“Azadlıq adası”nda əzilən futbol - Orda cəmi 20 dollara oynayırlar
Bizi izləyin

İdman

“Azadlıq adası”nda əzilən futbol - Orda cəmi 20 dollara oynayırlar

Kuba adı yəqin ki, bir çox insana tanışdır. Bu ölkənin adı çəkiləndə ilk növbədə ABŞ-la illərlə davam edən soyuq münasibəti və 1961-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik etmiş kommunist lider Fidel Kastro yada düşür. Kuba və idman deyildikdə isə ilk xatırlanan idman növü boks olur. Doğrudan da futbol braziliyalı üçün nə deməkdirsə, boks da kubalı üçün o deməkdir.

Ancaq dünyanın ən məşhur idman növü olan futbol nədənsə bu ekzotik ölkədə o qədər də məşhur deyil. Biz dünyanın futbol meydanlarında Kubanın adını yalnız müəyyən seçmə mərhələ matçlarında eşidirik. Bəs Kuba futbolunun bu qədər geridə olmasına səbəb nədir? Daim idman ölkəsi kimi tanınan bu adanın futbolda bacarığını göstərə bilməməsinə nə səbəb olur?

Bütün bunları aydınlaşdırmaq üçün uzaq Karib hövzəsi ölkəsi Kubaya "səfər edək".

Kuba futbolunun parlaq illəri

Əslində Kubada istənilən futbol azarkeşindən bu idman növü haqda soruşduqda millinin 30-cu illərdəki möhtəşəm uğurlarından danışacaq. İnsafən haqlıdılar da. Dünyanın ən məşhur idman növü Kubaya həmsərhəd olduğu ölkələrlə təxminən eyni vaxtlarda - 20-ci əsrin əvvəllərində ayaq açdı. 1912-ci ildə isə ilk ölkə çempionatı keçirilməyə başlandı. Tezliklə bu ölkədə futbola maraq getdikcə artdı. Bu maraq 30-cu illərdə pik həddinə çatdı. Belə ki, 1930-cu ildən etibarən beynəlxalq oyunlar keçirməyə başlayan Kuba millisi, müxtəlif yarışlarda dişli rəqiblərdən hesab olunmağa başlayır. Ada ölkəsi ilk oyununu Yamaykaya qarşı keçirdi. 1930-cu ilin 16 martında baş tutan oyun 3:1 hesabıyla kubalıların xeyrinə başa çatdı.

Tezliklə Kuba millisi 1934-cü ildə İtaliyada təşkil edilən dünya çempionatına qatılmaq qərarına gəlir. Seçmə mərhələ matçlarında Haitini mübarizədən kənarlaşdıran adalılar həlledici mərhələdə Meksika millisiylə qarşılaşır. Kubalılar meksikalılara qarşı yalnız bir oyunda ciddi müqavimət göstərir - 2:3. Digər oyunlarda isə Meksika yığması 4:1 və 5:0 hesablarıyla qalib gələrək final mərhələsinə vəsiqə qazanır.

Kubalılar cəmi 4 il sonra - 1938-ci ildə öz istəklərinə çatırlar. Belə ki, adalılar nəinki Fransada təşkil edilən mundiala vəsiqə qazanır, hətta burada 1/4 finala qədər irəliləməyi də bacarırlar. Dünya kubokunun ilk mərhələsində Rumıniya ilə 3:3 bərabərə qalan kubalılar təkrar oyunda (o vaxtlar penaltilər yox idi) 2:1 hesabıyla qalib gələrək, 1/4 finala vəsiqə qazanır. Burada isə onların yolunu 30-cu illərdə dünyanın ən güclü millilərindən olan İsveç kəsir. Qarşılaşma kubalılar üçün biabırçı hesabla - 0:8 başa çatır. Mundialın böyük hesablı məğlubiyyətlə yekunlaşmasına baxmayaraq, kubalılar tarixləri ərzində qatıldıqları ilk və hələ ki son mundialdakı çıxışlarıyla fəxr edirlər.

Çe Qevara və Fidel Kastronun yıxdığı Kuba futbolu

1938-ci ildəki mundialdan sonra Kuba futbolunda eniş dövrü başlayır. Buna əsas səbəblərdən biri də ölkədə hökm sürən siyasi və iqtisadi qeyri-müəyyənlik olur. Belə ki, həmin dövrlərdə ölkədə iqtisadi vəziyyət o qədər də yüksək olmadığından bu, futbolda da özünü göstərir. 1960-cı illərdən etibarən isə bu ölkədə futbol tamamilə geriləməyə başlayır. Bu illərdə ölkədə hakimiyyəti Kommunist Partiyası ələ keçirir. Çe Qevara və Fidel Kastronun öndərliyiylə baş tutan inqilabdan sonra hakimiyyəti ələ alan kommunistlər futbola dəstək verməkdən imtina edirlər. Belə ki, kommunistlər bir çox insanın təsir dairəsinə düşdüyü bu idman növünə uzaq məsafədə dayanmağı daha üstün tutdular. Bundan sonra Kuba futbolunda sürətlə geriləmə müşahidə olundu. Bu, özünü əsasən də ölkə çempionatında göstərdi.

Tələbə legionerlərin ümidinə qalan ölkə çempionatı

Hazırda 16 komandanın iştirak etdiyi Kuba çempionatı 100 illik tarixi olan birincilik olsa da, hələ də həvəskar səviyyədədir. Kubanın futbol klubları qəpik-quruşla idarə olunur. Çempionatda çıxış edən legionerlər isə xaricdən ölkə universitetlərində oxumağa gələn tələbələrdi. Klublarda futbolçulara verilən maaşdan isə ümumiyyətlə danışmağa dəyməz. Belə ki, hesablamalara görə, Kuba çempionatında çıxış edən futbolçuların orta aylıq əmək haqqısı cəmi 20 dollardır (!).

Bu yaxınlarda Kuba futbolu üçün əlamətdar hadisə baş verdi. Kuba çempionatının son mövsümündə "Fiorentina" futbol məktəbinin yetirməsi olan və bu ölkədə zədəsini sağaltmaqla məşğul olan italyan Pyetro Resta bir müddət yerli birincilikdə oynamaq qərarına gəlir. Pyetro 1959-cu ildən sonra Kuba çempionatında forma geyinən ilk legioner oldu (tələbələri çıxmaq şərtilə). 55 ildən sonra ölkə birinciliyində görünən 22 yaşlı legioner Kuba çempionatı haqda belə danışıb:

"Burda oynamaq əyləncəlidir. İtaliyada futbolu müharibəyə çevirirlər. Burda isə bir əyləncə kimi baxırlar. Kubada mənə ən çox mane olan şey, havaların həddən artıq isti keçməsi idi ki, buna da cəmi iki həftə sonra alışdım. Burda öyrəşə bilmədiyim yeganə şey isə meydançaların bərbad vəziyyəti oldu. Bir də Kuba çempionatında çıxış edən komandaların ciddi forma problemi var. Ancaq bura normal maddi yardım göstərilsə, Kuba futbolunu gücləndirmək mümkündür. Kuba çempionatında oynayan gənc oyunçularda böyük potensial var. U-20 millisinin son çıxışları da buna əyani sübutdur".

Bir il Kuba çempionatında mübarizə aparan Resta, mövsümün son oyunlarında zədəsini yeniləyərək karyerasını bitirməli oldu.

Qanunların gücsüzləşdirdiyi milli

Ölkə futbolunda olan maddi çətinlik millidən də yan keçməyib. Belə ki, arabir gənc milli komandaların timsalında kiçik uğurlar əldə edən kubalılar, öz qitəsində qapazaltı olmasa da, ciddi uğurlarla da yadda qalmır. Əslində bunun ilk növbədə günahkarı ölkədəki ağlasığmaz qaydalardır. Belə ki, Kuba qanunlarına görə ölkədən kənarda hər hansı klubun şərəfini qoruyan kubalı futbolçu milliyə dəvət edilə bilməz. Bu absurd qərar millinin uğursuzluğunda əsas pay sahibidir. Belə ki, az-çox istedadıyla seçilən futbolçular ölkə xaricinə transfer olunduğu zaman futbol federasiyası onların xidmətindən imtina edir. Milli isə qalır yerli çempionatda çıxış edən yarımhəvəskar futbolçuların ümidinə.

Buna misal olaraq, kubalı gənc qapıçı Endi Ramosu göstərmək olar. Ramos milli karyerasındakı ilk və hələ ki sonuncu oyununu Panamaya qarşı keçirdi. Bundan sonra ABŞ-a - "Mayami"yə transfer olunan qapıçı milli üzünə həsrət qaldı. Ramos özü bu barədə belə danışır:

"Kuba qanunlarına görə ölkə xaricində hər hansı klubla müqavilən varsa, ölkənin milli komandasına dəvət edilə bilməzsən. Siyasətə qarışmıram. Amma məncə, milli komandanın qapıları karyerası üçün ölkə xaricinə üz tutmuş oyunçuların üzünə bağlanmamalıdır".

İstənilən halda hazırda sərt Kuba qanunları altında əzilən yığma beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil etməyə çalışır. Kuba millisinin həvəskar çempionatda orta aylıq əməkhaqqısı cəmi 20 dollar olan həvəskar futbolçularla, dünya reyinqində 107-ci pillədə qərarlaşması yerli futbolsevərlərdə gələcək üçün inam yaradır.

Hakimiyyətə gəldikdən sonra yerli futbola uzaq məsafədə dayanan Fidel Kastronun sonralar Dieqo Maradonayla yaxın dost olması acı istehza doğurur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm