İqtisadi gündəm
Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
Azərbaycanda pul kütləsində son bir ildə ciddi artım qeydə alınıb. Nağd puldan banklardakı depozitlərə qədər vəsaitlərin həcminin artması iqtisadiyyatda yeni imkanlarla yanaşı, müəyyən riskləri də gündəmə gətirir.
Publika.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında Azərbaycanda pul kütləsinin artımını təhlil edib.
İqtisadçı bildirib ki, son bir ildə banklardan kənarda dövriyyədə olan nağd pulun həcmi, yəni M0 13,9% artıb. Nağd pulla yanaşı, banklardakı tələbli depozitləri də əhatə edən M1 17,5% yüksəlib. Manatla olan daha geniş pul kütləsini göstərən M2 isə 20,7% artaraq 44,4 mlrd. manata çatıb.
Eldəniz Əmirov qeyd edib ki, bu rəqəmlərin özündə maraqlı analitika var. Onun sözlərinə görə, M0-ın 13,9%, M2-nin isə 20,7% artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına baş verməyib. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır.
İqtisadçı fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8% artmasının da bunu göstərdiyini vurğulayıb.
Pul kütləsinin artmasının əsas səbəbi
Ekspertin qənaətincə, pul kütləsinin artmasının əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır.
“Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqustda bazardan 1,5 mlrd. dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır”, - deyə Əmirov yazıb.
O qeyd edib ki, nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb. Bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 mlrd. manata çatıb.
İqtisadçı bildirib ki, bu mərhələyə qədər mənzərə daha çox müsbətdir. Onun sözlərinə görə, manata etimad artır, bankların maliyyə imkanları genişlənir, iqtisadiyyatın kreditləşdirilməsi üçün daha böyük resurs yaranır.
Əmirovun qeyd etdiyi kimi, nəticədə iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9% artıb.

Pul artır, bəs real iqtisadiyyat?
İqtisadçı bununla yanaşı, məsələnin digər tərəfinə də diqqət çəkib.
O yazıb ki, pul kütləsi 20,7%, kreditlər 12,9%, əhalinin əmanətləri 15,8% artır, amma eyni dövrdə real iqtisadi artım cəmi 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% olub.
Qeyri-neft-qaz sektoruna investisiyaların real artımının da cəmi 1,4% təşkil etdiyini bildirən Əmirov, əvəzində pərakəndə ticarətin real ifadədə 3,9%, əhalinin nominal gəlirlərinin isə 9,4% artdığını qeyd edib. İnflyasiya 5,7% olub.
“Bu gün üçün bunu daha çox fürsət hesab edirəm”
Eldəniz Əmirov hesab edir ki, əsas sual artan pulun hara yönəlməsidir.
“Pulun və kreditlərin artım tempi real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı hissəsinin yeni istehsala və biznesin genişlənməsinə, hansı hissəsinin isə istehlaka və aktivlərə getməsi vacibdir”, - deyə iqtisadçı vurğulayıb.
Onun sözlərinə görə, birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Çünki bu, investisiya, istehsal, yeni biznes və iqtisadi artım yaradır.
“İkinci halda isə riskdir. Çünki o halda tələb artır, amma onun qarşılığında mal və xidmət istehsalı eyni sürətlə artmırsa, nəticə qiymət artımı və inflyasiya təzyiqi ola bilər”, - deyə Əmirov əlavə edib.
İqtisadçı sonda pul kütləsinin 20,7% artımının hazırda nə “sevinc”, nə də “kədər” olduğunu bildirib:
“Bu gün üçün bunu daha çox fürsət hesab edirəm. Amma bu fürsətin sabah riskə çevrilib-çevrilməməsi isə artan pulun nə qədərinin real iqtisadiyyata və istehsala yönələcəyindən asılı olacaq”.
Müəllif: Adəm Abbaslı
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi











.jpg)

























.jpg)
