Yaşıl meydanı səhnəyə dəyişən ulduzlar – FOTOLAR
Bizi izləyin

İdman

Yaşıl meydanı səhnəyə dəyişən ulduzlar – FOTOLAR

Öz oyunlarıyla ad qazanmış futbolçuları reklamlarda görməyə öyrəşmişik. Futbolçuların oynadığı reklamları saymaqla qurtarmaz. Yaşıl meydanların top ustalarını içkidən tutmuş şampun, maşın və hava yolları kimi müxtəlif tipli reklam çarxlarında görmək mümkündür. Bu reklamlarda onlar dondan-dona girirlər. İnsafən bu onların bir çoxunda heç də pis alınmır.

Ancaq bəzi futbolçular da var ki, onlar aktyorluq bacarıqlarını kiçik reklam çarxlarında yox, filmlərdə göstərməyə çalışırlar. Bəzisi bu filmlərdə epizodik rollarla kifayətlənirsə, bəziləri aktyorluğu əsas peşə halına gətirərək, bu sahədə qalıcı olurlar.

Futbol meydanlarıyla yanaşı, filmlərdə də qarşımıza çıxan bir neçə futbolçunu təqdim edirik:

Erik Kantona

"Mançester Yunayted"in və Fransa millisinin sabiq futbolçusu Erik Kantona deyəsən futbol dünyasında olduğu kimi film aləmində də iz qoymaq niyyətindədir. Belə ki, 2010-cu ildə "Erikin axtarışında" filmində rol alan fransız, 5 illik fasilədən sonra yenə kamera qarşısına keçib. Kantona bu dəfə uşaqlar üçün nəzərdə tutulmuş "Braziliyalı Anka" filmində aktyorluq bacarığını göstərib. 49 yaşlı sabiq futbolçu filmdə kərpic zavodunda çalışan fəhlə rolunu canlandırıb. Rejissoru Deyan Açimoviç olan və uşaq hekayələri yazarı Mato Lovrakın ssenarisi əsasında lentə alınan film bu ilin sonlarında tamaşaçılara təqdim olunacaq.

Con Karyu

"Aston Villa"nın və Norveç millisinin sabiq hücumçusu Con Karyu da özünü film sahəsində sınayanlardandır. Qambiya əsilli futbolçu 2012-ci ildə butslarını mismardan asdıqdan sonra, aktyorluq bacarığını göstərmək qərarına gəlir. O, qorxu janrında çəkilən, Kanada istehsalı olan "Dead of winter" filmində kamera qarşısına keçir. Deyəsən filmdə çəkilmək Karyunun ürəyincə olub. Belə ki, 2014-cü ildə lentə alınan filmin üzərindən 1 il keçməmiş, o, yenidən aktyorluq bacarığını göstərmək qərarına gəlir. Bu dəfə Norveç filmində. Bu ilin iyul ayında nümayişə başlayacaq "Hovdinger" (Başçılar) filmində Con rus mafiya başçısı rolunu ifa edib.

Devid Bekhem

Devid Bekhem sabiq "Space girls" musiqi qrupunun üzvlərindən Viktoriya Adamsla ailə həyatı qurduqdan sonra futbol dünyasıyla yanaşı, şou-biznesdə də şan-şöhrət qazandı. 2005-ci ildə lentə alınan "Qol" filmini çıxmaq şərtilə fanatları Bekhemi yalnız reklam çarxlarında görürdü. Bekhem bu reklamlarda rejissor Qay Riçiylə birgə çalışmışdı. Nəhayət, Riçi sabiq futbolçunu reklama yox, filmə, daha doğrusu, seriala çəkmək qərarına gəlib. Belə ki, Riçinin lentə aldığı və gələn ildən tamaşaçılara təqdim olunacaq 6 seriyalıq "Kral Artur" serialında Devid Bekhem də rol alacaq. Ancaq, İngiltərə millisinin sabiq üzvü serialda əsas yox, 2-ci dərəcəli personajı canlandıracaq.

Tyerri Anri

"Arsenal"ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anrini də Bekhem kimi daha çox reklam roliklərində görürdük. Ancaq sabiq futbolçu bir dəfə serialda da rol alıb. Belə ki, 2004-2011-ci illər aralığında yayımlanmış "Entourage" serialı keçən ildən yenidən yayımlanmağa başladı. Rejissor Duq Ellin seriallardan birində Tyerri Anriyə də epizodik rol verdi. Belə ki, Anri serialda itiylə birgə küçədən keçən təsadüfi adam rolunu oynadı. HBO telekanalında yayımlanan serial tənqidçilər tərəfindən o qədər də xoş qarşılanmadı. Ancaq yəqin ki, tənqidçilərin serial barədə fikirləri, burda epizodik rol oynamış Anriyə o qədər də təsir etməyib.

Frank Leböf

Fransa millisinin və "Çelsi"nin sabiq üzvü Frank Leböfün ən böyük arzusu aktyor olmaq imiş. Bu barədə futbolçu özü müsahibələrində danışıb. Ancaq sabiq müdafiəçinin arzusu gözündə qalmayıb. Belə ki, 2005-ci ildə butslarını mismardan asan dünya çempionu birbaşa ABŞ-a - Los-Ancelesə yollanır. O, burada iki il müddətinə aktyorluq dərsləri alır. Sonradan teatrda da çalışan Leböf gələcək həyat yoldaşını (Krislar Nolle) da məhz burada tapır. Teatrda özünü sübut edən Leböfə filmlərdən də təklif gəlməyə başlayır. O, artıq bu günə qədər 8 filmdə çəkilib. Onun sonuncu filmi keçən il tamaşaçılara təqdim edilmiş "Allies" (Müttəfiqlər) filmidir. Böyük Britaniya kinematoqrafçılarının lentə aldığı film 2-ci dünya müharibəsindən bəhs edir. Leböf həmin filmdə əsas obrazlardan sayılan fransız rəhbər rolunu ifa edib. O, hazırda Kanada istehsalı olan "400 boys" filminə çəkilir. Film gələn il tamaşaçılara təqdim ediləcək.

Karlos Valderrama

2002-ci ildə karyerasını bitirən Valderrama bundan sonra fəal həyat tərzi keçirməyə başladı. Kolumbiya millisinin sabiq üzvü əvvəlcə Mayamidə futbol məktəbi açdı. Sonra isə "sülh naminə futbol" kampaniyasına başladı. Valderrama hətta partiya prezidenti də oldu. Belə ki, o, Kolumbiya Liberal-Mühafizəkar partiyasının prezidenti seçildi. Bu qədər fəal həyat tərzi keçirən insan film sənayesindən yan keçə bilməzdi. Keçmədi də. Belə ki, Valderrama keçən il komediya janrında çəkilmiş "Por un punado de Pelo" (Bir ovuc saç üçün) filmində rol aldı. O, bu filmdə kiçik qəsəbənin dəlisov meri rolunda çıxış etdi.

Pol Qaskoyn

Həmişə oynadığı futbolla yanaşı, stadiondan kənar qalmaqallarıyla da diqqət mərkəzində olan Pol Qaskoyn da özünü film sənayesində göstərənlərdəndir. Ancaq Pol filmdə hər hansı xəyali personaj yox, məhz özünü oynayıb. Belə ki, o, bu ilin əvvəlində çəkilən "Gascoigne - The Man. The Legend in his own words" filmində rol aldı. Film İtaliyada baş tutmuş və Qaskoynun da İngiltərə millisinin heyətində çıxış edərək 4-cü olduğu DÇ-1990-nın 25 illiyinə həsr olunub. Filmin təqdimat mərasimi iyunun 8-də, London kinoteatrlarından birində baş tutdu. Təqdimata Qari Nevill, Joze Mourinyo və Ueyn Runi kimi futbol adamları da gəldi.

Vinni Cons

Futbolçu və aktyor peşələrinin adını bir yerdə çəkiriksə, Vinni Cons haqda danışmamaq günah olar. Belə ki, futbolçu karyerasında dəlisov oyunçu kimi ad çıxarmış Vinni, karyerasını bitirdikdən sonra çəkildiyi filmlərdə məhz bu cür xarakterə malik obrazları canlandırmağa başladı. Futbolçu kimi "Çelsi", "Lids", "Uimbldon", "Şeffild Yunayted", KPR klublarıyla yanaşı, Uels millisinin də şərəfini qorumuş Cons, 34 yaşında butslarını mismardan asdıqdan sonra əsl peşəkar aktyora çevrildi. Belə ki, sabiq yarımmüdafiəçi 1998-ci ildən bəri 55 (!) filmdə (seriallarda, televiziya və bədii filmlərdə) rol alıb. Onun bu göstəricisinə bəlkə də, bəzi peşəkar aktyorların belə paxıllığı tutar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm