"Azərbaycan bu təşkilata üzv olmasa, məhsullarımız..." - Tanınmış ekspertdən ANALİZ
Bizi izləyin

İqtisadi gündəm

"Azərbaycan bu təşkilata üzv olmasa, məhsullarımız..." - Tanınmış ekspertdən ANALİZ

“Azərbaycan ÜTT-ə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq”.

Publika.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, yeni struktur üçün mühüm addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır: Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparsa da, 22 illik danışıqların nəticəsi hələ də yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlər izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?”

Qeyd edək ki, prezident İlham Əliyev bir neçə gün öncəki çıxışında bildirmişdi ki, Azərbaycanın uğurlu dayanıqlı iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməli, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox işlər görülməli, investisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm