Polkovnikin dələduz şəbəkəsinin DƏHŞƏTLİ ƏMƏLLƏRİ - QƏRAR VERİLDİ
Bizi izləyin

Hadisə

Polkovnikin dələduz şəbəkəsinin DƏHŞƏTLİ ƏMƏLLƏRİ - QƏRAR VERİLDİ

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev barələrində olan məhkəmə hökmündən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin edilib və Vüqar Əsədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Digər şəxslərlə bağlı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması barədə apelyasiya protesti vermişdi.

Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Güləli 8 il, Nicat Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Ceyhun İbayev də 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və istintaq zamanı həbs edilmədiyi üçün məhkəmə zalında qandallanıb.

Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib.

Qeyd edək ki, prokuror Vüqar Güləlinin 9 il 6 ay, Nicat Əliyevin 8 il 6 ay, Ceyhun İbayevin 8 il, Vüqar Əsədovun 7 il 6 ay, Anar İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi ilə 147 min manat pulunu ələ keçiriblər.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.

Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.

Cinayət işində çoxsaylı zərərçəkmiş var.

Xatırladaq ki, Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm