PMI Azerbaijan Chapter ölkəmizdə fəaliyyətə başlayır - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

PMI Azerbaijan Chapter ölkəmizdə fəaliyyətə başlayır - FOTOLAR

Layihələri idarəetmə institutunun (PMI Azerbaijan Chapter) Azərbaycan bölməsi bu ildən etibarən fəaliyyətə başlayacaqdır. Əsas məqsədi layihələrin idarə edilməsi sahəsində beynəlxalq təcrübənin, bilik və bacarıqların ötürülməsi olan bu qeyri-kommersiya təşkilatı CAPM, PMP и PgMP kimi sertifikatlaşdırma proqramları vasitəsilə adıçəkilən istiqamətdə peşəkarlar hazırlamağı planlaşdırır.

Başlıca strukturu Amerikanın Layihə İdarəetmə İnstitutu (Project Management Institute) olan bu təşkilat Con Kİnq, J.Jordon, Devis, Süzan Qalaher, Erik Cenet, Ceyms Steder və Ned Enqman kimi təşəbbüskarlar qrupu tərəfindən 1969-cu ildə təsis edilmişdir. İnstitut ilkin və rəsmi olaraq qeyri-kommersiya təşkilatı kimi yaradılmış, sonradan isə 1981-ci ildə biznes-liqa statusunu almışdır. PMI-nin fəaliyyəti dövründə əlamətdar tarixlərdən biri də 1984-cü il olmuşdur ki, bu ildə Filadelfiyadakı illik seminar-simpoziumda birinci sertifikatlaşdırılmış imtahan keçirilmişdir. Məhz bu andan etibarən PMI yeni fəaliyyət dövrünə qədəm qoymuşdur. PMI layihələrin idarə edilməsinə aid məşhur The Guide to the PMBOK (Project Management Body Of Knowledge) standartını işləyib hazırlamış və aktiv şəkildə tətbiq etməkdədir. İlkin olaraq Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən ABŞ-ın Milli Standartı (ANS) qismində qəbul edilmiş bu standart sonradan dünya səviyyəsində qəbul edilmişdir. PMI təxminən 4 ildə bir dəfə olmaqla öz PMBOK standartını yeniləyir, standartın ən geniş yayılmış redaksiyası isə 2000-ci illərə təsadüf edir. Bu gün standartın aktual versiyası 2017-ci ilin IV rübündə işıq üzü görmüş “The Guide to the PMBOK 6-th Edition”- bələdçi kitabçasıdır. Bununla yanaşı, 2004-cü ildə İnstitut təşkilatın layihələri idarəetmə sahəsində yetişkənlik səviyyəsinin qiymətləndirilməsi standartını OPM3 (Organization Project Management Maturity Mode), yəni təşkilatda layihələrin idarəetmə vəziyyətinin təyin edilməsi metodologiyasını dərc etmişdir.

PMI artıq bir neçə onilliklər ərzində müxtəlif ölkələrdə layihə menecmentinin təbliği, genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərir. PMI layihə menecmenti standartlarını işləyib hazırlayır və bütün dünyada yerli bölmələrdə (Chapters) təlimlərin təşkil edilməsi yolu ilə mütəxəssislərin ixtisasını artırır. Qeydiyyatdan keçmiş təlim provayderlərinin (R.E.P PMI) hesabına təlim proqramlarının yüksək keyfiyyəti hər zaman təmin olunur, çünki bu proqramlar layihə menecmenti standartlarına və layihə menecerinin etik kodeksinə uyğunluq baxımından mütəmadi olaraq yoxlanılır.

Hazırda PMI-nin dünyanın 200-dən çox ölkəsində 700000 yaxın üzvü vardır. Azərbaycanda 100-yə yaxın sertifikatlaşdırılmış peşəkar vardır. Onlar Layihə İdarəetmə İnstitutunun Azərbaycan bölməsinin potensial üzvləridir.

PMI Azerbaijan Chapter idarə heyətinin sədri, Azercell Telekom şirkətinin Müştəri Bağlılığı mərkəzinin aparıcı mütəxəssisi Emil İsmayılxanov PMI Azerbaijan Chapter-in qarşıya qoyduğu məqsədlər barədə danışır.

- Nə üçün PMI Azerbaijan Chapter bir neçə il öncə ölkəmizdə fəaliyyətə başlamamışdır? Axı, PMI-nin Moskva bölməsi artıq 20 ildir fəaliyyət göstərir.

- PMI-nin regional bölməsinin yaradılması olduqca əziyyətli, mürəkkəb və əmək tələb edən prosesdir. Biz təkcə sənədlərin hazırlanmasına və PMI ilə danışıqların aparılmasına iki il sərf etdik. İnstitutun tələblərinə görə, fəaliyyətə dair üç illik müfəssəl biznes-plan təqdim olunmalıdır. Lakin PMI ilə münasibətlərimizin xronologiyasına nəzər yetirsək görərik ki, biz PMI Azerbaijan Chapter bölməsinin təsis edilməsi təklifi ilə əlaqədar təşkilata 2010-cu ildən başlayaraq üç dəfə müraciət etmişik. Əvvəlki cəhdləri reallaşdırmaq mümkün olmamışdır, çünki Azərbaycan layihə menecerləri cəmiyyəti PMI-nin bir sıra tələblərini, misal üçün, PMP səviyyəsində azı 25 sertifikatlaşdırılmış üzvün olmasına dair tələbi yerinə yetirmək iqtidarında olmamışdır. 2016-cı ildə irəli sürdüyümüz təşəbbüsü mən və PMI Azerbaijan Chapter idarə heyətinin daha 5 üzvü, öz işinin peşakarları olan Nərgiz İsmayılova, İradə Süleymanova, Nigar Cəfərova, Elçin Məmmədov və Vüqar Namazov finala qədər irəliləməyə nail olduq. 4 may 2018-ci ildə Berlində PMI ilə imzaladığımız müqaviləyə görə Azərbaycan rəsmi olaraq PMI Azerbaijan Potential Chapter statusunu əldə etdi. Hazırda yalnız qeydiyyatdan keçmək məsələsi gündəmdə durur.

- PMI Azerbaijan Chapter yerli bazara nə verəcək?

- Bu status layihə menecmenti sahəsində çalışan peşəkarlara sertifikatlaşmanı bilavasitə Azərbaycanda keçməyə imkan verəcəkdir. Eyni zamanda biz layihə menecerləri cəmiyyətini inkişaf etdirməyi, bu istiqaməti populyarlaşdıraraq yerli bazara dünya standartlarını gətirməyi, informasiyanı bölüşməyi, müxtəlif mövzularda konfrans və seminarlar keçirməyi planlaşdırırıq. Misal üçün, biz artıq WoWoman Azerbaijan layihəsi ilə bu istiqamətdə birgə fəaliyyətə başlamışıq. Bu layihənin qadın iştirakçıları üçün PMI Azerbaijan Chapter İdarə heyətinin üzvü Nərgiz İsmayılova tərəfindən layihə menecmenti üzrə təlimlər keçirilir. Təşəbbüsün məqsədi layihə meneceri sahəsinə gənc xanımların cəlb edilməsi və onların bacarıqlarının yüksəldilməsindən ibarətdir. Məlumdur ki, Azərbaycanda layihə menecmenti sahəsində çalışan mütəxəssislərin əksəriyyəti müstəqil şəkildə təlim keçməklə bu sahə ilə bağlı bilik və bacarıqlara sahib olur, və bu halda sertifikasiya imtahanlarının verilməsi zərurətindən heç də düşünmür. Azərbaycanda PMP sertifikatlarına malik olan mütəxəssislərinin sayının artırılması isə əsas məqsədimizdir, çünki bu gün onların ölkədə rəsmi sayı cəmi 100 nəfərdir, onlardan 30-u xaricidir, 30 həmvətənimiz isə artıq xaricdə işləyir.

Bununla yanaşı, biz bu yay “Project Management in Schools” (Məktəblərdə Layihə İdarə Etmə) layihəsinə start vermək niyyətindəyik. PMI-də mövcud olan təhsil layihələrinə dəstək fondu çərçivəsində müxtəlif təlim proqramları hazırlanır və pulsuz olaraq yerli nümayəndələrə təqdim olunur. Biz uşaqları layihə menecmenti sahəsinin əsasları ilə ibtidai sinifdən tanış etməyi, mümkün olarsa gələcəkdə məktəblərdə layihə menecmenti üzrə dərslərin proqramını tərtib etməyi planlaşdırırıq. Belə proqramlar artıq bəzi ölkələrdə, misal üçün, Türkiyədə artıq tətbiq olunur. Biz də həmin proqramı məhz PMI-nin Türkiyə nümayəndəliyi ilə birgə inkişaf etdirməyi nəzərdə tutmuşuq. Dərslər olduqca maraqlıdır və qeymifikasiya elementlərini özündə cəmləşdirir. Nəticədə uşaqlar digər fənləri 50% daha yaxşı mənimsəyir, və onların davamiyyəti xeyli artır.

PMI Azerbaijan Chapter-in uzunmüddətli perspektivə hesablanan planları da var. Misal üçün, “Government Extension to the PMBOK” standartlarına xüsusi əlavənin tətbiqi dövlət səviyyəsində layihə idarəçiliyinə dair dəqiq təlimatların təqdim edilməsinə səbəb olacaqdır. Bu yanaşma hazırda bir çox ölkələrdə tətbiq olunmaqla, büdcə vəsaitlərinə xeyli qənaət edilməsi, vəsaitlərin düzgün bölüşdürülməsi və əhalinin dövlət islahatlarına loyallığının artması ilə xarakterizə olunur.

Bundan başqa, layihə idarə edilməsi sahəsində milli dildəki ədəbiyyatla bağlı mövcud vəziyyət bizi çox narahat edir. Milli dildə ədəbiyyat, təəsüflər olsun ki, hələ mövcud deyildir. Bu sahəyə aid standartlaşdırılmış termonologiya da yoxdur. Biz artıq PMI nəşrlərinin tərcümə edilməsi bağlı məqamların müzakirəsinə başlamışıq və büdcəni dəqiqləşdiririk. Bu olduqca geniş həcmli işdir və hesab edirəm ki, biz bu il olmasa da, 2019-cu ildə mütəxəssislər birliyi və sponsorların dəstəyi ilə qeyd olunan ideyanı mütləq həyata keçirəcəyik.

- PMP sertifikatlaşmasını keçmək üçün tələblər nə qədər ciddidir?

- PMP sertifikatını almaq üçün layihə meneceri sahəsində 7500 saat çalışmaq lazımdır. Namizədin ali təhsilə malik olması çox müsbət amil kimi qiymətləndirilir, bunun sayəsində iş saatlarının miqdarına dair tələb 4500-ə qədər endirilir. 4 saatlıq imtahan müddətində siz 200 suala cavab verməlisiniz. Bu, həqiqətən də çətin imtahandır. İmtahan tələbləri ildən-ilə yüksəlir, amma Siz bu sahənin eksperti olsanız, bu, imtahan zaman böyük üstünlük hesab olunacaqdır. İmtahanda dörd cavab variantı təklif olunur, amma onların arasında yalnız bir düzgün cavab olmur. Bəzən iki və ya üç düzgün cavab arasında ən yaxşı variantı seçmək lazım gəlir. İmtahanda çoxsaylı praktiki suallar yer alır. Odur ki, real iş təcrübəsi olmadan imtahanı vermək çox çətin olacaqdır. Sizə il ərzində üç dəfə imtahan vermək şansı təqdim olunur, lakin fikrimcə, imtahanı ilk dəfədən vermək daha yaxşıdır. PMP sertifikatı üç il qüvvədədir və əgər siz PMP sertifikatının statusunu dəstəkləmək üçün həmin müddət ərzində 60 və daha çox PDU toplasanız (planlaşdırılmış və strukturlaşdırılmış tədris prosesində və fəaliyyətdə peşəkar inkişaf saatları – red.qeydi), onda sertifikatın etibarlıq müddəti avtomatik olaraq növbəti 3 ilə uzadılır. Bu isə, layihə idarə edilməsinə aid yeni kitabların oxunması, treninq və seminarlarda iştirak və çıxışlar, peşəkarlar birliyi ilə qarşılıqlı əlaqə sayəsində ixtisas və təcrübənin artırılması deməkdir. Belə ki, illik olaraq keçirilən PMI Global Congress iştirakçıları 16-dan 30-dək və daha çox PDU qazanmaq imkanı əldə edirlər.

Bir sıra bacarıqlara, xüsusilə də insanlarla qarşılıqlı əlaqə və ünsiyyət məsələlərində səriştəyə malik olmaq vacibdir, axı layihə menecerinin işinin 90% məhz əlaqə və ünsiyyətdən ibarətdir. Peşəkar maliyyə məsələlərindən məlumatlı olmalı, çünki o, büdcəni, HR-xidmətinin heyətini idarə etməli, layihəni icra etmək üçün insanları cəlb etməli və onları həvəsləndirməli, həmçinin IT-hissəni, satınalmaların həyata keçirilməsi məqamlarını və digər məsələləri bilməlidir. Bütün işlər praktiki olaraq onun tərəfindən idarə olunmalı və nəzarət edilməli, istənilən layihədə ümumi vəziyyətə müvafiq yanaşmalar olmalıdır. Bu sahənin mütəxəssisi, əlbəttə ki, peşəkar hüquqşünas və ya maliyyəçi olmaya bilər, lakin bu sahələrdə minimal bilikləri olmalıdır.

Bu proses dünyada adətən necə cərəyan edir? Məsələn, ali təhsil müəssisələrinin tələbələri CAPM sertifikatını almaqla başlaya bilərlər. Bu ilkin sertifikat layihələrin idarə edilməsi üzrə xidmətlər göstərən, lakin kifayət qədər praktiki təcrübəsi olmayan peşəkarlar üçün nəzərdə tutulub. Lokal PMI Chapter bu və ya digər ali təhsil müəssisəsi ilə qabaqcadan əldə olunan razılaşmaya əsasən imtahanlara pulsuz hazırlıq kursları təşkil edir, ali təhsil müəssisələri isə imtahanın verilməsini təşkil edirlər. İmtahanın nəticələrinə görə tələbələr bu nüfuzlu sertifikatın sahibləri olurlar. İşəgötürən-şirkətlərdə bu cür sertifikatın alınması layihələr üzrə menecerin ilk səviyyəsi kimi qəbul olunur. Bu o deməkdir ki, namizəd layihə menecmenti ilə bağlı baza biliklərə malikdir, ona hər hansısa start layihələri problemsiz həvalə etmək olar və ya o, PMP sertifikatının sahibinə ixtisaslaşmış yardım göstərə bilər. Hadisələr belə cərəyan etdikdə, bu insan layihələr üzrə peşəkar menecer kimi formalaşaraq, adıçəkilən sahədə üç il işlədikdən sonra PMP sertifikatlaşmasını keçəcəkdir. Yeri gəlmişkən qeyd edək ki, biz artıq bir sıra ali təhsil müəssisələrinin rəhbərləri görüşmüş və əməkdaşlıq məsələlərini müzakirə etmişik. Onlar bu təşəbbüsə böyük maraq ifadə edərək, PMBOK-un Azərbaycan dilinə tərcümə edilməsində iştirak etməyi təklif etdilər. Bizim peşəkarlardan ibarət komandamız təqdim olunan PMI biliklərinə yiyələnmək istəyən hər kəsə dəstək göstərməyə hazırdır. Sual və təkliflərlə əlaqədar [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlamaq olar.

- PMP sertifikatı olan peşəkarın orta əmək haqqı, misal üçün, ABŞ-da ildə 100 min dollardan çoxdur. Azərbaycanda bu məsələ nə vəziyyətdədir?

- PMI hər il bütün dünyada sorğu aparır və hər ölkə üzrə ətraflı məlumat təqdim edir. İnstitutun üzvləri olan peşəkarların bu məlumata çıxışı vardır. Azərbaycan üzrə belə məlumat təəssüf ki, mövcud deyildir. Bu gün ciddi qlobal dəyişikliklər baş verir və bizim şirkətlər artıq layihə menecerlərinin işinin qiymətləndirilməsinə peşəkarcasına yanaşmağa başlayırlar. Odur ki, bu sahədə yüksək məvaciblərin bizim də ölkəmizdə olacağını istisna etmirəm.

- Yaxın illərdə Azərbaycan iqtisadiyyatının hansı sahələrində layihə menecmentinə kəskin maraq artacağını gözləmək olar?

- Düşünürəm ki, istisnasız olaraq bütün sahələrdə. Bu gün layihə menecmentinə olan tələbat özünü daha çox telekommunikasiya sahəsində büruzə verir. Misal üçün, hazırda Azercell Telecom şirkətində Project Management Office 100-ə yaxın layihənin idarə edilməsini həyata keçirərək, bu layihələrdən hansıların prioritet olduğunu, hansıların isə daha əlverişli zamana təxirə salınacağını müəyyən edir. Belə layihələrin sırasına operator tərəfindən müxtəlif kampaniyaların keçirilməsi, abunəçilərə yeni xidmətlərin göstərilməsi, yeni proqram təminatının hazırlanması və s. aiddir. Şirkət daxilində bütün layihələr PMBOK uyğun olaraq idarə olunur ki, bu da zamana, insan resurslarına və şirkətin büdcəsinə xeyli qənaət etməyə imkan verir. Bununla yanaşı, Azercell Telecom şirkətinin əməkdaşları üçün 2013-cü ildən etibarən layihələrin idarə olunması üzrə müntəzəm təlimlər keçirilir, digər şirkətlərin əməkdaşları üçün isə Azercell Academy-da kurslar təşkil olunur.

Project Management Office digər şirkətlərdə də yaradılır, amma onlara layihələrin idarə edilməsi məsələlərində daha çox səlahiyyətlər verilməli, həmçinin Azercell Telecom şirkətində geniş istifadə olunan Agile-metodologiyaları tətbiq olunmalıdır. Neftə olan marağın zəifləməsi və alternativ enerji mənbələrinə keçid fonunda şirkətlər də öz siyasətində dəyişikliklər etməlidirlər. Belə şəraitdə rəqabət aparmaq üçün yeni texnologiyalar və işə fərqli yanaşmalar tətbiq olunmalıdır. Hesab edirəm ki, biznesin transformasiyası prosesinin real nəticələrini əldə etmək üçün Azərbaycanda layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış menecerlərin digər mütəxəssislərə olan nisbəti azı 1:1000 təşkil etməlidir. Ona görə də PMI Azerbaijan Chapter-in fəaliyyəti ilk növbədə mütəxəssislər birliyinin daxilində əlaqələrin tənzimlənməsinə, bu birliyə yeni üzvlərin cəlb edilməsinə, ona yeni yüksəldici impulsun verilməsinə yönəldiləcəkdir. Mən çox şadam ki, bu gün bizə bu məsələlərdə ASAN, SOCAR, PAŞA Bank və digər şirkətlərin mütəxəssisələri ciddi dəstək göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm