Azərbaycanda yeni hərəkat yaradılır
Bizi izləyin

İdman

Azərbaycanda yeni hərəkat yaradılır

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) paralimpiyaçı könüllülər hərəkatının yaradılması məqsədilə görüş keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Publika.az-a bildiriblər ki, görüşdə, Qarabağ qaziləri Kamal Musavi, Elşən Cəbiyev, sağlamlıq imkanları məhdud QHT rəhbərləri və ictimai həyatda fəal olan şəxslər iştirak ediblər.

Tədbiri açan komitə prezidenti İlqar Rəhimov son illər ölkəmizdə paralimpiya sahəsində görülən işlərdən söz açıb. Onun sözlərinə görə, 23 il öncə iki nəfərlə başlayan paralimpiya hərəkatına bu gün minlərlə insan qoşulub. Bu illər ərzində idmançılarımız 6 paralimpiya oyununda iştirak ediblər. Yarışlarda idmançılarımız 9 qızıl, 17 gümüş və 11 bürünc olmaqla, ümumilikdə, 37 medal qazanıblar. Paralimpiya sahəsində qazanılan medalların sayı ildən-ilə artıb. Bu gün də paralimpiyaçılarımız müxtəlif beynəlxalq yarışlarda uğurla iştirak edir və bayrağımızı yüksəklərə qaldırırlar.

MPK prezidenti uşaq paralimpiya hərəkatı haqqında da söz açıb. Onun sözlərinə görə, son dövrlər ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar arasında uşaq paralimpiyasının yetirmələri də az deyil.

İ.Rəhimov qeyd edib ki, MPK əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə yanaşı, digər sosial məsələlərə də diqqət ayırır. Buraya əlillərin təhsili və məşğulluq məsələləri də daxildir. Hazırda əlil arabası istifadəçiləri üçün şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq edilir.

Komitə prezidenti may ayında Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq Qran-pri yarışından da danışıb. Bildirib ki, Paralimpiya Komitəsi bu yarışların təşkilində əlilliyi olan şəxslərin də xidmətindən faydalanmaq istəyir. Bu məqsədlə də əlilliyi olan fəal şəxslərlə belə bir görüş təşkil edilib.

Tədbirdə çıxış edən Qarabağ qazisi Kamal Musavi paralimpiya hərəkatı haqqında söz açıb. Qeyd edib ki, dövlətimizin inkişafı üçün hər bir şəxs öz bacarıqları çərçivəsində iş görməlidir. Bu baxımdan, əlilliyi olan şəxslərin də ictimai həyatda fəal iştirakı vacibdir.

Daha sonra boccia idman növü üzrə yığma komandanın baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmov, marafon qaçışı üzrə idmançı Elşən Quliyev, “ASAN xidmət”in əməkdaşı Azər Əlizadə, “İstedadlı Əlillər” İctimai Birliyinin rəhbəri Cavad Qasımov və digər əlil fəallar Sevda Səfərəliyeva, Qoşqar Əkbərov, Mətanət Quliyeva və Asif Qasımov çıxış edərək təkliflərini səsləndiriblər.

Tədbirdə çıxış edən digər şəxslər də əlillərin ictimai həyatda fəal iştirakının vacib olduğunu vurğulayıblar. Əlillərin cəmiyyətə inteqrasiyası üçün könüllülük hərəkatının önəmi diqqətə çatdırılıb. Paralimpiyaçı könüllülər hərəkatının yaradılması təklifi yekdilliklə qəbul olunub. Paralimpiyaçı könüllülərin ölkəmizin ictimai həyatında fəal iştirak edəcəyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm