil aşağı səviyyədədirsə, deməli, cəmiyyət savadlı kadrlardan xali olacaq. Elə orta məktəblərin kadrları da ali məktəblərdən gəlir. Orta məktəbi bitirən şagird 700 balla ali məktəbə daxil olur, amma oradan cəmiyyətə kadr kimi qayıtmırsa, məsələ aydındır. Yəni əslində təhsilimizin başı ağrıyır, amma biz onun ayağından yapışmışıq. Belə tendensiya, yanaşma ilə təhsilin problemlərini həll etmək mümkündür? Əslində necə olmalıdır, təhsildə islahat haradan başlamalıdır, ali təhsildən, yoxsa orta məktəblərdən?
Mövzu ilə bağlı deputat Fazil Mustafa Publika.az-a açıqlamasında bildirib ki, təhsilli gənclərin bilik səviyyəsinin aşağı olmasında məktəb və universitetlər günahkardır:
“Orta məktəb bazası yaxşı olmayanda bütün problemlər artmağa başlayır. Birinci növbədə məktəbəqədər hazırlıq dərslərinin keyfiyyəti çox aşağıdır. Təhsilin inkişafı üçün bəzi fədakarlıqlar etmək lazımdır. Təəssüf ki, bizdə hələ də təhsilə eksperiment vasitəsi kimi baxılır. Yəni ki, fundamental islahatlar keçirilmir. Əvvəlcə uşaqları məktəbə cəlb etmək lazımdır. Repetitor təhsilinin bu qədər tüğyan elədiyi zamanda uşaqda məktəbə maraq oyatmaq olduqca çətindir”.
Deputatın sözlərinə görə, məktəblərdə uşaq sayı olsun deyə şagirdlər sıraya düzülür:
“Amma bu sıranın nə nəticəsi var, nə də keyfiyyəti. Ümumiyyətlə uşaqların repetitor ənənəsi ilə ali məktəbə daxil olması təhlükədir. İsraildə çoxu asan attestat ala bilmir. Ali məktəbdə oxumaq bu qədər əlçatan olmur. Yalnız oxuyan adama dəstək verilir. Hamını kütləvi şəkildə təhsilli etməklə onların da evini yıxırıq, yiyələndiyi peşəni də məhv edirik. Bu da çox acınacaqlı vəziyyətdir”.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, təhsili uzun bir zəncir kimi düşünməli və həmin zəncirin bütün halqalarında islahatlar aparmalıyıq:
“Azərbaycan universitetləri dünya universitetlər ilə müqayisədə yaxşı mövqedə deyil. Universitetlərin hazırki vəziyyəti ürəkaçan deyil. Amma bu o demək deyil ki, universitetlərimizdə təhsil aşağı səviyyədədir. Ümumi inkişaf tempindən universitetlərimiz və elmimiz geri qalır. Həqiqətən də Azərbaycanda inkişaf edən, öz üzərində işləyən universitetlər var. Lakin onlar nə qədər çalışsalar da, dünya universitetləri arasında ilk 500 və 1000-liyə düşə bilmirlər. Orta və ali təhsildə ciddi problemlər var. Orta təhsildəki problemlərdən danışırıqsa, bizə dərs deyən müəllimlərə baxmalıyıq. Çünki onlar ali təhsil müəssisəsini bitiriblər. Öncə problemi aydınlaşdırmaq lazımdır. Bilməliyik ki, problemlər haradadır”.
Ekspertin sözlərinə görə, orta təhsildə olan problemlərin çoxu ali təhsildən qaynaqlanır:
“Məsələn, bu gün Azərbaycanda orta təhsilin aşağı olmasının səbəblərindən biri müəllimlərin savadı ilə əlaqəlidir. Əlbəttə ki, müəllim hazırlayan universitetlər yaxşı təhsil verməlidirlər. Əsas orta təhsil müəssisəsi üçün kadr hazırlayan universitetlərdən biri ADPU-dur. Bu təhsil ocağında 5-10 il öncə qəbul balı daha aşağı idi. Lakin bu gün o bal qalxıb. Bu onu göstərir ki, universitetin səviyyəsi kifayət qədər artıb. Balların artması yüksək bal toplayan şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasının göstəricisidir. Bu da çox sevindirici haldır. Lakin bütün universitetlər tələbəyə keyfiyyətli təhsil verə bilmir. Bu da universitetlərimizin reytinqini aşağı salır. Demək olar ki, çox təhsil ocağı ilə əlaqədəyəm”.
Mütəxəssis qeyd edib ki, universitetlərdə ciddi problemlərdən biri də pedaqoji kadrlarla bağlıdır.
“Burada ali təhsil müəssisələrinin günahları çoxdur. Yeni müasir dərslik yaza bilən müəllimlərimiz yoxdur: Baxmayaraq ki, universitetlər çox yaxşı pul qazanırlar. Lakin o pulun neçə faizini pedaqoji kadr hazırlığına istifadə edirlər? Bu çox ciddi sualdır. Onlar nə qədər ki, qazandığı pulları təmirə, betona, daş-kəsəyə xərcləyəcəklər, o vaxta qədər də təhsildən geri qalacaqlar. Universitetlərimizin kadr hazırlığı strategiyası çox aşağı səviyyədədir. Bu da keyfiyyətli təhsil verməyi məhdudlaşdırır. Universitetlər potensiallı gəncləri çıraqla axtarıb, öz müəssisələrinə gətirməlidirlər. Lakin bunu çox az sayda universitet edir. Cəmiyyətdəki bir çox problemlər sırf təhsillə bağlıdır. Birmənalı olaraq bilmək lazımdır ki, təhsildə olan problemlər zəncir kimi biri-birinə bağlıdır. Təhsilin nəinki başı və ayağı ağrıyır, bütün bədəni ağrıyır. Bu problemləri deməliyik ki, inkişaf edək. Universitetlərin tədqiqat bacarığı, kitabxana təminatı, proqram məzmunu, kadr çatışmazlığı və dərs vəsaitlərində çox ciddi problemlər var. Sağlam rəqabət mühiti olmalıdır ki, inkişaf olsun. Elə ölkələr var ki, universitetin tarixi qədim deyil, lakin uğurları olduqca böyükdür. Buna misal kimi Qazaxıstanı göstərmək olar. Yaxşıya doğru dəyişən universitetlərimiz var buna UNEC və BANM-ı aid etmək olar”.
İ.Orucov əlavə edib ki, universitetin idarə edilməsində rektorun üstünə ciddi öhdəliklər düşür:
“Təcrübəli rektorlar var ki, qarşılarında hədəflər var. İnkişaf və yenilik üçün işlər görürlər. Rəhbərlik yeni ixtisaslar üzrə araşdırmalara və yeniliklərə daim açıq olmalıdır. Kənardan nə qədər asan görsənsə də, çox ciddi problemlər var. 10-15 il əvvəl universitetlərimiz rüşvət yuvası idi. Bugünkü təhsildən 10 dəfə az keyfiyyətdə idi. Ötən illərə baxdıqda, inkişaf var. Düşünürəm ki, gələcək illərdə daha ciddi addımlar atacağıq”.
Təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmovun fikrincə, təhsilli insanların bilik səviyyəsi nisbi anlayışdır:
“Ümumi olaraq insanların sosial, mədəni və elmi savadlığının az olmasında valideynin, orta və ali təhsil müəssisələrinin günahı var. Bir şəxsiyyətin formalaşmasında təhsilin rolu olduqca çoxdur. İnsan həyatında olan bütün təhsil mərhələlərinin özünəməxsus payı var”.
Mütəxəssis söyləyib ki, universiteti bitirən biri bilik və savada malik deyilsə, deməli, o məzun olmalı deyil:
“Bu halda belə bir sual ortaya çıxır. Bəs universitet həmin gəncin məzun olmasına niyə şərait yaradıb? Ali təhsil gələcək karyera üçün vacib və əsas məsələdir. Bu gün məzun olan gənc sabahın müəllimi, həkimi və mühəndisidir. Təhsilində uğurlu olmayan birisi cəmiyyəti cəhalətə sürükləyəcək”.
Aysel Şahmar
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?