Onlara heç MŞ üzvləri inanmır, biz niyə inanaq ki?
Bizi izləyin

İdman

Onlara heç MŞ üzvləri inanmır, biz niyə inanaq ki?

Azərbaycan Premyer Liqasında 12-ci tura noyabrın 7-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Publika.az 12-ci turun afişasını təqdim edir.

“Zirə” mənən sındırılmış komandanı məğlub etməlidir

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. Turnir cədvəlindəki mövqeyini nəzərəçarpacaq dərəcədə pisləşdirən “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Samir Abasovun gəlişindən sonra yüksəliş yolunu tutan “Sumqayıt” ötən tur “Neftçi” ilə oyunda məğlub oldu. Ya da bilərəkdən məğlubiyyətə vadar edildi. Hər halda, bu qarşılaşmada “Neftçi”nin vurduğu qollar zamanı “Sumqayıt”lı futbolçuların davranışı olduqca müəmmalı idi. Bütün hallarda, bu məğlubiyyət “Sumqayıt”ın psixoloji durumuna ciddi təsir etməlidir. “Zirə” mənən sındırılmış komandanı məğlub etməklə, iddiasını davam etdirməlidir.

Statistika nə deyir?

Cari mövsümədək qarşılaşmayan komandaların birinci dövrədəki oyununda qolsuz heç-heçə qeydə alınıb. Rəqiblər ilk dəfə Bakıda üz-üzə gələcək.

“Təyyarəçilər”i ciddi rəqib statusuna nə qaldıra bilər?

Günün digər qarşılaşmasında AZAL “Kəpəz”i qəbul edəcək. Gəncə klubu hələ ki, istədiyi nəticəni qazana bilir. Ötən tur “Qəbələ” üzərində qazanılan qələbə bu komandada Şahin Diniyevin işinin göstəricisi sayılmalıdır. “Kəpəz”in sərgilədiyi oyunun keyfiyyətini nəzərə alsaq, AZAL Diniyevin yetirmələri üçün ciddi rəqib sayılmamalıdır. Ancaq “Təyyarəçilər”i “Kəpəz”in futbolçularının arxayınlığı ciddi rəqib statusuna qaldıra bilər. Gəncəlilər aşkar autsayderlərlə oyunda xal itirməməlidirlər. İtirməməlidirlər ki, iddialılarla oyunda itirilən xallar turnir cədvəlindəki mövqelərinə təsir etməsin.

Statistika nə deyir?

AZAL indiyədək evdə qol buraxmayıb. Paytaxt təmsilçisi son 4 ev qarşılaşmasında qalib gəlib. Gəncə təmsilçisi 6 səfər oyununda 1 xal qazanıb.

AZAL - Kəpəz: 13 oyun, 9 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 22:6.

“Qarabağ”ı orta səviyyəli məşq gözləyir

Noyabrın 8-də turun daha iki qarşılaşması baş tutacaq. Lider “Qarabağ” Lənkərana səfər edəcək. İndi nə zaman o zaman, nə də “Xəzər Lənkəran” o komanda deyil ki, “Qarabağ”ı çətin səfərin gözlədiyini iddia edək. “Ağ-yaşıllar” meydana buraxmağa 11 futbolçu tapa bilsələr, papaqlarını göyə atsınlar. Əminliklə söyləmək olar ki, “Monako” ilə ağır oyundan sonra “Qarabağ”ı orta səviyyəli məşq gözləyir. Ancaq Bakıda yox, Lənkəranda.

Statistika nə deyir?

“Qarabağ” son 6 oyunda meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran”ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb.

Xəzər Lənkəran – Qarabağ: 33 oyun, 12 qələbə, 5 heç-heçə, 16 məğlubiyyət, top fərqi – 37:37.

“Neftçi”yə biz niyə inanaq ki?

“Neftçi” “Sumqayıt” üzərindəki şübhəli qələbədən sonra başı ağrıyanda and içmək üçün əsas tapa bilər. Təbii ki, “Rəvan”a qalib gələ bilsə. Amma “Neftçi”nin asanlıqla qalib gələcəyini iddia etmirik ha. “Neftçi”yə heç bu komandanın Müşahidə Şurasının üzvləri inanmır, biz niyə inanaq ki? Sadəcə, onu xatırladırıq ki, “Rəvan”a qalib gəlmək üçün heç peşəkar futbolçulara da ehtiyac yoxdur. “Neftçi”nin isə bu oyunda qalib gəlmək boynunun borcudur. Adama deyərlər ki, “Sumqayıt”a öz gücünüz hesabına qalib gəlibsizsə, onda zəhmət çəkin “Rəvan”ı gücənmədən məğlub edin.

Statistika nə deyir?

“Neftçi” son 6 qarşılaşmada qalib gəlib. “Rəvan” indiyədək səfərdə xal qazana bilməyib.

Neftçi - Rəvan: 9 oyun, 8 qələbə, 1 məğlubiyyət, top fərqi – 14:5.

Qriqorçukun məsləhətləri kömək etməsə də...

Turun sonuncu oyunu oktyabrın 9-da keçiriləcək. “Qəbələ” “İnter”i qəbul edəcək. Roman Qriqorçukun yetirmələri artıq 3 oyundur ki, qələbə üzünə həsrətdir. Özü də “Qəbələ” elə oyunlarda elə xallar itirib ki, bunun izahını tapmaq da çətindir. Bu qarşılaşmada da xal itirilsə, onda “Qarabağ” meydanda tək qalacaq. Çempionluq uğrunda mübarizədə. Daha bundan sonra çempionata hansı maraq qalacaq ki? Yəqin ki, “Qəbələ”nin bu oyunda qalib gəlməsini təkcə qəbələlilər yox, çempionatda gərgin mübarizə istəyən hər bir azarkeş arzulayacaq. “Qəbələ”li futbolçulara Qriqorçukun məsləhətləri kömək etməsə də, bəlkə bu istəklər kömək edə.

Statistika nə deyir?

Son 4 oyunda hər iki komanda qol vurub. “İnter” son 3 səfər matçında uduzmayıb.

Qəbələ - İnter: 29 oyun, 6 qələbə, 9 heç-heçə, 14 məğlubiyyət, top fərqi – 24:43.

Natiq Muxtarlı

Premyer Liqa, 12-ci tur

7 noyabr

18:30 Zirə – Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov

Zirə İdman Kompleksinin stadionu

16:30 AZAL – Kəpəz

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev

“AZAL Arena”

8 noyabr

16:00 Xəzər Lənkəran – Qarabağ

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00 Neftçi – Rəvan

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov

“Bakcell Arena"

9 noyabr

16:00 Qəbələ – İnter

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm