“Azərbaycan 2017-ci ildə qarşıya qoyulan hədəflərə nail oldu” - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

“Azərbaycan 2017-ci ildə qarşıya qoyulan hədəflərə nail oldu” - ŞƏRH

“2015-2016-cı illərdə neftin qiymətindəki azalma ilə əlaqədar dünya iqtisadiyyatında çətinliklər mövcud oldu. Nəticə etibarilə, Azərbaycanın dövlət gəlirlərində azalmalar müşahidə olundu. Bu baxımdan 2017-ci il bir tərəfdən iqtisadi stabilliyin, digər tərəfdən isə “Strateji yol xəritə”nin ilk icra ili olduğu üçün makroiqtisadi stabilliyin əldə olunmasına ehtiyac var idi”.

Publika.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2017-ci ildə əsas hədəf makroiqtisadi stabilliyə nail olmaq idi. V. Bayramov Azərbaycanın bu hədəfə nail olduğunu bildirib:

“Bir tərəfdən manatın məzənnəsi stabil qaldı, digər tərəfdən isə makroiqtisadi göstəricilərdə artım qeydə alındı. Makroiqtisadi göstəricilərlə bağlı isə iki əhəmiyyətli məqamı xüsusilə qeyd etmək lazımdır. Bunlardan birincisi, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldo təşkil etməsidir. 2017-ci ildə Azərbaycanın ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil edib. İkincisi isə istər neft, istərsə də qeyri-neft sektorunda ixracın artmasıdır. 2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb. Qeyri-neft sektorunda ixracın artması iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacib məqamlardan biridir”.

Müsahibimizin qeyd edib ki, 2017-ci ilin makroiqtisadi göstəricilərindən danışarkən, Azərbaycanın valyuta ehtiyatlarının artmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatdığını deyən iqtisadçı ekspert qeyd edir ki, neftin dünya bazarındakı qiymətlərini nəzərə alsaq, strateji valyuta ehtiyatlarının artımının davam etmə imkanları var. Müsahibimizin sözlərinə görə, 2018-ci ilin əsas hədəflərindən biri də strateji valyuta ehtiyatlarının artırmaq və beynəlxalq əhəmiyyətini qoruyub saxlamaqdır.

2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu diqqətə çatdıran İSİM rəhbəri xarici investorların da Azərbaycana vəsait qoymaqda maraqlı olduqlarını vurğulayıb. 2018-ci ildə də ən azı ötən ildəki səviyyədə xarici sərmayənin cəlb edilməsinin nəzərdə tutulduğunu deyən iqtisadçı ekspert qeyd edib ki, bu, innovasiyanın cəlb olunması və real sektorun canlandırılması baxımından da vacib məqamdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm