Yerli televiziyaların reytinqi necə tənzimlənir? - MÜTƏXƏSSİSLƏR DANIŞIR
Bizi izləyin

İKT

Yerli televiziyaların reytinqi necə tənzimlənir? - MÜTƏXƏSSİSLƏR DANIŞIR

Dünya təcrübəsində televiziya şirkətləri ilə reytinq şirkətlərinin ortaq fəaliyyətləri artıq ənənə halını alıb. Heç kimə sirr deyil ki, media qurumları artıq reytinqin və dolayısı ilə reklamçılığın əsirinə çevrilib. Bəs bu fəaliyyət növü Azərbaycanda özünü necə və nə formada göstərir? Reytinq şirkətlərinin gizli fəaliyyətləri efir məkanımıza necə təsir edir?

Publika.az bu mövzuda media mütəxəssislərinin fərqli və maraqlı fikirlərini təqdim edir:

Televiziya mütəxəssisi, teleaparıcı, fəlsəfə doktoru Elçin Əlibəyli:

“Azərbaycanda reytinq ölçən şirkətlər 2002-ci ildən fəaliyyət göstərməyə başladı. Bunlardan ilki “CR” şirkətidir. Bu şirkət daha şəffaf işlər ortaya qoyurdu və öz işinin nəticələrini mətbuatda dərc edirdi. O zaman “Ayna” və “Zerkalo” qəzetlərində televiziya verilişlərinin həftəlik reytinqi açıqlanırdı. Onların iş prinsipinin əsasında sorğu metodu dayanırdı. Şirkət əhali arasında sorğu keçirir, kağızlara qeyd edir və bununla reytinq cədvəlini tərtib edirdi.

Daha sonra bu sistem öz dövrünü başa vurdu. “AGB” şirkəti fəaliyyətə başladı və o, “peoplemetr” sistemi ilə reytinqlərə nəzarət etdi. Həmin şirkət 200-ü paytaxtda, 200-ü isə bölgələrdə olmaqla, 400 ailə ilə müqavilə imzaladı və beləliklə proqramların reytinqini ölçməyə başladı.

“HP” şirkəti isə həmin “peoplemetr”ləri televiziyalara qoşmaqla reytinqlərə nəzarəti ələ aldı. Sistem isə belə idi: ilk növbədə televiziyanın analoqu olmalı idi. Kabellə televiziyaya qoşulan xətlər isə reytinqə sayılmırdı, yalnız adi antenlərlə qoşulan televiziyalar hesaba alınırdı. Bu isə o demək idi ki, tamaşaçı kütləsi əhalinin sosial təminatının ən aşağı olan təbəqəsini əhatə edirdi.

Dijital yayıma keçdikdən sonra reytinq cədvəllərinin nəticələri açıqlanmırdı və müəmmalı nüanslar qalırdı. Bu barədə dəfələrlə mətbuatda çıxış etsək də, heç bir nəticəsi olmadı. Daha sonra nəticələr pulla satılmağa başlandı.

Reytinq nəticələrini həm televiziyalar, həm də milli və transmilli şirkətlər alır. Çünki onlar bilməlidirlər ki, hansı verilişin reytinqi çoxdur və hansına reklam yerləşdirmək daha yaxşı effekt verər. Bu da illik abunə ilə həyata keçirilir. Sistemin büdcəsi isə 20 000, 30 000, 50 000 civarında olur. Şirkətlər məhz bu sayədə öz büdcələrini formalaşdırır və dolayısı ilə televiziyaları reytinq cədvəllərindən asılı vəziyyətə salır. Yəni televiziya verilişlərinin ictimai əhəmiyyəti, keyfiyyəti deyil, onun baxış sayı əsas götürülür.

Televiziya rəqəmsal yayıma keçdikdən sonra “HP” şirkəti də öz reytinq sistemini rəqəmsala çevirdi. Beləliklə, acı gerçək məlum oldu ki, əslində Azərbaycanın tamaşaçı kütləsi böyük əksəriyyətlə Türkiyə telekanallarını izləməyə üstünlük verir. Cədvəlin ikinci pilləsində Rusiya kanalları, üçüncüdə isə nəhayət, Azərbaycan telekanalları gəlir. Bu nəticə Azərbaycan televiziyalarının reklam büdcəsinə inanılmaz dərəcədə təsir göstərdi. Çünki transmilli şirkətlər yerli kanallara reklam yerləşdirməkdən vaz keçdi. Onsuz da Türkiyə kanallarında gedən və kifayət qədər izlənən reklamın reytinqi daha az olan kanalda yerləşdirilməsinin nə əhəmiyyəti var?

Məsələn, Gürcüstan kanalları belə bir problemlə qarşılaşmırlar. Çünki onların tamaşaçısının izləyəcəyi alternativ xarici kanal mövcud deyil. Bizdə isə Türkiyə ilə dil bənzərliyi mövcud olduğu üçün bu problem qabarıq şəkildə özünü göstərir.

Televiziyalar reytinq məsələsində internetə də məğlub olurlar. Dünya təcrübəsində belədir ki, yaxşı verilişin tamaşaçısı onu televiziyadan izləyə bilməsə də, ya yutubdan, ya da həmin televiziyanın saytından izləyir. Lakin bizdə televiziyaların internetdəki işi də olduqca zəifdir. Ona görə də internetdə də tamaşaçı itirirlər.

Reytinqlərdə ucuz mahiyyətli verilişlərin öndə olmasının səbəbi televiziya sahəsində həvəsləndirici, mükafatlandırıcı layihələrin olmamasıdır. Buna görə də televiziya sahəsi sönük vəziyyət alır və yalnız baxış rəqəminə üstünlük verilən verilişlər önə keçir.

Reytinq şirkətlərinin fəaliyyətində saxtakarlıqlara da rast gəlinir. Məsələn “HP” şirkətinin Türkiyədə fəaliyyət göstərən bürosunda növbəti günün reytinq cədvəli ələ keçirilmişdi. Bu cədvəl “Kanal D” telekanalına məxsus idi. Bu qalmaqaldan sonra hətta, kanallar şirkətlə işləməkdən imtina etdi. Azərbaycanda hələ belə bir durum qeydə alınmayıb. Ancaq transmilli şirkətlərə televiziyaların birgə gizli fəaliyyəti olması barədə şübhələr mövcuddur. Bu şübhələr isə çox dərindir.

Mən hesab edirəm ki, bu bizim milli təhlükəsizliyimizə bir hədədir. Bunun qarşısını almaq üçün dövlət qurumları reytinq şirkətlərinin işinə qarışmalıdır. Çünki hazırda efirdə olan serial və verilişlərin çoxunu həmin reytinq və ya reklam şirkətləri sifariş verir və maliyyələşdirir. Bunun qarşısını almaq üçün də xüsusi televiziya proqramları olmalıdır və dövlət qurumları müəyyən özəl kanallara datasiya ayırmalıdır".

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli:

"Hazırda Azərbaycanda fəaliyyət göstərən iki reytinq şirkəti mövcuddur. Bunlardan biri də “Aysar”dır. Bunlar müstəqil şirkətlərdir. Televiziyalarla müqavilə bağlayaraq tamaşaçı auditoriyasını öyrənirlər. Verilişlərin reytinqi, baxış sayı, tamaşaçı aktivliyinin neçə müddət davam etməsi kimi məsələləri məhz həmin şirkətlər müəyyənləşdirir. Reytinq şirkətlərinin müəyyən elektron qurğuları olur. Həmin qurğular televiziyalara yerləşdirilir və mərkəzdən idarəetmə sistemi vasitəsilə aktivliyə nəzarət edilir. Tamaşaçı sayı və baxış müddəti mərkəz sistemlərdə depolanır və buna uyğun olaraq günlük, həftəlik, aylıq reytinqlər siyahısı dərc edilir. Hazırlanmış siyahı televiziyalara göndərilir. Onlar isə reytinq faizlərinə əsasən aktiv tamaşaçı kütləsi olan verilişlərə reklam yerləşdirirlər.

Yerli reytinq şirkətlərində saxtakarlıq halları istisna təşkil edir. Çünki burada iki şirkət paralel olaraq iş aparır və rəqabət yaranır. Lakin vahid bir şirkət işə nəzarət edəndə süni olaraq hər hansı verilişin və ya proqramın reytinqi artıq yazıla bilər. Lakin bu halda da dəqiq məlumatlara çatmaq mümkündür. İstənilən zaman qeydə alınan verilişlərin reytinq strukturunu açıb ortaya qoymaq olur".

Media eksperti Zeynal Məmmədli:

"Hər hansı bir ölkədə sərbəst televiziya bazarı olmayanda orada fəaliyyət göstərən reytinq şirkətlərinin uğurlu işindən və inkişafından söhbət açmaq mümkünsüz olur. Reytinq şirkətlərinin fəaliyyət sisteminin kökündə reklamçılıq dayanır. Əgər bir televziyia kanalında monopolizm və inhisarçılıq mövcuddursa, o televiziyaya baxan şirkətin işinin etibarlılığından şübhə etmək lazımdır.

Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox reytinq şirkəti ölkəmizə gəldi və fəaliyyət göstərməyə can atdı. Lakin onlar burada özlərinə uyğun bazar tapa bilmədilər. Çünki o “bazarda” satacaqları “məhsul” yox idi.

1993-cü ildən etibarən bəzi televiziya şirkətləri reklamçılıqla maraqlanmağa və onun xidmətlərindən istifadə etməyə başladı. Ancaq bu yalnız 1998-ci ilə qədər davam etdi. Çünki həmin dövrdən etibarən reklam bazarı sıxışdırılmağa başlandı.

Bununla belə, reytinq şirkətlərinin fəaliyyətlərini araşdıran zaman onların işlərində nə isə faydalı məqamlar tapılırdı. Ölkəmizdə reytinq bazarı qurulan zaman bütün Azərbaycan əhalisinin hansı proqramları izlədiyini sadəcə 300 nəfərdən, həm də sorğu əsasında öyrənirdi. Lakin 8 milyonluq əhali üçün bu rəqəm və bu metod çox cüzi və yetərsiz idi.

Hazırda “AzTv”, “İctimai televiziya” kimi media qurumları reytinq şirkətlərinin xidmətlərindən imtina edib. Lakin şirkətlərə hələ də həssas münasibət göstərən televiziyalar mövcuddur. Bunlara “ATV”, “Xəzər”, “Lider” kimi telekanalları nümunə göstərə bilərik".

Teleaparıcı Həmid Herisçi:

Azərbaycan televiziyasının çox köklü və qocaman yaşı olan arxivi var. Hazırda bizdə elə materillar mövcuddur ki, bu nə Amerikada, nə Britaniyada, nə də Kanadada yoxdur. Yəni Azərbaycan televiziyaçılığı qədim olması ilə yanaşı, həm də dəyərlidir. Lakin reytinq şirkətləri ortaya çıxandan və reklamçılığa işləyəndən sonra bizim həm milli dəyərlərimiz, həm də media dəyərlərimiz təhdid altına düşməyə başladı.

Düşünürəm ki, bu gün reytinq cədvəlləri sadəcə tamaşaçı sayına deyil, həm də onun milli-mənəvi dəyərlərinin məhv edilməsinə köklənib. Reytinq şirkətlərinin fəaliyyəti sırf Azərbaycan mənəviyyatının çökdürülməsinə hesablanıb. Onlar öz məxfi, mətbuata açıq olmayan fəaliyyətlərindən istifadə edərək istənilən saxtakarlığı edə bilirlər. Üzərilərində ictimai nəzarətin olmaması isə onların şəffaflığını şübhə altına alır. Həmin şirkətlər sovet dövrünün senzurasını bir başqa formada tətbiq edərək bizi okeanın o biri tayına məhkum edirlər".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm