İdman
300 min dollarlıq brilyant qəza zamanı yoxa çıxdı
Formula-1 tarixinin ən maraqlı və hələ də açılmamış müəmmalarından biri 2004-cü ildə Monako Qran-prisində baş verib. “Jaguar” komandasının bolidinə reklam məqsədilə yerləşdirilən, dəyəri 300 min dollar olan brilyant yarışın ilk dövrəsində baş verən qəza zamanı yoxa çıxıb. Aradan 22 il keçməsinə baxmayaraq, qiymətli daşın taleyi hələ də məlum deyil.
Publika.az xəbər verir ki, BBC hadisənin təfərrüatlarını araşdıraraq həmin vaxt komandada çalışan şəxslərlə danışıb.
Brilyantın bolidin ön hissəsinə yerləşdirilməsinin səbəbi idman nəticələrindən daha çox reklamla bağlı olub. 2000-ci ildən Formula-1-də çıxış edən “Jaguar” komandası uğurlu nəticələr qazana bilmirdi. Üstəlik, 2004-cü ildə onun sahibi “Ford” komandanı çempionatdan çıxarmaq qərarına gəlmişdi.
Həmin dövrdə komandanın rəhbəri olan Toni Purnell bildirir ki, əsas vəzifəsi artıq yarışlarda uğur qazanmaqdan çox, komandaya yeni sahib tapmaq və onu bağlanmaq təhlükəsindən xilas etmək idi. Bu səbəbdən diqqəti cəlb edəcək reklam kampaniyasına ehtiyac yaranmışdı.
Komandanın kommunikasiya direktoru Nav Sidhu isə “Ouşenin on ikisi” filminin çəkilişlərinin Monakoda aparılacağını öyrəndikdən sonra Hollivud ulduzları ilə əməkdaşlıq qurub. Corc Kluni, Bred Pitt və Mett Deymonun iştirakı ilə “Jaguar” üçün xüsusi reklam layihəsi hazırlanıb.
Filmin süjetində brilyantlarla bəzədilmiş Faberge yumurtasının oğurlanmasından bəhs olunduğu üçün Sidhu yarış avtomobillərinə də qiymətli daş yerləşdirmək ideyasını irəli sürüb. Brilyant şirkəti “Steinmetz”lə razılaşma nəticəsində iki bolidin üzərinə ümumi dəyəri həmin vaxt təxminən 300 min dollar olan daşlar bərkidilib. Bu gün həmin brilyantların ümumi dəyərinin 1 milyon dollara yaxın ola biləcəyi bildirilir.
Qəza brilyantı yoxa çıxardı
Qiymətli daşlardan biri təcrübəli pilot Mark Uebberin, digəri isə karyerasının cəmi altıncı yarışına çıxan Kristian Klayenin bolidinə yerləşdirilmişdi.
Klayen Monako Qran-prisinin ilk dövrəsində “Jordan” komandası ilə təmasdan sonra avtomobilinə nəzarəti itirib. Bolidin ön hissəsi zədələnib və o, məşhur “Loews” döngəsində baryerlərə çırpılıb. Pilot xəsarət almadan avtomobildən çıxsa da, brilyantın yerləşdirildiyi hissə ciddi şəkildə dağılıb.
Qəza baş verən kimi brilyant şirkətinin nümayəndələri komanda ilə əlaqə saxlayaraq daşın geri qaytarılmasını istəyiblər. Lakin Sidhu həmin vaxt onun harada olduğunu bilmirdi.
Yarış davam etdiyi üçün komanda əməkdaşları dərhal qəza yerinə yaxınlaşa bilməyiblər. Bolid kranla trasdan götürülərək baryerlərin arxasına yerləşdirilib. Yarış başa çatdıqdan sonra avtomobilə baxış keçirilsə də, brilyantdan əsər-əlamət tapılmayıb.
Brilyant oğurlanıb, yoxsa parçalanıb?
Hadisədən sonra müxtəlif ehtimallar ortaya çıxıb. Onlardan biri daşın əsl brilyant olmadığı barədə iddialardır. Lakin Sidhu bu fikirləri qəti şəkildə təkzib edir. Onun sözlərinə görə, şirkətin saxta daşdan istifadə etməsi həm özü, həm də “Jaguar” və Formula-1 üçün böyük reputasiya riski yaradardı.
Komandanın rəhbəri Purnell də brilyantın həqiqi olduğuna əmindir. O, şirkət rəhbərlərindən birinin daşı ofisdə pəncərəyə sürtərək yoxladığını və şüşədə cızıq əmələ gəldiyini xatırladığını bildirib.
Digər ehtimala görə, brilyantı qəza yerindəki şəxslərdən biri götürüb. Həmin gün trasın ətrafında yüzlərlə, hətta minlərlə insanın olduğu, yarışdan qısa müddət sonra yolların yenidən ictimai istifadəyə açıldığı bildirilir.
Purnell hesab edir ki, daş ya kimsə tərəfindən götürülüb, ya da zərbə nəticəsində xırda hissələrə parçalanaraq yolun təmizlənməsi zamanı kanalizasiyaya düşüb. Sidhu isə brilyantın böyük ehtimalla kimsə tərəfindən tapılıb götürüldüyünü düşünür.
Qəza qəsdən törədilmişdi?
Hadisə ilə bağlı yayılan başqa bir versiya isə Klayenin qəzanı bilərəkdən törətməsi barədədir. Lakin komandanın keçmiş rəhbərləri bu ehtimalı da rədd edirlər.
Purnellin sözlərinə görə, bolidə dəyən zərərin məbləği brilyantın qiymətindən də çox olub. Bundan başqa, komanda üçün yarışı uğurla başa vurmaq, xal qazanmaq və sponsorları qorumaq daha böyük əhəmiyyət daşıyırdı.
Klayen də hadisədən sonra qəzanın səbəbini təcrübəsizliklə əlaqələndirib və texniki nasazlıq iddiası irəli sürməyib. Purnell onun gənc pilot olduğunu və sadəcə səhvə yol verdiyini deyib.
Beləliklə, 2004-cü il Monako Qran-prisində yoxa çıxan 300 min dollarlıq brilyantın taleyi bu günədək sirr olaraq qalır. Onun kiminsə şəxsi kolleksiyasında saxlanıldığı, yoxsa qəza zamanı parçalanaraq birdəfəlik itirildiyi məlum deyil.
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












