Pensiya artımında yeni qayda: Kim daha çox artım alacaq?
Bizi izləyin

İqtisadi gündəm

Pensiya artımında yeni qayda: Kim daha çox artım alacaq?

Pensiya artımında yeni qayda: Kim daha çox artım alacaq?

Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi müzakirə olunur. Belə mexanizmin əsas məqsədi aşağı və orta məbləğdə pensiya alanların daha çox qorunması, yüksək pensiyalarla aradakı fərqin isə indeksasiya hesabına sürətlə böyüməsinin qarşısının alınmasıdır.

İqtisadçı Eldəniz Əmirov pensiyaların diferensial indeksasiyasının mümkün təsirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, iqtisadçı bu yanaşmanı sadə nümunə ilə izah edib. Onun sözlərinə görə, 500 manat pensiya alan şəxsin ödənişi 10 faiz artırıldıqda artım 50 manat, 2000 manat pensiya alan şəxsin pensiyası isə 200 manat artır. Beləliklə, birinci şəxsin pensiyası 550, ikinci şəxsin pensiyası 2200 manat olur.

Əmirov qeyd edib ki, indeksasiyadan əvvəl bu iki pensiya arasında 1500 manat fərq olduğu halda, eyni faizlə artımdan sonra fərq 1650 manata çatır. Yəni yüksək pensiya alan şəxsin nominal artımı daha çox olur və nəticədə pensiyalar arasındakı fərq böyüyür.

Diferensial indeksasiya necə işləyəcək?

İqtisadçı bildirib ki, diferensial indeksasiya tətbiq edilərsə, artım mexanizmi dəyişəcək. Onun sözlərinə görə, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya 10 faiz olarsa, 2000 manatlıq pensiyanın 1200 manatlıq hissəsi 10 faiz artırılaraq 1320 manata çatdırılır.

Qalan 800 manatlıq hissəyə isə 0,5 əmsalı tətbiq edilərsə, həmin məbləğ 5 faiz artır və 840 manat olur. Nəticədə 2000 manatlıq pensiya 2200 manat deyil, 2160 manat təşkil edir.

“Yəni fərq yenə artır. Amma əvvəlki kimi 150 manat deyil, 110 manat artır”, - deyə Əmirov vurğulayıb.

Onun sözlərinə görə, diferensial indeksasiyanın əsas məntiqi aşağı pensiya alanların artım faizini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə böyüməsini zəiflətməkdir.

“Aşağı pensiya alanların xərclərində zəruri ehtiyacların payı daha yüksəkdir”

İqtisadçı qeyd edib ki, bu proses hər il təkrarlandıqca pensiyalar arasındakı nominal fərq də böyüyür. Halbuki aşağı pensiya alan şəxslərin gəlirlərində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı daha yüksək olur.

Əmirovun fikrincə, bu baxımdan diferensial indeksasiyanın həm iqtisadi, həm də sosial məntiqi var. Aşağı və orta pensiyaların indeksasiyasını tam saxlamaq, daha yüksək pensiyalarda isə müəyyən həddən sonrakı hissəyə fərqli yanaşmaq gəlir fərqinin yalnız indeksasiya hesabına sürətlə genişlənməsini zəiflədə bilər.

“Sosial sığorta prinsipi də qorunmalıdır”

İqtisadçı hesab edir ki, belə yanaşma pensiya sisteminin maliyyə yükünü də müəyyən qədər azalda bilər. Yaranan əlavə maliyyə imkanları gələcəkdə aşağı və orta məbləğdə pensiyaların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər.

Bununla belə, Əmirov məsələnin digər tərəfinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ da qorunmalıdır.

Bu səbəbdən iqtisadçı ən düzgün yanaşmanın aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulması olduğunu bildirib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm