Bakıda qazanxanada partlayış: 9 nəfər xəsarət aldı - Yeniləndi
Bizi izləyin

Hadisə

Bakıda qazanxanada partlayış: 9 nəfər xəsarət aldı - Yeniləndi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

xxx

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayış baş verib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən "Report"a bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

Məlumata görə, altı nəfər müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı qadın isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

xxx

Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib, xəsarət alan var.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm