Hesabat
Fransada işsizlik, Rusiyada inflyasiya – HESABAT
Yola saldığımız həftə birjalar üçün gərgin keçdi. Həftə boyu gözlər Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Vyanada təşkil ediləcək yığıncağına dikildi. Avropa Mərkəzi Bankı bank depozit dərəcəsini neqativ 0,2 faizdən neqativ 0,3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq, qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını açıqladı. Rusiya vizasız rejim barədə sazişi birtərəfli qaydada dayandırdı. Fransada işsizlik artdı, hər dörd gəncdən birinin işsiz olduğu aşkara çıxdı. Beynəlxalq Valyuta Fondunun İcra Şurası Çin yuanını SDR-in (Xüsusi borcalma Hüququ) hesablanmasında istifadə edilən səbətə daxil etdi.
Başlayaq Avropa Mərkəzi Bankından. Avropa Mərkəzi Bankı depozit dərəcəsini neqativ 0,2 faizdən neqativ 0,3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq, qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Bankın gözlənilməz qərarı valyuta bazarını sözün həqiqi mənasında silkələdi. Belə ki, Avropa birjaları sərt eniş yaşadı. Dəyər itkisi Almaniyada DAX 30 İndeksində 3,6, Fransada CAC 40 İndeksində 3,2 faiz oldu.
ABŞ Mərkəz Bankının (FED) faiz qərarından da xəbər çıxdı. Bankın rəhbəri Janet Yellənil bildirdi ki, faiz artımı qərarının təxirə salınması iqtisadiyyatda risk meydana gətirə bilər. Onun sözlərinə görə, Amerika iqtisadiyyatı gələn il də böyüyəcək, məşğulluq artacaq, eləcə də inflyasiya hədəflənən 2 faiz səviyyəsinə yüksələcək. Yeri gəlmişkən,Yellənilin bu sözləri FED-in 15-16 dekabr tarixlərində reallaşacaq Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gedəcəyi ehtimalını yüksəltdi.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin nazirləri Avstriyanın paytaxtı Vyanada bir araya gəldilər. Amma yenə də istehsal kvotası ilə bağlı dəyişikliyə getmədilər. Neft hasilatını indiki faktiki səviyyədə saxlamağa qərar verdilər. Təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan etdi ki, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEC daxilində hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”. Əl-Bedri onu da deyib ki, üzv olan və olmayan ölkələrlə müzakirələri davam etdirəcəklər: "Əslində biz müzakirələrdə həcmdən bəhs etmədik. Çünki OPEC üzvü olmayan ölkələrlə də müzakirələr davam edir".
Məlumat üçün deyək ki, 2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.
Həftənin daha bir önəmli hadisəsi Beynəlxalq Valyuta Fondunun İcra Şurasının Çin yuanının SDR-in (Xüsusi borcalma Hüququ) hesablanmasında istifadə edilən səbətə daxil edilməsinə dair qərarı oldu. Bu barədə açıqlama verən BVF-nin sədri Kristin Lagard yuanın SDR səbətinə əlavə edilməsinin Çinin qlobal iqtisadiyyata inteqrasiya olunması baxımından əhəmiyyətli dönüş nöqtəsi olduğunu söylədi. Laqard verilən qərarın 1 yanvar 2016-cı ildən etibarən qüvvəyə minəcəyini açıqladı.
1969-cu ildən tətbiq edilən SDR, BVF-yə üzv ölkələrə, ödəmələr balansı ehtiyaclarını ödəmələri üçün, dollar, avro, yen və funt-sterlinqdən ibarət olan səbət içindəki pul vahidlərindən biri ilə borc hüququ verir.
Qərarla birlikdə yuan BVF-nin valyuta səbətində 5-ci pul vahidi olub. Yuanın səbətdəki çəkisi 10.92% olacaq. BVF sözügedən səbətə dair hər 5 ildə bir qiymətləndirmə aparır. Fond sonuncu dəfə 2010-dakı qiymətləndirməsində, yuanın zəruri meyarları qarşılamadığını bildirərək SDR səbətində bu pulun yer almasını rədd etmişdi. BVF -nın qərarı yanvarın biri tarixindənetibarlı olacaq.
Fransada isə işsizlik nisbəti rekord səviyyəyə yüksəldi. Fransa Statistika Bürosundan (INSEE) verilən məlumata görə, işsizlik nisbəti 10.6 faiz təşkil edir. Bu da ölkədə təxminən 3 milyon işsizin olması və son 18 ilin ən yüksək rəqəmi deməkdir.
Müqayisələr göstərir ki, 2015-ci ilin üçüncü rübündə Avropanın ən böyük iqtisadiyyatında işsizlik nisbəti proqnozdan artıq olsa da, Avro Bölgəsində işsizlik 10.7 faizə geriləyib. Fransada gənclər arasında işsizlik 24.6 faizdir. Beləliklə, ölkədə hər dörd gəncdən biri işsizdir.
Avropa Birliyində gənclər arasında işsizlik 20 faiz səviyyəsindədir. Ən aşağı işsizlik nisbəti Almaniyadadır.
Yaponiya ilə Avropa Birliyi arasındakı Sərbəst Ticarətlə bağlı müzakirələr son mərhələyə yaxınlaşdı. Belə ki, Tokioda beş gün davam edəcək müzakirələrin razılaşma ilə bitəcəyi gözlənilir. Qeyd edək ki, müzakirə mövzüsu əkinçilik məhsulları ilə bağlı gömrük tarifləri, qida məhsulları və Yaponiyanın Avropa Birliyi ölkələrinə avtomobil ixracatında nəzərdə tutulan tənzimləmələrdir. İki tərəf arasında razılaşmanın ilin sonuna qədər təmin ediləcəyi irəli sürülür.
Rusiya prezidenti Vladimir Putin isə od püskürdü. Türkiyəyə qarşı iqtisadi sanksiyalara qərar verdi. Onun fərmanı ilə Türkiyə və Rusiya arasında 1 yanvar 2016-cı il tarixindən etibarən vizasız rejim barədə saziş birtərəfli qaydada dayandırıldı. Eləcə də bir sıra Türkiyə mallarının Rusiyaya idxalı qadağan olundu. Qadağa tədbirləri Rusiyaya fərdi istifadə üçün gətirilən mallara şamil edilmədi. Bundan başqa, Türkiyə şirkətlərinə Rusiya ərazisində müəyyən növ işlərin icrasının qadağan olunması planlaşdırıldı. Qadağa qoyulan fəaliyyət sahələrinin siyahısının ayrıca hazırlanması nəzərdə tutuldu. Həmçinin yerli şirkətlərə türklərin işəgötürülməsi qadağan edildi.
Sənəd Rusiya ilə Türkiyə arasında çarter uçuşların qadağan olunmasını, Rusiyada Türkiyə avtomobil daşıyıcılarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bu arada sanksiyaların Rusiyaya ucuz başa gəlməyəcəyi və bu davada iqtisadi baxımdan rusların uduzacağı irəli sürülür. İlk başda Türkiyəyə qarşı sanksiyaların ölkədə inflyasiyanı artıracağı irəli sürülür.
İş dünyası
Dizel motorlu avtomobillərində problemlə bağlı tarixinin ən böyük böhranını yaşayan “Volkswagen” 29 milyon avro həcmində kredit istifadə edəcək. Şirkətin açıqlamasına görə, yaşanan skandalın maliyyə yükünü azaltmaq məqsədilə kredit 13 beynəlxalq bankdan götürüləcək.
Bildirək ki, beynəlxalq kredit dərəcələndirmə təşkilatı Standart & Poor's (S&P)“Volkswagen”in kredit reytinqini A-dən BBB+ səviyyəsinə endirib.
Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” sentyabr ayının əvvəlində baş verən qalmaqal nəticəsində 11 milyon dizel motorlu avtomobili geri çağırıb. Milyardlarla avroluq cəzalarla üz-üzə qalıb.
Gəldik çıxdıq ölkəmizə.
“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı növbəti reytinqini açıqladı. Agentlik Azərbaycanın dövlət istiqrazları emitentinin reytinqini "Baa3" səviyyəsində saxladı və proqnozu "stabil" olaraq qeyd etdi. Qurum 2016-cı ildə Azərbaycanın xarici borcunun ÜDM-in 25%-dən aşağı olacağını proqnozlaşdırır. "Moody's" ekspertlərinin fikrincə, ölkənin böyük həcmdə maliyyə ehtiyatlarının olması və daha çevik məzənnə siyasəti onu aşağı neft qiymətlərinin təsirindən qoruyur. Agentlik hesab edir ki, 2016-cı ildə büdcə kəsiri ÜDM-in 5,5%-ni təşkil edəcək. 2015-ci ildə isə bu göstərici 9,2% olacaq. "Moody's" Azərbaycanda 2016-cı ildə iqtisadi inkişafın 1,7%, 2015-ci ildə isə 2,8% olacağını proqnozlaşdırır.
“Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsində hasil olunan təbii qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu boru kəmərinin (TANAP) 2018-ci ildən daha tez tamamlanmasını hədəfləyirik". Bunu Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirdi.
"TANAP kimi böyük bir layihə Azərbaycan və Türkiyənin dostluğu ilə həyata keçirilir. Layihəni nəzərdə tutulan 2018-ci ildən də tez başa çatdırmağı hədəfləyirik", - Türkiyənin hökumət başçısı vurğuladı.
“Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq”. Bunu isə Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir: “Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir. Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir”.
Məndən bu qədər...
Leyla Əliyeva
-
Hadisə23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin221:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Hadisə19:00
Ucarda ağır qəza CAN ALDI
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır
-
Sosial18:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...