Vaqif Sadıqov “ikinci dəstə layihəsi”ni bəyəndi, amma...
Bizi izləyin

İdman

Vaqif Sadıqov “ikinci dəstə layihəsi”ni bəyəndi, amma...

Limit problemi son illərdə Azərbaycan futbolunun əsas bəlasına çevrilib. Onsuz da problemlərimiz xirtdəyə kimidir. İdarəçilik, peşəkarlıq, sabitlik sarıdan əziyyət çəkirik. Bir yandan da limit məsələsi ortaya çıxıb. Amma deyəsən, AFFA hazırkı 6+5 limitinə “əl gəzdirməyi” düşünür. Dəfələrlə bu yöndə federasiyaya təkliflərimiz söyləmişik, yazılar dərc etmişik. Məsələyə bir də mütəxəssis fikrini öyrənmək istədik.

Məşqçilər komitəsinin sədri Vaqif Sadıqov Publika.az-a əvvəlcə klubların Antalyadakı təlim məşqləri ilə bağlı danışdı. Daha sonra ona üç sual ünvanladıq:

1. Antalyada gördüklərinizə əsasən necə düşünürsüz, mövsümün qalan hissəsində klublar arasında rəqabət səviyyəsi arta bilərmi?

2. 6+5 limitinin dəyişdirilməsiylə bağlı hansısa variantlar üzərində müzakirə aparılırmı?

3. Limitdə dəyişiklik olacağı təqdirdə, birinci divizionda 21 yaş məhdudiyyətini də nəzərə alsaq, yerli futbolçuların çoxunun klubsuz qalmaq təhlükəsi var. Sizcə, ikinci dəstənin yaradılmasına ehtiyac varmı?

“Antalyada hər bir işdə peşəkarcasına seçilən bir Məşqçilər Komitəsi gördük. Hər bir klub rəhbəri bizimlə görüşündə təkliflərimizi, tövsiyələrimizi normal qəbul edirdi. Onlar da təkliflərini bildirdi. Antalyada 11 görüşümüz oldu.

14 yoxlama matçında iştirak etdik. Əsasən aşağı yaş qrupları üzrə milli komandalarımıza nəzarət edirdik. Ancaq klublarımızın da düşərgəsində olduq. Hər birimiz istəyirik ki, futbolumuz inkişaf etsin. Hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etməkdir. İndidən görülən işlərin bəhrəsini gələcəkdə görəcəyik.

“Sayın azaldılması effekt verməyəcək”

“Fikrimcə, Premyer Liqa klublarının sayının azalması müsbət təsir göstərməyəcək. Digər tərəfdən çempionluğa namizəd 3 komanda gərgin mübarizə aparacaq. Demək olar ki, 4-cü yer üçün də (Avroliqaya vəsiqə) ən azından 3-4 komanda ciddi mübarizəyə qoşulacaq. İstər-istəməz komandaların strategiyası dəyişsə, çempionatın intriqası ölməyəcək. Yəni çempionluğa və Avroliqaya vəsiqə üçün sona qədər mübarizə olacaq. Düşünürəm ki, ən azından 6-7 klub intriqanı qoruyub saxlayacaq.

Limitlə bağlı variantlar...

“Limit məsələsində variantlar təbii ki, var. Bunun üzərində işləyirik. Hətta Publika.az-da dərc olunan variant da (http://publika.az/p/59989) bizim əlimizdədir. Biz onun da üzərində işləyirik. Orada “11+” və 2-3 super klub təklif olunub. Amma məncə tək limit dəyişməklə nəyəsə nail ola bilməyəcəyik, kompleks şəklində işlər görülməlidir.

Ən vacibi isə məncə tək Premyer Liqa yox, birinci dəstəyə də hansısa yeniliklər edilməlidir. Yəni liqalar arasında zəncirvari bağlılıq olmalıdır.

I dəstədə fəaliyyət göstərən futbolçular arasındakı rəqabətin artması Premyer Liqaya təkan verə bilər. Biz birinci dəstəni Premyer Liqadan ayırmaq istəmirik, buna görə də bu gün qərar verdik ki, onların rəhbərləri və baş məşqçiləri ilə görüşlərə başlayaq. Onlarla fikir mübadiləsi aparaq, təkliflərini dinləyək. Bundan sonra ümumi ortaq məxrəcə gələk və onu da rəhbərliyə təqdim edək.

Sizə də təşəkkür edirik. Təklifləriniz olsa, müzakirə etməyə hazırıq”.

“Bu, bir layihə kimi pis deyil”

“Razıyam ki, liqa nə qədər çox olsa, o qədər yaxşıdır. Amma hesab edirəm ki, biz Premyer Liqanı və ya birinci dəstəni lazımi səviyyəyə çatdırsaq, bəlkə də hələlik ikinci dəstəyə ehtiyac duyulmayacaq. Ancaq yenə deyirəm, bu, 1-2 günün müzakirəsi deyil. Düşünürəm ki, bu, bir layihə kimi yaxşıdır, ancaq indiki vaxtda özünü doğrultmaz. Çünki, hələlik birinci dəstəni lazım olan səviyyəyə çatdıra bilmirik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm