Beynəlxalq Fond azərbaycanlı girovlarla bağlı bəyanat yaydı
Bizi izləyin

İqtisadi gündəm

Beynəlxalq Fond azərbaycanlı girovlarla bağlı bəyanat yaydı

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb.

ANS PRESS-in məlumaatına görə, bəyanatda Dilqəm Əsgərov və Şahbaz Quliyevin 2014-cü ilin iyulunda saxlanılması və mühakimə edilməsi öz əksini tapıb.

Bəyanatın mətni ATƏT-in Minsk qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara göndərilib. Bəyanatda deyilir:

"Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması gedişini diqqətlə izləyən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu təəssüflə qeyd edir ki, ötən 2014-cü il münaqişənin nizama salınması və onun məlum, o cümlədən humanitar nəticələrinin aradan qaldırılması baxımından dönüş ili olmayıb.

Beynəlxalq Fond 2014-cü ilin iyulunda baş vermiş və münaqişənin gedişində siyasi-təbliğatı maraqlar məqsədilə insan faciəsindən necə istifadə olunduğunu bir daha təsdiqləyən hadisəyə diqqət yetirilməsini zəruri hesab edir. Təşkilat xatırladır ki, işğal olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etmək qərarına gəlmiş üç azərbaycanlı vətəndaş 2014-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.

Müxtəlif işgəncələrə məruz qalmış bu vətəndaşlardan biri – Həsən Həsənov həlak olub, digər iki nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz məhkəməyə cəlb ediliblər. Beynəlxalq Fond həmçinin xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib.

Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib. İşğal günündən 20 ildən artıq keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək siyasəti yeritdiyini təsdiqləyir.

20 ildən artıq müddət ərzində Ermənistan azərbaycanlı köçkünlərdən heç birinin işğal olunmuş bu ərazilərdə öz evlərinə qayıtmasına imkan verməyib. Azərbaycanın üç vətəndaşı ilə bağlı hadisə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində əsas insan hüquq və azadlıqlarının, beynəlxalq humanitar hüququn müvafiq müddəalarının necə ciddi şəkildə pozulduğunu bir daha təsdiqləyir.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, digər münaqişəli zonalarda, məsələn, Gürcüstan, Moldova və Ukrayna ərazisində fundamental insan azadlığı olan hərəkət azadlığının bu və ya digər dərəcədə təmin olunduğu bir zamanda Ermənistan-Azərbaycan münaqişəsi gedişində öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlılar hətta işğal olunmuş ərazilərdə ata-babalarının məzarlarını da ziyarət edə bilmirlər. Azərbaycanın üç vətəndaşı barəsində Ermənistanın hərəkətləri faşist Almaniyasının işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı yeritdiyi siyasəti xatırladır.

İkinci Dünya müharibəsi zamanı faşistlər işğal olunmuş ərazilərdə mülki şəxslərə qarşı hərbi məhkəmələr qururdular. Sırf formal xarakter daşıyan bu məhkəmələr nasist rəhbərlərin qabaqcadan çıxardıqları hökmləri həyata keçirirdi. Lakin İkinci Dünya müharibəsində faşistlər mülki əhalinin işğal olunmuş ərazilərdə yaşamasına imkan verdikləri halda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıb və vətəndaşların öz evlərinə qayıtmasına yol verməmək üçün qanunsuz məhkəmələr qurur. Beynəlxalq Fond D.Əsgərov və Ş.Quliyev ilə bağlı hadisələri müşahidə və təhlil edərək belə qənaətə gəlir ki, girov götürülmüş azərbaycanlılarla qeyri-insani və təhqiramiz rəftarın Ermənistan KİV-ləri vasitəsilə açıq nümayiş etdirilməsi, Ermənistanın rəsmi şəxslərinin girov saxlanılanlar adından bəyanatlar yayması və nəhayət, onlara qarşı nümayişkaranə şəkildə təşkil edilmiş “məhkəmə prosesləri” Ermənistanın məqsədyönlü siyasətidir.

Bundan başqa, Ermənistan regionda əlavə gərginlik yaranmasına nail olmağa çalışır, Ermənistandakı erməni əhalisi və işğal olunmuş Dağlıq Qarabağda yaşayan erməni icması arasında Azərbaycan xofunu gücləndirir. Ermənistan xüsusən vəziyyətin nizama salınması üçün faydalı təşəbbüslərin irəli sürüldüyü, məsələn, Fransa prezidenti tərəfindən daha geniş sülh sazişi layihəsinin hazırlanmasına başlamaq təklifinin verildiyi bir zamanda gərginlikdən sülh danışıqlarını çətinləşdirmək məqsədilə istifadə edir. Ermənistan rəhbərliyi ölkədə sosial-iqtisadi tənəzzülün davam etməsi və bununla əlaqədar Dağlıq Qarabağda öz işğalçı rejiminə maddi-maliyyə və hərbi yardım göstərilməsində yaranmış çətinliklər fonunda həm Ermənistandakı erməni cəmiyyətini, həm də Dağlıq Qarabağda yaşayan erməni icmasını öz ətrafında sıx birləşdirmək məqsədilə Azərbaycanofobiyanı gücləndirir.

Yuxarıda qeyd olunanlardan açıq-aydın görünür ki, münaqişə zonasında gərginliyin artmasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Beynəlxalq Fond ATƏT-in Minsk qrupu həmsədrlərinin, münaqişənin nizama salınmasına bu və ya digər dərəcədə cəlb edilmiş, yaxud onun humanitar tərəfləri ilə məşğul olan BMT, Aİ və ya Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi nüfuzlu beynəlxalq subyektlərin azərbaycanlı girovların azad edilməsi üçün heç bir təsirli tədbir görmədiyindən ciddi narahat olduğunu bildirir. Beynəlxalq Fond xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qəbul edilmiş 882-ci (1993), 853-cü (1993), 874-cü (1993) və 884-cü (1993) qətnamələrində ərazilərin əldə edilməsi üçün zor işlədilməsinin yolverilməz olduğunu qeyd edib, Baş Assambleya isə A/RES/62/243-cü qətnaməsində (2008) bildirib ki, dövlətlər Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni hesab etməməli, bu vəziyyətin saxlanmasına kömək, yaxud yardım göstərməməlidirlər.

Həmçinin nəzərdə tutulur ki, ATƏT-in Minsk qrupunun – BMT-nin verdiyi mandat əsasında bilavasitə münaqişənin aradan qaldırılması ilə məşğul olan qurumun həmsədrləri Ermənistanı qanunsuz hərəkətlərdən, o cümlədən insanları girov götürməkdən çəkindirmək üçün xüsusi məsuliyyət daşıyırlar. Regionda təhlükəsizliyin və sülhün bərqərar olmasına kömək göstərmək kimi xeyirxah niyyətləri olan Beynəlxalq Fond ATƏT-i, BMT-ni, Aİ-ni, Avropa Şurasını və BQXK-nı səlahiyyətlərinə və mandatına uyğun olaraq qanunsuz saxlanılmış D.Əsgərovun və Ş.Quliyevin Ermənistan tərəfindən azad edilməsi üçün təsirli tədbirlər görməyə çağırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm