İdman
Rəşad Sadıqov etiraf etdi: “Karyeramda ən böyük səhv...”
AÇ-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya qarşılaşması millimizin kapitanı Rəşad Sadıqovun karyerasında 100-cü oyun oldu.
Publika.az bu qarşılaşmadan əvvəl Rəşad Sadıqovun Azərbaycan – İtaliya oyununun rəsmi proqramı üçün verdiyi müsahibəni diqqətinizə çatdırır:
Onun haqda çox danışmaq, çox yazmaq olar. Özünün dediyi kimi, gənc
yaşlarında perspektiv vəd etməyən futbolçulardan olub. Ancaq təslim
olmayıb, bütün çətinliklərə sinə gəlib, əzmkarlıq nümayiş etdirib,
bir insan kimi əsl iradəsini ortaya qoyub. Əldə etdiyi bütün
uğurları öz istəyi və halal zəhmətiylə qazanıb. Təbii ki, söhbət
Azərbaycan futbolunun ən yaxşı futbolçularından biri olan Rəşad
Sadıqovdan gedir. Məşqçilərin də hər zaman güvəndiyi futbolçulardan
olan Sadıqov bir çox insanı keyfiyyətlərə, liderlik bacarığına
malikdir. Bunun nəticəsidir ki, istər klubunda, istərsə də milli
komandada kapitanlıq sarğısı məhz ona həvalə edilib. İndiyədək 99
dəfə tərlətdiyi milli formanı İtaliya ilə görüşdə 100-cü dəfə
qürurla geyindi.
- Uşaq ikən arzuladığın peşə var idimi?
- İdmana böyük marağım olub. Basketbol, güləş, cüdo, futbol,
tennis, voleybol. Belə demək mümkündürsə, idmanın “xəstəsi”
olmuşam.
- Rəşad Sadıqov üçün uğur qazanmağın əsas qaydası nədir?
- Həmişə ən böyük yardımı Allahdan diləmişəm. Əzmkarlıq, sadəlik
və çox çalışmaq. Məncə, uğur qazanmağın əsas formulu budur. Ola
bilər, çox çalışmayasan, amma tələb olunan normanı yerinə
yetirməlisən. Futbola başlayanda potensialım yüksək
qiymətləndirilmirdi. Yəni 15-16 yaşımda perspektiv vəd edən oyunçu
deyildim. Yuxarıda qeyd etdiklərimə əməl edib Azərbaycan
səviyyəsində müəyyən uğur qazanmışam.
- Ən vacib oyunlardan əvvəl nə düşünürsən?
- İnsanın beynində fərqli-fərqli fikirlər olur. Həmişə təmkinli
və istəkli oluram. Ən əsası, meydanda nizam-intizama xüsusi diqqət
ayırmalısan. Dəfələrlə nizam-intizamı pozmuşam və ya məşqçinin
tapşırığından çıxmışam. Həmin vaxt oyunum alınmayıb. Əsəblərini
cilovlamağı bacarmalısan, istəkli olmalısan. Bunlar olmasa, meydana
çıxmağa dəyməz.
- Özündən güclü birini məğlub etməyin sirri nədir?
- Uşaq yaşlarımdan bəri özümdən güclülərə, böyüklərə qarşı
mübarizə aparmışam. Bu zaman daha yaxşı motivasiya oluram, iradəmi,
istəyimi ortaya qoyuram. Qarşımdakına hiss etdirirəm ki, meydana
məğlub olmaq üçün çıxmamışam. Mübarizə vaxtı rəqib sənin əlindən
bezməlidir. Özümdən güclü ilə qarşılaşanda bu keyfiyyətlərə diqqət
yetirirəm. Yəni rəqibin səni nə qədər əzsə də, döysə də, təslim
olmursan, yenidən ayağa durub mübarizə aparırsan. Məhz bundan sonra
üstünlük sən tərəf keçə bilər.
- Hansı bəhanə uğursuzluğu ört-basdır edir?
- Məncə, dərrakəli insan heç vaxt bəhanə uydurmamalıdır. Hər
zaman səhvini boynuna almalı və yeri gələndə etiraf etməlidir.
Səhvini nə qədər ört-basdır etsən də, öz-özünlə tək qalanda
vicdanına cavab verməli olacaqsan. Ola bilər insan şəxsi
həyatındakı səhvini kimdənsə gizlətsin, amma işindəki uğursuzluğu
etiraf etməlidir.
- Hamıdan gizlətdiyin bir sirrin varmı?
- Təbii ki, hər insanın olduğu kimi mənim də özümə görə sirrim
var.
- Rəşad Sadıqovun reallaşdıra bilmədiyi arzusu qalıbmı?
- Məndə həmişə istək olub. Demək olar ki, xüsusi bir arzum
olmayıb, amma qarşıma qoyduğum məqsədə çatmalıyam. Uşaq vaxtı çox
arzularım olub. Böyüdükdən, özümü dərk etdikdən sonra nəyisə
arzulamamışam. Qarşıma konkret məqsəd qoymuşam və ona çatmaq üçün
mübarizə aparmışam.
- İndiyədək həyatının ən səhv qərarı hansını hesab edirsən?
- İstər həyatımda, istərsə də karyeramda çox səhvlərim olub.
İnsan səhvdən sığortalanmayıb. Çox təəssüf ki, insanların çoxu
səhvlərini etiraf etmirlər. Bəzən 1-2 səhvləri olduğunu
bildirirlər. Əslində, biz insanlar çox səhvlər edirik. Karyeramda
ən böyük səhv isə “Kayserispor”dan o şəkildə ayrılmağım oldu. Buna
cavanlıq səhvi deməzdim. Cavan olsam belə, bu cür səhv
etməməliydim. Sevildiyim, mənə inam olduğu yerdə öz problemlərimi
özümdə boğa bilmədim, nəfsimə tabe olub klubdan ayrıldım.
- İnsanın ən böyük düşməni kimdir?
- Təbii ki, insanın ən böyük düşməni şeytandır. Yarandığı gündən
onun əsas məqsədi insanları yolundan çıxartmaqdır. Biz insanların
da əsas mübarizəsi məhz onunladır. Digər tərəfdən, insana ən böyük
ziyanı məhz özü vurur. Belə demək mümkünsə, şeytandan sonra insanın
ən böyük düşməni özüdür. Harada düz qərar verməlidirsə, nəfsinə
tabe olur, yanlış qərar qəbul edir. Bir müddətdən sonra peşman
olsan da, sonrakı peşmançılıq fayda vermir.
- Həyatında nəyi təsadüfi hesab edirsən?
- Heç nəyi təsadüf hesab etmirəm. Həyatımda yaxşı şeylər çox
olub. Ona görə mənə belə bir həyat nəsib etdiyi üçün həmişə Allaha
şükür etmişəm. Təəssüf ki, biz insanlar Allahın bizə verdiyi
nemətlərın çoxunu dərk etmirik. Həyatımda baş verənlərin heç biri
təsadüf deyil. Hər birinin nəsə bir səbəbi var.
- Kimə həsəd aparırsan?
- Əlbəttə, böyük idmançılar var ki, mən də istəyirəm onun
yerində olum. “Mən Messi olum, o Rəşad” – bunu heç vaxt istəməzdim.
Ancaq Rəşad olaraq Messinin yerində olmaq istəyərdim.
- İndiyədək gördüyün hansı işdən qürur
duyursan?
- Qürur duymaq bizə aid olan bir şey deyil. Təbii ki, bəzən
çətin bir vəziyyətdə düzgün qərar verib həmin situasiyadan
çıxırsan. Bunun üçün də Allaha şükür edirsən. Həyatımda böyük anlam
daşıyan belə anlar olub. Hərdən onları düşünüb düzgün qərarlar
verdiyim qənaətinə gəlirəm. Qürur duymaq Allaha məxsusdur.
- Hansısa əsərin və ya filmin qəhrəmanı olmaq
istərdinmi?
- Bəzən hansısa filmə baxdıqdan sonra təsir altına düşürsən və
1-2 gün özünü həmin adamın yerində hiss edirsən. Misal üçün,
“Qladiator” filmində Maksimusun yerində olmaq istərdim. Şücaət,
səmimiyyət, qəhrəmanlıq nümayiş etdirir.
- Gələcəkdə təklif olarsa, özünü kino sahəsində sınamaq
istərdinmi?
- İstəməzdim. Təklif yox, belə fikir bildiriblər ki, bəlkə özümü
bu sahədə sınayım. Konkret bununla bağlı hər hansı bir istəyim
yoxdur və olmayıb. Amma gələcəyin işini bilmək olmaz. İnsanın
ağlına zaman-zaman yeni fikirlər gəlir. Bu gün belə bir fikrim
yoxdur.
- Dünya futbolunda bir çox məşhur futbolçu istər həyatı,
istərsə də karyerası ilə bağlı kitab yazır. Sən də Azərbaycanda
kifayət qədər tanınmış futbolçusan. Gələcəkdə sənin də belə bir
planın varmı?
- Sözün düzü, belə fikrim yoxdur. Amma çoxları deyir ki, kitab
yazsan, maraqlı olar. Rəngarəng karyeram olub. Karyeram ərzində
maraqlı hadisələr çox olub. Əslində, “15-16 yaşda perspektiv vəd
etməyən bir gəncin milli komandanın kapitanlıq səviyyəsinə
yüksəlməsi və s.” dair fikirləşib nəsə bir şey yazmaq olar.
Karyeramı bitirdikdən sonra bu barədə düşünəcəm.
- İndiyədək bir çox jurnalistlə üz-üzə gəlmisən, yüzlərlə
müsahibələr vermisən, müxtəlif suallarla qarşılaşmısan. Maraqlıdır,
hansı sual səni daha çətin vəziyyətə salıb?
- Belə suallar çox olub, amma gərək fikirləşim, yadıma salım,
sonra deyim. Məni ən çox sarsıdan suallar olmayan şeyin
soruşulmasıdır. Məsələn, dünən filan yerdə olmadığım halda məndən
bununla bağlı nəsə soruşurlar. Etmədiyim bir şeyə görə ittiham
olunuram. Çalışıram bu cür suallara cavab verməyim. Qarşımdakı
insan o sualı verirsə, deməli, nəsə məqsədi var və ya özünün də
xəbəri olmadan kiminsə sifarişini yerinə yetirir.
- Bir qədər də milli karyeran haqda... İlk dəfə millidə
oynamaq təklifi gələndə reaksiyan necə olmuşdu?
- İlk dəfə Şahin Diniyevin rəhbərliyi altında U-18 yığmasında
oynamışam. O yığmanın seçmə mərhələ oyunları başa çatdıqdan sonra
olimpiya yığmasına dəvət olundum. U-21-də 2 oyun oynadım.
Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasını 1:0 hesabı
ilə məğlub etdik. Ramal Hüseynov fərqlənmişdi. Həmin oyundan sonra
məni əsas milliyə dəvət etdilər. Fərrux İsmayılovla bir otaqda
qalırdıq. Çox həyəcanlı idim. Stadiona gəldik, möhtəşəm atmosfer
vardı. Makedoniyanın əsas yığmasıyla qarşılaşırdıq. Oyun 1:1 hesabı
ilə başa çatdı. Cəmi 18 yaşım vardı. Baş məşqçi İqor Ponomaryov
idi. Ancaq həmin oyunda oynamamışdım.
- Millidəki ilk oyununu necə xatırlayırsan?
- Milli komanda səfərdə İsveç yığmasıyla qarşılaşmağa
hazırlaşırdı. Məni də yığmaya dəvət etmişdilər. Kamal Quliyev sarı
vərəqə limitini doldurmuşdu. Sağ cinah müdafiəçisi yox idi.
Komandamız 5 müdafiəçi sistemiylə oynayırdı. Ponomaryov məndən
soruşdu ki, “sağda oynaya bilərsən”? Dedim ki, “hansı mövqedə
tapşırıq olsa, orada da oynayaram”. Həmin oyunda mənə şans verdi və
İsveç yığmasının məşhur oyunçusu Lyunberqə qarşı oynadım. Daha
sonra yığmada dəyişiklik oldu. Vaqif Sadıqov baş məşqçi təyin
olundu. V.Sadıqov mənə çox inandı. Mütəmadi olaraq, əsas heyətdə
şans verməyə başladı. Vaqif müəllim də 2 oyundan sonra getdi, Əsgər
Abdullayev gəldi. Ə.Abdullayev gələndə mən artıq millinin əsas
üzvünə çevrilmişdim. O da mənə çox inandı, şans verdi. Beləliklə,
milli komanda karyeram başladı.
- Millidə unuda bilmədiyin bir oyun varmı?
- Belə oyunlar çox olub. Foqtsun dövründə Bakıda Türkiyə
yığmasına qarşı oyunumuz çox prinsipial idi mənim üçün. Həmin
dövrdə yığmada atmosfer çox pis idi. Ardıcıl 3 oyunda məğlub
olmuşduq. Hətta Berti Foqtsun istefaya getməsi gündəmdə idi.
Oyundan əvvəl komanda olaraq çox müzakirə apardıq. Nəyin bahasına
olur-olsun, qalib gəlməliydik. Mənim vurduğum qol sayəsində vacib
qələbə qazandıq. Sonrakı oyunlarda özümüzə daha çox inandıq. O oyun
mənim üçün unudulmaz, hər birimiz üçün kritik idi. Pis baxımdan
unudulmaz çox oyunlarımız var. Onları xatırlamaq istəmirəm.
- 99 oyunda 4 qol vurmusan. Bu qollardan yəqin ki, Türkiyə
yığmasının qapısından keçirdiyin topu daha çox bəyənirsən,
əhəmiyyətli hesab edirsən...
- İlk qolumu Uels yığmasının qapısından keçirmişəm. O da əhəmiyyətli qol idi. Həmin qoldan sonra çox insanların diqqətini cəlb etməyə başladım. O qolun da öz xüsusi anlamı var. Ancaq əlbəttə ki, Türkiyə yığmasına vurduğum qol daha əhəmiyyətli idi.
- Millidə ən yaxşı oyununu hansı komandaya qarşı oynadığını düşünürsən?
- 99 oyun arasında bunu xatırlamaq bir az çətindir. Fikirləşirəm
ki, ilk oyunumda İsveçrə yığmasına qarşı pis çıxış etməmişdim.
Bakıda İngiltərə, səfərdə İsrail komandalarına qarşı yaxşı
oynadığımı düşünürəm. 5-10 oyun seçmək olar ki, həqiqətən oyunum
daha yaxşı alınmışdı. Yəqin ki, uğursuz oyunlarımın sayı daha
çoxdur (gülür). Amma uğurlu oyunlarım da az olmayıb.
- Milli komandada indiyədək bir çox futbolçu ilə
çiyin-çiyinə oynamısan. Hansı futbolçu ilə oynamaq sənin üçün daha
rahat olub?
- Çox futbolçu var ki, onlarla oynamaq həqiqətən xoş olub.
Tərlan Əhmədovun, Mahmud Qurbanovun, Qurban Qurbanovun, Zaur
Tağızadənin adını çəkə bilərəm. Onlar təcrübəli olmaqla yanaşı, həm
də xarakterli insanlar idi. Liderlik xüsusiyyətləri vardı onlarda.
Meydana həmişə qələbə əzmi ilə çıxırdılar. Onlarla çiyin-çiyinə
oynamaq çox xoş idi. Misal üçün, o nəsildən Vidadi Rzayevi də qeyd
edərdim. Düzdür, onunla millidə birgə oynamadıq, amma klubda
birlikdə oynamışıq. İndiki nəsildən Kamran Ağayevi qeyd edərdim. O,
qapıda dayananda özümü daha rahat hiss edirəm. Son illərdə Bədavi
Hüseynovla tandem təşkil edirik. Bir-birimizi yaxşı başa düşürük,
məni tez-tez sığortalayır.
- Dünya futbolunda tanınan 3 məşqçinin – Karlos Alberto
Torres, Berti Foqts və indi də Robert Prosineçkinin rəhbərliyi
altında milli komandada futbol oynamısan. Ayrı-ayrılıqda hər üç
məşqçini necə dəyərləndirirsən?
- Tamamilə fərqli məşqçilərdir. Torreslə Prosineçkinin oyun
üslubu hardasa bir-birinə bənzəyir. İkisi də hücum futbolu istəyir.
Fərqləri odur ki, Prosineçki futbolçuları daha yaxşı tanıyır.
Onların psixologiyasını daha yaxşı bilir. Torres bəlkə də yığma
karyeramda mənə ən çox inanan məşqçi olub. Düzdür, Prosineçki də
mənə çox inanır. 6 il Berti Foqtsun rəhbərliyi altında oynamışam,
kapitan olmuşam. Ümumi götürsək, son 3 oyundakı məğlubiyyəti nəzərə
almasaq, onun millidəki karyerasının pis alınmadığını düşünürəm.
Hər şeçmə mərhələdə nəticəmizi bir qədər də yaxşılaşdırırdıq. Təbii
ki, hər məşqçinin rəhbərliyi altında müsbət məqamlar olduğu kimi,
mənfi çalarlar da olur. Adam pis şeylərdən danışmaq istəmir. Mənim
səhvim olduğu kimi, məşqçinin də müəyyən səhvləri olub. İş olan
yerdə səhv mütləq olacaq. Düşünürəm ki, o, Azərbaycan futboluna az
fayda verməyib. Biz futbolçular, əlimizdən gələni etdik ki, onun
etimadını doğruldaq.
- Səncə, futbolda nəticə vacibdir, yoxsa baxımlı
oyun?
- Nəticə daha vacibdir. Çünki insanlar çox vaxt nəticəyə baxır.
Nə qədər yaxşı oynasan da, yaddaşlarda nəticə qalır. “Tottenhem”lə
oyundan sonra hamı yaxşı oynadığımızı, razılığını bildirirdi. Təbii
ki, bu da xoşdur, ancaq yaxşı oyunla bərabər nəticə də olsa, daha
yaxşı olar. İkisi birlikdə artıq “Barselona” deməkdir (gülür).
Misal üçün, biz ötən mövsüm Ukraynada “Dnepr”ə qarşı yaxşı
oynamamışdıq, amma qələbə qazanmışdıq.
- Yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır? Gənclərə
tövsiyən nədir?
- Çox çalışmaq, inanmaq və iradə nümayiş etdirmək. Ən əsası da şəxsi həyatına fikir verməkdir. Boş-boş şeylərə vaxt sərf etməməli, bütün diqqətini işinə yönəltməlisən.
- İndiyədək bir çox hücumçuya qarşı oynamısan. Hansına
qarşı oynamaq sənə çətin və yaddaqalan olub?
- Tottiyə qarşı oynamaq çox çətin olub. İtaliyadakı oyunda onunla təkbətək mübarizə aparırdım. 0:4 hesabı ilə məğlub olmuşduq. Ona qarşı oynamaq çox çətin idi. Bugünədək qarşılaşdığım usta oyunçulardan biridir.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO