Deputat: “Prezidentin bu addımları insanların rifahının yüksəldilməsinə yönəldilib”
Bizi izləyin

İqtisadi gündəm

Deputat: “Prezidentin bu addımları insanların rifahının yüksəldilməsinə yönəldilib”

“Bu nisbəti 2 faizədək yüksəldərək yaranmış əlavə vəsaitin digər sahələrə, o cümlədən inşaat-tikinti sektoruna yönəltmək olar”

“Büdcə zərfi hazırlanarkən hökumət tərəfindən büdcənin gəlirlərinin real vəziyyətinə uyğun olaraq bütövlükdə sosialyönümlü büdcə xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılması diqqətdə saxlanılıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Ağalar Vəliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, yeni büdcə layihəsində mövcud makroiqtisadi mühitdə ölkənin uzunmüddətli dayanıqlı sosial-iqtisadi tərəqqisinin, regionların, ayrı-ayrı sahələrin, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət və digər sahələrin inkişafının maliyyə təminatı da planlaşdırılıb: “Valyuta məzənnəsinin tənzimlənməsi ilə yanaşı əvvəlki ilə nisbətən qarşıdakı ildə ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər sferalara yönələn əsaslı xərclər artırılıb. 2016-cı ildə manatın xarici valyutalara nisbətən ucuzlaşması nəticəsində ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və devalvasiyanın nəticələrinin yumşaldılması məqsədilə artırılmış əməkhaqlarının maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub”.

A.Vəliyev qeyd edib ki, dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 2015-ci illə müqayisədə 5,7 faiz çox vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 4,6 faiz artım deməkdir: “Dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 31,4 faiz təşkil edəcəkdir ki, bu da 2016-cı illə müqayisədə 6,5 faiz çoxdur. Bütün bunlarla yanaşı, onu da vurğulayım ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin proqnoz göstəricisindən 61,5 faiz azdır, büdcə kəsirinin ÜDM-ə nisbəti isə 1,1 faiz səviyyəsində gözlənilir”.

Deputat söyləyib ki, bir çox ölkələr dövlət büdcələrini kəsirlə planlaşdırırlar: “Dünyanın əksər dövlətlərində büdcə kəsirləri qat-qat çoxdur və bu heç bir narahatçılıq doğurmur. Çünki inkişaf üçün dövlət büdcələrində kəsirin nəzərə alınması artıq qəbul edilmiş norma hesab olunur. Bu baxımdan hesab edirəm ki, biz də öz növbəmizdə, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətini 3 faizdən artıq olmamaqla planlaşdıra, bununla da müəyyən qədər iqtisadi fəallığın artırılmasına nail ola bilərik. Bu nisbəti 2 faizədək yüksəldərək yaranmış əlavə vəsaitin digər sahələrə, o cümlədən inşaat-tikinti sektoruna yönəltmək olar”.

M.Xəlilov bildirib ki, tikinti sektorunun inkişaf səviyyəsi dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir: “Azərbaycanda inşaat sektorunun inkişafı bütövlüklə ölkənin sosial-iqtisadi tərəqqisinə yönəlmiş planlı və ardıcıl islahatların nəticəsidir. Cənab Prezidentin son dövrlər imzaladığı sərəncam və fərmanlar ölkədə iqtisadi fəallığın artırılmasına və insanların rifahının yüksəldilməsinə yönəldilib. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını və ipoteka kreditlərinin yeni şərtlərlə verilməsinin nəzərdə tutulmasını bu qəbildən olan tədbirlər sırasına daxil etmək olar. Bütün bunlar isə son nəticədə tikinti sektorunun canlandırılmasına istiqamətləndirilib. Bildiyimiz kimi məşğulluq probleminin həll yollarından biri də tikinti sektorunun inkişaf etdirilməsidir. Hazırda inşaat sektorunda 90 mindən çox insan çalışır. Dövlət büdcəsinin proqnoz göstəricisinə görə 2017-ci ildə dövlət xətti ilə tikintiyə 2,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da 2015-ci ilin icra göstəricisi olan 4,9 milyard manatla müqayisədə təxminən 2 dəfə azdır. Hesab edirəm ki, bu vəsaiti artırmaqla yaranmış vəziyyəti nisbətən yumşaltmaq mümkündür. Heç şübhəsiz ki, burada sosial mənzil tikintisi və ipoteka kreditini də diqqətdən kənarda qoymaq olmaz. Bir sözlə, inşaat-tikinti sektorunda canlanma hər şeydən əvvəl yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma və insanların rifah halının yüksəldilməsi deməkdir”.

Deputat əlavə edib ki, Azərbaycanın büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına yönələcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm