Aİ-95 benzinin qiyməti arta bilər? - Dünya bazarındakı vəziyyət
Bizi izləyin

Enerji

Aİ-95 benzinin qiyməti arta bilər? - Dünya bazarındakı vəziyyət

Dünya bazarında yanacağı qiyməti artan şkala üzrə dəyişir: koronavirus pandemiyası, ardınca beynəlxalq siyasi böhran yaradan Ukrayna müharibəsi və geosiyasi qarşıdurma qiymətlərin arzuolunmaz sürətlə artmasını şərtləndirən amillərdir.

Başqa ölkələrlə müqayisədə Azərbaycanın üstünlüyü ondan ibrətdir ki, biz neftimizin hesabına dizel və Aİ-92 markalı benzini özümüz istehsal edirik. Bu imkan verir ki, yanacağın bu növünün qiyməti sabit saxlanılsın. Məhz bu amilə görə Azərbaycan dünyada yanacağın ən ucuz qiymətin olduğu ölkələrdəndir.

Lakin eyni halı Aİ-95 (Premum) markalı benzinə şamil etmək mümkün deyil və dünyada mövcud vəziyyət fonunda “Aİ-95 markalı benzinin qiyməti qalxa bilərmi” sualı aktuallaşır.

Birincisi, Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur, xaricdən alınır;

İkincisi, bu maraklı benzinin qiyməti xarici bazarlardakı dinamikaya bağlıdır, eləcə də nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir: nəqliyyat xərcləri də dünyanın siyasi-iqtisadi mənzərəsinə görə müəyyənləşir, misal üçün, pandemiya və mövcud geosiyasi qarşıdurma fonunda bu xərclərdə də artım müşahidə edilir;

Üçüncüsü, dünya bazarında Aİ-95 markalı benzinin qiyməti yüksək templə artır, hətta böyük neft istehsalçısı olan ölkələrdə belə artım əvvəlki illərlə müqayisədə rekord həddədir.

Bu mənzərə fonunda Azərbaycanda da xarici bazardakı vəziyyətdən asılı olaraq, Aİ-95 markalı benzinin qiymətinin məcburi şəkildə artacağı perspektivi ortaya çıxır.

Azərbaycanda dövlət siyasəti maksimum şəkildə qiymət artımının qarşısını almağa hesablanıb. Misal üçün, 2020-ci ilin fevral-may ayları arasında Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1,50 AZN/litrdən 1,10 AZN/litrə qədər azaldılıb. Hazırki vəziyyət isə fərqlidir, xüsusilə idxal qiymətlərinə təsir göstərən ən böyük faktor ötən ildən etibarən neft qiymətlərinin dünya bazarlarında kəskin artımıdır: dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124 faiz, ötən 1 ildə isə 68 faiz artıb;

2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzin 1,60 AZN/litr-dən satılır. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7 faiz vəya 0,10 AZN çoxdur. Hazırda dünyada Aİ-95 markalı benzinin orta satış qiyməti 1,47$/litr təşkil edir.

Gürcüstanda Aİ-95 benzinin qiyməti 1,348$/litr, Ermənistanda 1,274$/litr, Türkiyədə 1,506$/litr, Rusiyada isə 0,962$/litr təşkil edir.

Azərbaycanda isə Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2,5 dəfə aşağıdır.

2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neft qiymətləri təqribən 65 faiz artsa da, Azərbaycanda analoji markalı benzinin qiyməti stabil olaraq qalıb. Müqayisə üçün qeyd edək ki, Türkiyədə 2021-ci ilin setyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2 faiz artıb.

2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə isə 51,7 faiz artıb.

Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7 faiz artaraq 1,33$/litrə yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir.

2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 oktan benzinin satış qiyməti müvafiq olaraq 22,7 faiz və 25,3 faiz artıb.

Azərbaycana Aİ-95 və Aİ-98 oktan benzin Xəzəryanı və Avropa ölkələrindən idxal edilir. Hazırda Aİ-95 və Aİ-98 markalı benzinin idxal qiymətləri pərakəndə satış qiymətlərindən daha yüksəkdir.

Mümkün qiymət artımı əhalinin sosial rifahına təsir edəcəkmi?

Cəmiyyət həmişə bu sualı ön plana çıxarır. O baxımdan, bunun aydınlaşdırılması zərurəti var.

Əhalinin sosial müdafiəsi nəzərə alınaraq, idxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq uzun zamandır təchizatçılar tərəfindən qarşılanır. Ancaq dünya bazarında neft qiymətlərinin, habelə qlobal inflyasiyanın yüksəlməsi fonunda daşıma xərclərinin artması idxal maliyyətlərinin yüksəlməsinə, nəticədə təchizatçıların bu istiqamətdə yükünün artmasına səbəb olur.

Hazırda ölkədə istehlak olunan benzinin növlərinə görə bölgü aşağıdakı kimidir: “Aİ-92” - 91.0 faiz, “Aİ-95” - 8.8 faiz, “A-98” - 0.2 faiz;

Ümumilikdə ölkə üzrə yanacaq istehlakının 9 faizini Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Başqa sözlə, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən istifadə edir.

Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunduğu üçün, bu növ yancaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir.

Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq, Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır.

Azərbaycanda dizelin pərakəndə satış qiyməti dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin orta satış qiyməti 1,43$/litr təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir.

Müqayisə üçün qeyd:

- Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 faiz, Rusiyadan 102 faiz, Gürcüstandan 236 faiz, Türkiyədən isə 238 faiz daha ucuzdur;

- 2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb;

- 2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4 faiz, Türkiyədə 57,8 faiz, Gürcüstanda 59,8 faiz, Rusiyada isə təqribən 70 faiz artıb;

Rəqəmlər də sübut edir ki, mümkün qiymət artımı sosial rifaha təsir etməyəcək. Çünki əhalinin əksər hissəsi Aİ-92 markalı benzindən istifadə edir və bu benzin nözü daxili istehsal hesabına təmin olunduğu üçün stabil qiymətdə saxlanılır. Azərbaycan dövləti indiyə qədər Aİ-95 markalı benzinin də qiymətini də stabil saxlamaq istiqamətində mühüm addımlar atıb, indi dünyadakı vəziyyət artımı şərtləndirsə belə, digər ölkələrlə müqayisədə artım aşağı olacaq.

VACİB QEYD: Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurulması layihəsi çərçivəsində cari ildə Avro-5 standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı nəzərdə tutulur.

Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona yüksələcək.

Bu, qiymətlərin tənzimlənməsi üçün əhəmiyyətli addımlardan biridir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm