AÇ-2016: Türkiyə yalnız bir halda yoluna davam edəcək
Bizi izləyin

İdman

AÇ-2016: Türkiyə yalnız bir halda yoluna davam edəcək

Cəmi 10 gün əvvəl Avropa çempionatını fərqli əhval-ruhiyyədə gözləyirdik. Özümüz orada olmasaq da, Türkiyəyə azarkeşlik etməklə təsəlli tapacağımızı düşünürdük. Turnir başladı. İlk günlərdə futboldan daha çox azarkeş qarşıdurmaları müzakirə mövzusuna çevrildi. Ardından Türkiyənin Xorvatiya ilə oyunu ərəfəsində həyəcan siqnalı çalındı. Ancaq xoşbəxtlikdən ciddi insident olmadı. Hər iki ölkənin azarkeşləri əl-ələ verərək oyuna yollandı...

Fransada keçirilən qitə birinciliyində “Ay-ulduzlular”dan çox şey gözlənilirdi. Ən azı turnir ərəfəsində aparılan dəstək kampaniyası belə deməyə əsas verirdi. Ancaq Xorvatiya ilə oyun hamının beynini dumanlandırdı. Söhbət təkcə məğlubiyyətdən getmir. Meydanda sanki başqa bir Türkiyə millisi vardı. Qazonu didən, meydanın hər qarışı uğrunda canını qoyan futbolçuları görmədik. Suallar artmağa başladı. Görəsən nə baş verib? Faith Terim yetirmələrinə nə deyib?

Deyilənə görə, Türkiyə yığmasının düşərgəsində gərginlik məhz ilk oyundan sonra başlayıb. Arda Turan Xorvatiya ilə oyunun 65-ci dəqiqəsində əvəzlənməsindən və ünvanına yönələn tənqidlərdən narazı qalıb. İspaniyanın “Marka” qəzeti yazıb ki, Arda "Mən heç kimə heç nə sübut etməyə borclu deyiləm. Yığmanın formasını 90 dəfə geyinmişəm, uğursuz oyunların sayı isə bir əlin barmaqlarından da azdı" deyib. İndi komandanın lideri Arda Turan Çexiya ilə oyunda meydana çıxmayacaq. Onun baş məşqçi Fatih Terimlə münaqişə yaşadığı deyilir.

Açığı, Xorvatiyaya məğlubiyyətdən sonra ümidlər çox azaldı. Çünki qarşıda Avropa nəhəngi – İspaniya var idi. Titulun hazırki sahiblərinə qarşı qələbə bir tərəfə, yaxşı oynamaq belə hər komandanın işi deyil. Odur ki, böyükhesablı məğlubiyyət başadüşüləndir. Hərçənd bu qarşılaşmada da oyun keyfiyyətinin artdığı müşahidə olunmadı.

İndi qarşıda son şans qalıb. Çexiya millisiylə qarşılaşmada inamlı qələbə Türkiyə millisi daxilindəki çəkişmələri unutdura bilər. Deməli, vəziyyət belədir. Hazırki turnir vəziyyətinə görə, “Ay-ulduzlular” çexləri iki top fərqi ilə məğlub edə bilsə, pley-offa vəsiqə qazanacaq “ən yaxşı 3-cülər” cədvəlində Albaniyanı qabaqlayacaq. Ancaq bununla da iş bitmir. E qrupunda İsveç və İrlandiyanın hərəyə 1 xalı var. Onlar 3-cü turda məğlub olacağı və heç-heçə edəcəyi təqdirdə Türkiyənin pley-offa yolu açılacaq.

Çexiya ilə oyunda “Ay-ulduzlular”dan qələbə gözləmək olarmı? Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Komanda daxilində mükafat davası edən, qruplaşma yaradan, hətta düşərgədən ayrılma düçüncəsində olan futbolçular varsa, yumruq heç vaxt hədəfə dəyə bilməz. Son məşqlərdə komanda daxilində əhval-ruhiyyə heç də yüksək səviyyədə deyil. Hətta baş məşqçi Fatih Terimin məşqi kənardan izlədiyi haqda söz-söhbət gəzir. Onun son açıqlaması isə bütün Türkiyəni düşündürməyə başlayıb:

“Mən heç vaxt inanmayan, vaz keçən insan olmamışam. Belələri ilə də heç vaxt bir-birimizi başa düşməmişik. Nə bu gün, nə də sabah bunu qəbul edəcəyimi düşünməyin. Lazım olan qərarları verəcəm”.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, Fatih Terim Çexiya ilə oyun ərəfəsində komandadaxili atmosferi düzəltmək üçün futbolçularla iclas keçirib. Bu iclasın nəticəsini isə sabah daha dəqiq biləcəyik...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm