“Azərpoçt” məktubları insanlara niyə GEC ÇATDIRIR?
Bizi izləyin

İKT

“Azərpoçt” məktubları insanlara niyə GEC ÇATDIRIR?

Son vaxtlar “Azərpoçt” MMC-nin xidmətində olan gecikmələr vətəndaşlarda müəyyən narazılıq yaradıb. Saytımıza olan müraciətləri nəzərə alaraq deyə bilərik ki, problem daha çox məhkəmə qərarlarının çatıdırılması ilə bağlıdır. Bəzən məktubların çatdırılmasının 2 həftəyə qədər gecikdirilməsi vətəndaşları çətin vəziyyətdə qoyur. Çünki bu qərarların gecikdirilmə ilə çatdırılması bir çox hallarda maddi ziyanla da nəticələnir.

Gecikmələrin hansı səbəbdən qaynaqlanmasına aydınlıq gətirmək məqsədilə “Azərpoçt” MMC ilə əlaqə saxladıq.

MMC-nin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Publika.az-a açıqlamasında bildirdi ki, qurumun fəaliyyətində xüsusi gecikmələrin olması ilə bağlı onlara hansısa müraciət ünvanlanmayıb: “Bütün poçtalyonlar sistemli şəkildə fəaliyyət göstərirlər. Bəzən vətəndaşlar sifarişlərinin vaxtında çatdırılması üçün ödənişli "Azərekspresspoçt” xidmətindən istifadə edirlər. Bəzi hallarda müəyyən səbəblərdən məktubların çatdırılmasında gecikmələr ola bilir. Bu da hər hansı qurum yerləşdiyi məkanı dəyişəndə və bu barədə bizə məlumat vermədiyi halda yaşanır. Çünki poçtalyon həmin ərazini tapana və dəqiq yeri müəyyən edənə qədər bir neçə gün gecikmə olur. Yenə də deyirəm, gecikmələrlə bağlı bizə müraciət ünvanlanmayıb”.

G.Gözəlova deyir ki, bu cür problemlə qarşılaşanlar “Call Center”, “Şəbəkə” xidmət mərkəzlərinə, habelə 493-56-00 nömrəsinə müraciət etsinlər: “Mərkəzi Poçta belə müraciətlər olduğu halda məktubun gecikmə səbəbini izləyə bilirik. Müraciət daxil olan kimi məktubun, habelə bağlamanın hansı şöbə və filialda olması ilə bağlı məlumat əldə edirik və problem anında həll olunur. Ola bilər ki, vətəndaşlar hansısa problem yaşayıb, lakin bu barədə bizə müraciət etməyib. Ancaq bizim çatdırmamızdakı gecikmə ilə bağlı vətəndaşa ziyan dəyməsi halı ilə qarşılaşmamışıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm