Bizim “Qızıl oğlan” niyə unudulub? – FOTO/VİDEO
Bizi izləyin

İdman

Bizim “Qızıl oğlan” niyə unudulub? – FOTO/VİDEO

Biz dahilərə əksər hallarda sağlığında qiymət vermirik. Çox uzağa getmək lazım deyil. Götürək Azərbaycan futbolunun dünyaya bəxş etdiyi 1 nömrəli istedadı - Anatoli Banişevskini. Eşitdiyimə görə, Banişevski kobud dildə desək, acından ölüb. Bu yaxınlarda isə “Neftçi” rəsmiləri Banişevskinin formasını “Marakana”nın muzeyinə hədiyyə etdilər. Mən acından öləndən sonra formamı hara hədiyyə edirlər, etsinlər. Bununla nə dəyişəcək ki?

Unutqanlıq, səfalət, forma - giriş deyəsən, bir qədər qəliz oldu. Əslində isə bu yazının yazılmasının bir səbəbi var. Bu da “google”dir. Bəli, dünyanın ən böyük axtarış saytı. Təsadüfən “google”də Zaur Tağızadə yazsanız, maksimum 10 şəkil çıxar. Hamısı da “keyfiyyətsiz”. Yəni, kiçik ölçülü. Deməyə söz tapmırsan. Hansısa “ucuz” bir müğənninin adını yazsan, halbuki bundan 10 qat artıq foto çıxacaq. Budur bizim “Qızıl oğlan”a verdiyimiz dəyər? Zaur o ləqəbi təkcə oyunu deyil, həm də insanlığı ilə qazanıb. Heç kim inciməsin, amma Zaur müstəqil Azərbaycanın yetişdirdiyi 1 nömrəli futbolçudur. O, avrokuboklarda 1 mərhələdən artıq uğur sevinci yaşamayıb, o, Avroliqanın qrup mərhələsində oynamayıb. Amma yenə də o, futbolumuzun “Qızıl oğlan”ıdır. Bəxtsizlik, şanssızlıq, zədələr olmasaydı, karyerası daha parlaq alına bilərdi. Azərbaycan futbolu üçün çox iş görüb. Bəs biz onun üçün nə etmişik? 10 ildən sonra gənc nəsildən olan azarkeşlər “Qızıl oğlan”ı necə xatırlayacaqlar? Ümumiyyətlə, xatırlayacaqlarmı? Faktiki bu gün Zauru xatırladacaq 2 məqam var: 1 - “Neftçi”nin avtobusunun üstündəki fotosu; 2 - Vitor Bayanın ayaqları arasından keçirdiyi qolun videosu... Onlar da olmasa...

Son illər Zaur kölgəyə çəkilib. “Neftçi”dən ayrıldıqdan sonra “Qızıl oğlan”a “Qarabağ” sahib çıxdı. Tağızadə Ağdam klubunda seleksiyaçı məşqçi işləyir. Lakin gözdən uzaqdı. O qədər uzaqdı ki, ölkə prezidenti İlham Əliyev ötən il “Qarabağ”ı qəbul edərkən komanda ilə deyil, kənarda oturmuşdu. Çudomir Çakarov, Elxan Həsənov və 3 gənc futbolçu ilə birlikdə.

Könül istərdi ki, Zaur Tağızadə artıq özünü baş məşqçi kimi sınasın. Hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmır. Amma “Qızıl oğlan” bunu bacarar...

Bu günlərdə yeni inşa olunmuş “Azərsun Arena”da “Qarabağ” - “Neftçi” oyunu keçirildi. Könül istərdi ki, həmin oyunda topa ilk toxunuşu Tağızadə vursun. Amma kimdi buna imkan verən? Azarkeşlərə yenidən “Qızıl oğlan”ı xatırlatmaq, yaddaşları yeniləmək lazımdır. Futbol ictimaiyyətinin də, azarkeşlərin də, elə mətbuatın da bu “refresh”ə çox ehtiyacı var. Zaur haqda saatlarla yazmaq olar. Oynadığı futboldan, vurduğu qollardan, etdiyi fədakarlıqlardan, “Neftçi”yə sadiqliyindən. 2005-ci ildəki “Qızıl oyun”dan sonra “Xəzər Lənkəran” “Qızıl oğlan”ı heyətinə qatmaq üçün nələr etmədi ki... Ancaq Tağızadə pulu yox, “Ağ-qaralar”ı üstün tutdu. (Futbolxeber.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm