Husilərin enerji bazarına təhdidi: Azərbaycana necə təsir edəcək?
Bizi izləyin

Enerji

Husilərin enerji bazarına təhdidi: Azərbaycana necə təsir edəcək?

Qırmızı dənizdə husilərin gəmilərə hücumları enerji bazarını təhdid edir. Ərəb dünyası və Aralıq dənizi qlobal ticarətin 12 faizinin keçdiyi Süveyş kanalı ilə birlikdə böyük böhranla üz-üzədir. ABŞ orada əməliyyat keçirməyi planlaşdırır. Buradakı böhranın qlobal səviyyəyə qalxması enerji bazarına – neftin qiymətinə təsir edir. Bu da iqtisadiyyatımız üçün çox önəmli faktorlardan biridir.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Publika.az-a açıqlama verib.

O qeyd edib ki, son günlər neftin dünya bazarındakı qiymətində artımlar müşahidə olunmaqdadır:

“Təbii ki, neftin dünya bazar qiymətinə siyasi faktorlar təsir göstərir. Əgər Yaxın Şərqdə və eləcə də Qırmızı dənizdə yenidən gərginlik yaranarsa, bu neftin dünya bazar qiymətində yeni artımlar müşahidə edilə bilər. Ümumiyyətlə, Yaxın Şərqdə istənilən gərginlik, bütövlükdə neftin dünya bazar qiymətinə təsir göstərir və qiymətdə artımlar müşahidə olunur. Ona görə də bir tərəfdən tələbin 2024-cü ildə optimallaşacağı gözlənilir, çünki praktik olaraq dünya bazarında da tələbin optimallaşdırılması davam edir. Digər tərəfdən isə siyasi faktorlar neftin qiymətinə birbaşa təsir göstərir. Ona görə, əgər bütün bunlar baş verərsə neftin dünya bazarında qiyməti artacaq. Çünki nəticə etibarilə neftin bazara çıxarılmasında çətinliklərin və maneələrin yarana bilməsi ehtimalı deməkdir”.

Neft və təbii qazın qiyməti bir çox amillərdən asılıdır. Ən mühüm amillərdən biri də geosiyasi faktordur. Körfəzə yaxın coğrafiya olduğu üçün xüsusilə İsrail-Həmas qarşıdurması vəziyyətində bölgəyə yayılma və İrana yayılma ehtimalı var.

”.

Deputat əlavə edib ki, neftin dünya bazar qiyməti Azərbaycan üçün vacib faktorlardan biridir:

“Əgər qiyməti artarsa, ölkəyə daha çox valyutanın daxil olmasına gətirib çıxara bilər. İl ərzində neftin dünya bazar qiymətinin proqnozdan hər barel üçün 10 dollar artıq olması ümumiyyətlə, Azərbaycan iqtisadiyyatına iki milyard manata yaxın gəlir deməkdir. Amma sözsüz, qiymətdə azalmalar olarsa, həm də ölkəyə daxil olan valyuta həcminin azalmasına gətirib çıxaracaq. Mövcud valyutaya baxsaq indiki halda ölkəyə daxil olan neftin bazar qiyməti Azərbaycana stabil valyutanın daxil olmasına imkan yaradır”.

Yaxın Şərq coğrafiyası dünyanın məlum neft ehtiyatlarının 50 faizini təşkil edir. Gündə təxminən 6,8 milyon barel neft və məhsul Babul Məndeb boğazından keçərək Qırmızı dənizə daxil olur. Husilər ABŞ və müttəfiqlərini hədələyir. Onlar təkcə neft deyil, başqa malları da daşıyan gəmiləri dayandırırlar. Bu da, yükdaşıma xərclərini artırır.

Neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bütün bu proseslər neftin qiymətinə təsir edib:

“Ona görə ki, Qırmızı dənizdə hüsilərlə Qərb şirkətlərinin nəqletmə sahəsində yaşanan problem hələ də həllini tapmayıb. Bu isə bazarları gərginlik altında saxlayır. Çünki yarıdan çox gəmilər, o cümlədən tankerlər əlavə olaraq Afrika ətrafında 9 min km məsafə qət etməlidirlər. Nəticə olaraq artıq neftin qiyməti 80 dolları keçib. Bundan əvvəl isə Brent markalı neftin qiyməti 75-76 dollara idi”.

OPEC+ ölkələri neftin qiymətini artırmaq üçün ixtisar edirlər. Rusiya gündəlik 500 min barel, Səudiyyə Ərəbistanı isə 1 milyon barel azaltmağı hədəfləyir. Buna münaqişənin genişlənəcəyi təqdirdə onsuz da təzyiq altında olan İranın hasilatının daha da məhdudlaşdırılacağı və ya gündə 21 milyon barel ixracı təmin edən Hörmüz boğazının bağlanacağı ehtimalını əlavə etsək, görərik ki, orada da ciddi risk var. Qiymət artımı demək olar ki, tamamilə xarici neft və qazdan asılı olan Türkiyəyə çox mənfi təsir göstərəcək.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm