ŞOK hadisə: 20 manatlıq telefon üstündə dostunu döyərək öldürdü – Bir qətlin tarixçəsi
Bizi izləyin

Hadisə

ŞOK hadisə: 20 manatlıq telefon üstündə dostunu döyərək öldürdü – Bir qətlin tarixçəsi

Qəsdən adam öldürmə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan Abşeron rayon sakini, 1978-ci il təvəllüdlü Ramil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ramil Şamilov 24 dekabr 2013-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu Fatmayı kəndinin ərazisində yerləşən “Dəniz” marketin qarşısında özünün idarə etdiyi “VAZ markalı avtomaşınla müştəri kimi Bakı şəhərinə aparılmasını istəyən tanımadığı şəxslə sərxoş vəziyyətdə sözlə mübahisə edib.

Məni aparmağa gəlmisən?

Mübahisə zamanı ətrafa xeyli adam toplaşıb. Bu zaman Ramil Şamilov ictimai asayişi təmin etmək məqsədilə ora gələn Abşeron rayon polis şöbəsinin Mehdiabad polis bölməsinin polis sahə müvəkkili, leytenant Natiq Şəkərəliyevə yaxınlaşıb.

Ramil Şamilov polis leytenantına “məni aparmağa gəlmisən”, deyərək, ona qarşı nalayiq ifadələr işlədib. Polis zabiti onu sakitləşməyə dəvət edib.

Polis bölməsinə getməkdən imtina

Amma Ramil Şamilov sakitləşməyərək, ictami qaydanı pozan hərəkətlərini davam etdirib. Natiq Şəkərəliyev onu polis bölməsinə getməsini istəyib.

Lakin Ramil Şamilov polis bölməsinə getməkdən imtina edib. Bu zaman Natiq Şəkərəliyev hadisə yerinə əlavə polis əməkdaşları çağırıb.

Həmin vaxt köməyə gələn Mehdiabad polis bölməsinə ezam olunan Çevik Polis Alayının 10-cu bölüyünün polis nəfərləri, polis serjantı Ramiz İbrahimov və polis serjantı Loğman Əliyev Ramil Şamilovu bir daha nizam-intizama dəvət edib.

Polisə müqavimət

Polislər Ramil Şamilovdan onlarla birlikdə polis bölməsinə getməsini tələb ediblər. Ancaq Ramil yenə də polislərinə tələbini yerinə yetirməkdən imtina edib.

Onu polisin xidməti avtomobilinə otuzdurmaq istəyən Ramiz İbrahimovun əynində olan polis formasının aşırma kəmərini dartaraq qırıb və Natiq Şəkərəliyevin ayağından təpiklə vurub.

Bundan sonra polis bölməsinə aparılan Ramil Şamilovun barəsində inzibati qaydada protokol tərtib edilib. Sutkalıq cəzasını başa vuraraq azadlığa çıxan Ramil Şamilov daha ağır cinayət törədib.

İşlənməmiş telefon satdı...

Bundan başqa, Ramil Şamilov 21 yanvar 2014-cü il tarixdə Abşeron rayonu, Fatmayı qəsəbəsində “Nazilənin kafesi” kimi tanınan kafedə əvvəlcədən tanıdığı Hikmət Məmmədovdan 20 manata aldığı “NOKİA” markalı mobil telefonu kənd içində yerləşən klubdakı mobil telefon emalatxanasında yoxladıb.

Orada Ramil Şamilova həmin telefonun işləmədiyi və düzəltmək üçün müəyyən pul məbləği tələb olunduğu bildirilib. O, yanvarın 28-də, saat 14 radələrində həmin kafedə yenidən Hikmət Məmmədovla görüşüb.

İki telefon verdi, amma...

Hikmət Məmmədov Ramilə satmış olduğu mobil telefonun işlək vəziyyətdə olmadığını bildirib. O, verdiyi 20 manatı geri istəyib. Hikmət Məmmədov həmin vaxt pulu verə bilməyəcəyini deyib.

Bu zaman Hikmət Məmmədov masanın üzərindəki, özünə məxsus digər “Nokia” markalı mobil telefonu Ramilə könüllü verib. O, da həmin mobil telefonu götürərək Fatmayı qəsəbəsi, C.Cavadov küçəsi, ev 9 ünvandakı evinə gedib.

Elə həmin gün saat 23 radələrində Hikmət Məmmədov öz telefonunu geri almaq qərarına gəlib və bu məqsədlə Ramilin yaşadığı evə gəlib.

Qisas və qətl

Bu zaman onların arasında mübahisə yaranıb. Onlar evin qarşısında əlbəyaxa olublar. Bu vaxt Ramil Şamilov qisas almaq məqsədilə Hikmət Məmmədovu öldürmək qərarına gəlib.

Ramil Şamilov Hikmət Məmmədova çoxsaylı təpik zərbələri vurub. Zərbələrin təsirindən Hikmət yerə yıxılsa da, Şamil onu vurmaqda davam edib.

Hikmət Məmmədov hadisə zamanı çoxsaylı bədən xəsarəti alıb. O, hadisə yerinə gələn şəxslərin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdə Hikmət Məmmədova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada cəmi 10 gün yaşayıb. Hikmət Məmmədov yanvarın 31-də xəstəxanada vəfat edib.

10 il cəza

Ramil Şamilov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Şamilov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Şamilov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Ramil Şamilovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Qərara görə, Ramil Şamilovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm