Rusiya diskvalifikasiya edildi: UEFA-dan şərti cəza
Bizi izləyin

İdman

Rusiya diskvalifikasiya edildi: UEFA-dan şərti cəza

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) onun himayəsi ilə Fransada keçirilən qitə birinciliyinin final hissəsində İngiltərə yığması ilə görüş zamanı baş vermiş iğtişaşları təhqiq etdikdən sonra Rusiya yığmasını turnirin sonuna qədər şərti olaraq diskvalifikasiya edib.

Publika.az Azərtaca istinadən bildirir ki, UEFA-nın rəsmi saytında Rusiya Futbol İttifaqının (RFİ) da 150 min avro məbləğində cərimələndiyi qeyd edilib. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Parisdə keçirilən iclasın yekunlarına əsasən müvafiq qərar qəbul edib.

Məlumatda deyilir ki, əgər rusiyalı azarkeşlər milli yığmanın turnir çərçivəsində hər hansı matçında kütləvi iğtişaşlara səbəb olsalar, təxirə salınmış diskvalifikasiya şərti xarakterini itirəcək və RF yığması Avropa çempionatından kənarlaşdırılacaq.

UEFA-da vurğulayıblar ki, ittifaqın yurisdiksiyasına matçlar zamanı bilavasitə stadionda baş verən insidentlər daxildir, Marseldə fanatların küçə döyüşləri bu qəbildən insidentlər deyildir.

Rusiyanın idman naziri, RFİ-nin prezidenti Vitali Mutko bildirib ki, RFİ UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarından şikayət etməyəcək. O, TASS agentliyinə müsahibəsində deyib: “İntizam qərarı çıxarılıb, indi biz rəsmi bildiriş alacağıq. UEFA-nın qərarını icra edəcəyik. RFİ-nin mövqeyi daha necə ola bilər? “.

UEFA Rusiya və İngiltərə komandaları arasında 1-1 hesabı ilə başa çatan matçdan sonra kütləvi iğtişaşlara, irqçi davranışa və pirotexnikadan istifadəyə görə RFİ-ə qarşı intizam işi açıb. Amma belə bir iş İngiltərə Futbol Assosiasiyası barəsində açılmayıb.

Rusiya komandasının azarkeşləri iyunun 11-də Marselin “Velodrom” stadionunda iki fayer yandırıblar, final fitindən sonra bir qrup rusiyalı stüardların halqasını yararaq, İngiltərə yığmasının fanatlarının yerləşdiyi sektora daxil olublar. Onlar britaniyalılara hücum ediblər, habelə azarkeşlərə kənar əşyalar atıblar.

Əlavə edək ki, “Avro-2016”-da qrup turniri çərçivəsində Rusiya-Çexiya (4:1) matçı zamanı azarkeşlərin hərəkətlərinə görə Rusiya yığmasını artıq bir dəfə 120 min avro məbləğində cərimə və şərti olaraq 6 xaldan məhrumetmə ilə cəzalandırıblar. Onda rusiyalı azarkeşlər meydana fayer atmış, tribunalarda təhqiredici sözlər yazılmış bir neçə banner yerləşdirmişdilər.

Buna görə də hazırda qaydaları pozma residivinə görə Rusiya yığmasını daha ciddi cəza – hətta bütün komandanın turnirdən kənarlaşdırılması cəzası gözləyirdi. Hərçənd “Avro-2016”nın seçmə dövründə RFİ-yə hazırda başa çatan sınaq müddəti verilmişdi.

Əlavə edək ki, “Avro 2016”nın növbəti turunda Rusiya yığması Lil şəhərində slovakiyalılarla, İngiltərə yığması Lansda Uels yığması ilə qarşılaşacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm