İqtisadi gündəm
Stola kabab qoya bilirsənsə.... Azərbaycanda turizm MədəNiyyəti
"Əlimi əlüzyuyanın kranına uzatdım. Kran əlimdə qaldı. İkigünlük yol yorğunluğunu çıxarmaq üçün etdiyim ilk cəhd uğursuz oldu. Elə duş da o gündə idi. Yarısı paslanmış duşdan damcı-damcı su gəlirdi. Bir tərəfdən də hamamda ilbizlər qaynaşırdı. Əlimi yumağa sabun tapmadığıma görə dəsmalı axtarmağa həvəsim də olmadı. İçərisi nəm iyi verən və tozlu şkafı açdım, açdığım kimi də bağladım. Paltarlarımı məcbur olub elə gətirdiyim çantada saxlamağa qərar verdim...”
Bu, Azərbaycana gəzməyə gələn türkiyəli turist Celal Altının Nabran haqındakı xatirələridir. Qardaş türk dövlətlərini gəzib buradakı gözəllikləri görmək istəyən turist ilk cəhddə yanılaraq ölkəsinə geri dönür. Bizimlə söhbətində zəngin təbiət baxımından ölkəmizi çox bəyəndiyini desə də, belə bir sərvətdən lazımınca yararlanmamağımız qonağın təəccübünə səbəb olub. Dünyanın bir çox ölkələrində olmuş C. Altın qiymətin bu qədər baha, xidmətin də bu qədər aşağı olmasını ölkəyə gələn turistləri qaçırdığını deyir. Azərbaycanda bu qədər görməli yer olsa da, nə ondan istifadə edə, nə də düzgün reklam edə bilirik.
Bulaq başı, dağ havası
Elə bir dövrdə yaşayırıq ki, meqapolislərin yorğunluğundan bezmiş əhali dincəlməyə meşə kənarı, çay qırağı, sakit təbiət qoynuna üstünlük verir. Onlar üçün balaca bir bağı, içərisində manqalı olan kənd evi lifti, konfrans zalı, otağında cakkuzisi olan otel otağından daha çox maraqlıdır.
Bizim bölgələrimizi isə nəinki əcnəbilər, heç ölkə vətəndaşları da doğru-dürüst tanımır. Bu qədər gözəl və maraqlı təbiət guşələrimiz olduğu halda onu reklam etməkdə problemlərimiz var. Bir çox otellərin reklamı isə reallığı əks etdirmir.
Görünən yola nə bələdçi
Bir sözlə, otelçilik biznesi artıq kök salıb, ölkənin əbədi və əzəli probleminə çevrilib. Bütün dünyada 2-3 uluduzlu mehmanxanalar geniş yayılsa da, bizdə daha çox bahalı və dəbdəbəli otellərə üstünlük verilir. Əgər haradasa 2-3 ulduzlu otel olsa belə, fahişələrlə dolu olduğundan heç bir normal kişi ora ailəsi ilə getməyi özünə yaraşdırmaz.
Doğrudur, son vaxtlar yüksək səviyyəli xidmət göstərən və xarici turizm obyektləri ilə rəqabət aparacaq şəraitə malik otellərimizin sayı çoxalıb. Hətta bir çox hallarda xarici otellərlə müqayisədə üstünlüklərə malik turizm obyektlərimiz də az deyil. Amma bu üstünlük təəəssüf ki, təkcə təbiəti və təklif olunan xidmətlərlə kifayətlənmir. Elə qiymətlərdə də dünyanın bir çox məşhur otellərini geridə qoyduğumuzdan bir görən bir də görmək istəmir.
Milli istirahət - Mədə Niyyəti
Avropada istirahət deyəndə təbiət qoynunda turistik gəzintilər və ya teatra, konsertə getmək nəzərdə tutulursa, azərbaycanlıların istirahət mədəniyyəti bir qədər fərqlidir. Bizim istirahət mədəniyyətimiz mədəniyyətdən çox Mədə Niyyətini xatırladır. Hər bir orta statistik azərbaycanlı üçün istirahət dadlı yemək və yatıb dincəlməkdən ibarətdir. Bir çox otellərimizdə isə heç normal yemək və yatmaq üçün də şərait yaradılmır, hələ mədəni istirahəti - turistlər üçün təşkil olunan teatr və karaokeni, fitnes və internet xidmətlərini demirəm. Bir neçə aylıq ağir işdən sonra dincəlməyə getdiyimiz otellərin nəinki xidmətləri, heç otel haqqındakı məlumatları da internetdən tapmaq mümkün olmur. Ən yaxşı halda bir administrator nömrəsi qoyulur ki, o da çox zaman zənglərə cavab vermir.
Bu səbəbdən də turistlər haqlı olaraq seçmək istədiyi otel haqqında informasiya qıtlığından və məlumatların yanlış olmasından şikayətlənirlər. Əksər hallarda internetdəki məlumatlarla otel seçən müştəri istirahət mərkəzinin kəndarına ayağını basan kimi şoka düşür.
Turizm-otel biznesində reklam sahəsində son 15-20 ildə bəzi işlər görülsə də, bu kifayət deyil. Əslində reklam zəhlətökən olmamalı, cəlbedici olmalı, insana gəl-gəl deməlidir. Elə səviyyədə reklam etməliyik ki, bu gələn turistlərə təsir etsin, xoş təəssürat yaratsın. Belə görünür ki, reklam maqnit rolunu oynamırsa, o reklam deyil. Mütəxəssislər hesab edirlər ki, otellərdə nəfis çap olunmuş Azərbaycanı təmsil edən, ölkənin mədəniyyəti, muzeyləri, abidələri, musiqisi haqqında kitabçalar olmalıdır. Bunu həm də xaricdə təbliğ eləmək lazımdır. Reklam hər bir işin lokomotividir. Ona görə də, hər bir ölkənin öz dilində reklam kitabçaları yayılmalıdır.
Ekspertlərin sözlərinə görə, hazırda böhranla əlaqədar Rusiya turistlərinin Avropa ölkələrinə axını azalıb. İndi bu baxımdan Rusiya bazarını ələ keçirmək, o cümlədən Belarus və Qazaxıstandan turistləri cəlb etmək olar.
Stola kababı qoya bilirsənsə... Xidmət budurmu?
Turizm ekspertləri hesab edirlər ki, bizdə xidmət sahəsində çalışanların əksəriyyəti bir qədər kobud səslənsə də, stola kababı necə qoymaqdan başqa bir şey bilmir və bununla müştərini məmnun etdiklərini düşünürlər. Bölgələrdəki otellərin əksəriyyəti isə maddi qənaətə görə qonşu kəndlərdən mədəni səviyyəsi aşağı olan şəxsləri gətirərək ofisiant kimi işlədirlər. Halbuki peşəkar xidmətin özü də turist cəlb etmək üçün əsas amillərdən biri hesab olunur.
BMT-nin "Azərbacanda turizmin inkişafı layihəsi" çərçivəsində apardığı sorğulara görə, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti ölkəmizə işgüzar səfər edənlərdir. Yəni Azərbaycan daha çox iş adamları üçün maraq doğuran ölkədir. Buna görə də həmin şəxslər bölgələrə səfər etməkdə o qədər də maraqlı olmurlar.
Ucuz ətdən bahalı şorba
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun Publika.az-a bildirdiyinə görə, Azərbaycanda turizmi inkişaf etdirmək, qiymətləri tənzimləmək üçün tez bir zamanda 2 və 3 ulduzlu otellər, hostellər inşa olunmalıdır. Bunların qiymətləri isə 10 manatdan 30 manata kimi olmalı, ondan baha olmamalıdır. Ekspertin sözlərinə görə, bəzən “3 ulduz” adlanan oteldə 50-60-70 manat qiymət qoyurlar. Burada əsas məsələ təklif və tələbatın uyğunlaşdırılmasıdır: “Novruz bayramı ilə əlaqədar qonşu dövlətlərdən, xarici ölkələrdən bizə turistlər gəlir. Biz onları adət-ənənələrimizlə, folklorumuzla tanış etməliyik. Həm də onların qaldığı otellər baha qiymətə olmamalıdır. Nəzərə almaq lazımdır ki, gələn qonaqlar hamısı yüksək imkanlı insanlar deyil. Aztəminatlı, aşağı təminatlı insanlar var ki, onlar bizim ənənələrimizlə tanış olmağa gəlir. Belə turistlər üçün ucuz otellər olmalıdır”.
Digər bir məqam isə, oteldə çalışan kadrları seçən şəxs özü də mütəxəssis olmalı, onlarla mütəmadi olaraq treninqlər keçirilməlidir. Oteldə çalışan yaxşı işçiləri həm də həvəsləndirmək, motivasiya üsullarından istifadə etmək, ən yaxşı kadrları seçmək lazımdır.
M. Ağakərimovun sözlərinə görə, otellərimizdə xidmətin aşağı səviyyədə olmasıyla bağlı da mütəxəssislər tərəfindən iş aparılmalıdır:
Başdan başlamaq
“Baxmayaraq ki, çoxlu treninqlər, təlimlər keçirilir, hələ də istədiyimiz nəticəni ala bilməmişik. Deməli, haradasa boşluq var. Bu boşluğu doldurmaq üçün mütləq mütəxəssislərin dəyirmi stolları təşkil olunmalıdır. Burada Turizm Nazirliyinin, turizm şirkətlərinin, otellərin, turizm üzrə mütəxəssislərin, müəllimlərin iştirakı olamlıdır, fikirləri səslənməlidir. Bizdə xidmət Türkiyədə, Qərbi, Şərqi Avropadakı xidmət səviyyəsində deyil. Çox işlər görülməli, proqram tərtib olunmalıdır. Bu işlər adi bir reydlə aparıla bilməz. İkihəftəlik treninq keçirilirsə və heç bir nəticəsi yoxdursa, demək, haradasa boşluq var, haradasa səhv buraxmışıq, proqramlar düzgün tərtib olunmayıb. Burada da daha çox təhsil ocaqlarında təcrübəyə üstünlük verilməlidir və təcrübə nəzəriyyədən iki dəfə çox olmalıdır. Bu sahəni oxuyan tələbələrin əsas təcrübə keçməsinə imkan yaratmaq lazımdır”.
Turizm niyə mövsümi xarakter daşıyır?
Problemin bir tərəfi də bizdə turizmin mövsümi xarakter daşımasıyla bağlıdır. Ekspert hesab edir ki, Azərbaycanın təbiəti, coğrafiyası imkan verir ki, ölkədə 365 gün turizm inkişaf etsin: “Biz özümüz Qafqazın coğrafiyasına nəzər salsaq görərik ki, burada hər cür turizm sahəsini inkişaf etdirmək olar. İnkişaf həm də ona görə getmir ki, bizdə turizm xidmətləri və növləri inkişaf etdirilməyib. Çox şükürlər olsun ki, Qəbələdə, Qusarda Şahdağ turizm kompleksi, Tufandağ turizm kompleksi, Qolf meydançası var. Biz başqa tip turizm növlərini inkişaf etdirməklə Azərbaycanda turizmi mövsümi deyil, il boyu inkişaf etdirməyə nail olarıq və daha çox turist cəlb edə bilərik”.
Ekspertin sözlərinə görə, Naftalanda, Qalaaltıda da turizm obyektləri tikilib. Bu yeni - müalicə turizminin inkişafı deməkdir. Bəzi Şərqi Avropa ölkələrində, Çexiyada, Bolqarıstanda, Sloveniyada, Slovakiyada, Monte-Neqroda, Makedoniyada, müalicəvi turizmə daha çox turist cəlb etmək mümkündür. Bunun üçün Azərbaycanda da şərait - mineral sular, isti sular var və bu sahəni inkişaf etdirmək olar.
Mütəxəssis hesab edir ki, bu sahədə biz potensialımızın heç 50-60 faizini də inkişaf etdirməmişik. Azərbaycana daha çox turistin cəlb edilməsi isə həm iqtisadiyyatın inkişafı, həm də yeni iş yerlərinin açılması deməkdir.
Qiymət baha, xidmət aşağı...
Turizm obyektlərində həm də insanların tələbatlarına cavab verən infrastruktur olmalıdır. Bura avadanlıq, təchizat, WiFi və sair daxildir. Həmçinin bu səviyyə də qiymətlərə uyğun olmalıdır. İmkanı olanların xaricə qaçmasının səbəbi həmin qiymətə xaricdə daha keyfiyyətli xidmət almaq imkanının olmasıdır. Əslində ölkəmizin təbii şəraiti imkan verir ki, burada zəhmətlə qazanılan pullar xaricə axmasın. Əgər turist Gürcüstanda qiymətin həm ucuz olduğunu, həm də xidmətin yüksək olduğunu görürsə, bir də bura gəlməyəcək.
Turizm sahəsində ekspert Çingiz İsmayılov Publika.az-a deyib ki, biz ölkəyə nə qədər sərmayə də qoysaq, qiymətlər çox yüksəkdirsə, xidmət aşağıdırsa, onun inkişafa heç bir köməyi olmayacaq: “Neçə illərdir ki, məhz bu problemə görə vəziyyət dəyişmir və dövlət tərəfindən ayrılan sərmayələr də nəticə vermir. Dövlət də, vergilər və müxtəlif subsidiyalarla bunu tənzimləməlidir. Bazar iqtisadiyyatıdır deyib bu sektoru nəzarət altında saxlamırıq. Nə qədər ki, onu nəzarətə almamışıq, vəziyyət dəyişməyəcək. Çünki bu sahədə qonşu dövlətlərlə rəqabət var. Özümüzü ən azı Gürcüstanla müqayisə edə bilərik. Baxmayaraq ki, bu ölkədə dövlət tərəfindən turizmə ayrılan sərmayələrin həcmi dəfələrlə bizdən aşağıdır, gəlir isə bizdən dəfələrlə çoxdur. Bu rəqabətdə onların üstünlüyü ondadır ki, qiymət aşağı, xidmət yüksəkdir”.
Ç. İsmayılovun sözlərinə görə, bu məsələnin tənzimləyici mexanizmi olmalıdır. Belə ki, əgər hündür binalı otel gəlir gətirmirsə, ondan başqa məqsədlər üçün istifadə etmək olar. Söhbət onun nə dərəcədə tələb olunan olmağından gedir: “Otelin səmərəliliyini artırmaq üçün dövlət qarışa bilər. Hansısa turizm obyekti gəlir gətirmir və rəqabətə davamlı deyil, büdcəyə gəlir vermirsə, demək, biznes layihə düzgün qurulmayıb. Onlar rəqabətə davamlı mühit haqqında düşünməyiblər və bilirlər ki, onlara heç bir sanksiya qoyulmayacaq. Əgər bilsələr ki, buna görə onlardan nəsə tələb olunacaq, belə etməzlər”.
Bütün ümidlər “Turizm haqqında qanun”un qəbulunu gözləməyə qalır. Bəlkə, onda nəsə dəyişər. Ümid edirik ki, turizm şirkətlərinə imkanlar yaradılaraq bəzi səlahiyyətlər veriləcək. Amma o da faktdır ki, qanunun qəbulu məsələnin həlli deyil, qanunun nə dərəcədə işləməsi əhəmiyyətlidir.
Gülnar Əliyeva
-
Magazin105:15
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO
-
Hadisə04:14
21 yaşlı Fərid ağır qəzanın qurbanı oldu
-
Dünya03:13
İraqda qızlar üçün "razılıq yaşı" 9-a ENDİRİLİR
-
İdman01:21
“Səbinə, Oqtayla evlənərsən?” - Baş məşqçi stadionda evlilik təklif etdi / FOTO
-
Nəqliyyat00:45
Rayondan Bakıya gələnlərə YENİ XƏBƏR: şəhərə giriş belə olacaq - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münasibətlər sürətlə pisləşəcək
-
Magazin19 Noyabr 22:36
Səidə Sultan tanınmaz halda - FOTO
-
Sosial9 Noyabr 22:24
Azərbaycanda tanınmış şair VƏFAT ETDİ - FOTO