Azərbaycanda 4968 nəfəri aldadan mühafizə şirkətinin direktoruna hökm oxundu
Bizi izləyin

Hadisə

Azərbaycanda 4968 nəfəri aldadan mühafizə şirkətinin direktoruna hökm oxundu

Azərbaycanda baş tutan ən izdihamlı və ən çox zərərçəkmişi olan cinayət işi üzrə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə "Azər Mühafizə" MMC, "General" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərlərinin direktoru Vüqar Hüseynov 15 il və onun həyat yoldaşı Nəzakət Aşurova 9 azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Qorxmaz Mehdiyev 10 il, Mirabtalıb Cəfərov 10 il, Kamil Bayramov 9 il, Aydın Həsənov 4 il, Fariz Babayev 4 il, Elşən Uzalov 8 il, Şahin Yolçuyev 8 il, Fərman Muradov 8 il 6 ay, Elxan İsmayılov 5 il 6 ay, Sənan Qasımov 9 il, Sərdar Seyidov 8 il 6 ay, Xalid Qasımov 3 il, Orxan Vəlizadə 9 il, Emin Əzizov 5 il 6 ay, Şahin Quliyev 8 il 6 ay, Cəlal Mikayılov 3 il, İlham Babayev 4 il, İqar İlyasov 8 il 6 ay, Tağı Məmmədov 8 il 6 ay, Məmməd Həsənov 8 il 6 ay, Malik Cəfərov 8 il 6 ay, müddətinə azadlıqdan məhrum edilib.

Nəriman Babayev, Baba Bayev, Ruslan Nəsirov, Asif Abdullayev, Məlik Məmmədov, Xətai Tacəddinov, Ərşad Əzimov, Elşən Əzimov, Elşən Qədirzadə, Mövlan Süeymanov, Müseyib Müseyibov, Rəşid Heydərov, Mübariz Sadıqov, Səbuhi Sadıqov və Cavid Abdullayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Barəsində 70-ci maddə tətbiq edilən təqsirləndirilən şəxslər həbs edilməyib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları mütəşəkkil dəstə yaradaraq 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar.

Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Cinayət işi üzrə rəsmi olaraq müraciət edən 4968 nəfər zərərçəkmiş var.

Bu məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb.

Xatırladaq ki, adı çəkilən şirkətlərin vəzifəli şəxslərinə işə düzəlmək üçün pul verən vətəndaşlar paytaxt Bakı ilə yanaşı bir çox rayonlarda etiraz aksiyaları keçirmişdilər. Həmçinin aksiyalar bölgələrə - Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərə də yayılmışdı.

Zərərçəkənlərin bildirdiyinə görə, hər kəsə müəyyən məbləğdə depozit qoymaq şərti ilə təklif irəli sürülüb. Zərərçəkənlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.

Vətəndaşlardan minimum 2-3 min manat məbləğində depozit alan şirkət ilk 2-3 ay müddətində həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. Daha sonra maaşlar dayanıb, depozit qoyan əksər şəxs işə götürülməyib. Bundan sonra vətəndaşların aldadıldığı məlum olub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm