KİV-də uşaqların üzü hansı hallarda aydın göstərilə bilər? - RƏYLƏR
Bizi izləyin

İKT

KİV-də uşaqların üzü hansı hallarda aydın göstərilə bilər? - RƏYLƏR

Avqustun 28-də Əliyev Natiq Namiq oğlu saat 17 radələrində Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı onlardan uzaqlaşaraq bir anda yoxa çıxıb. Valideynləri onun sərbəst danışa bildiyini və heç bir problem olmadığını qeyd etsələr də, meşə ərazisindən tapılan uşaq dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər uşağın problemli olduğunu və bu müddət ərzində sudurğa keçirdiyini deyiblər.

Xəbər 3 gündür bütün media orqanları tərəfindən paylaşılır. Uşağın üzü aydın görünür.

Bəs bu nə dərəcədə düzgündür?

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov Publika.az-a uşaq hüquqlarını pozan media nümayəndələrinin müvafiq qanunvericilik qarşısında birbaşa cavab verməli olduğunu deyib:

“Bu cür vəziyyətlərdə ictimaiyyət və media nümayəndələri onu bilməlidirlər ki, uşağın adının, soyadının, yaşadığı ünvanın dəqiq qeyd olunması və fotosu o halda yayımlana bilər ki, bu birbaşa müsbət mənada uşağın şəxsi maraqlarına xidmət etsin. BMT-nin Uşaq Hüquqları Konvensiyası, Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanununa əsasən uşaqların mənafeyinə zidd olan istənilən məlumatın yayılmasını qəti şəkildə qadağan edir. Ümumi götürsək, azyaşlıların kimliyini aşkara çıxaran istənilən məlumatın yayımlanması (adı, soyadı, ünvanı, fotosu) uşaqların reputasiyası cəhətdən qadağandır. Lakin itkin düşmüş uşağın tapılması üçün onu təsvir edəcək hər hansı fotoya, məlumata ehtiyac varsa, bu halda onun gülərüz, gələcəkdə psixoloji durumuna heç bir mənfi təsir göstərməyəcək şəkildə işıqlandırılması məqsədə uyğundur. Uşaq tapılıbsa və hazırda o qədər də yaxşı vəziyyətdə deyilsə, (bədənində qan izləri, zədələr, zorakılıq əks etdirən nüanslar varsa) fotosunun yayımlanması qəti şəkildə qadağandır. Lakin azyaşlı insan alverinin qurbanı olubsa, həyati təhlükəsi varsa və axtarılırsa, bu halda zəruri qaydalardan kənara çıxaraq, onun fotosunun yayılması yolveriləndir. Hazırda Qubada itkin düşən uşağın xəbəri ilə bağlı demək olar ki, bütün normalar gözlənilib. Lakin son olaraq paylaşılan fotonu (uşağın xəstəxanada olması, palatada halsız vəziyyətdə çəkilməsi) o qədər də məqsədə uyğun hesab etmirəm. Sadəcə, uşağın tapılıb ailəsinə təhvil verildiyini qeyd etmək kifayət edərdi deyə, düşünürəm. Bu halda azyaşlının valideynləri uşağın hüquqlarının pozulduğunu düşünürlərsə, müvafiq orqanlara bununla bağlı iddia ərizəsi təqdim edib, jurnalistin və mətbuat orqanının qanun qarşısında cavab verməsini tələb edə bilərlər”.

Tanınmış media eksperti Zeynal Məmmədli mövzu ilə bağlı iki önəmli nüansın olduğunu dedi:

“Azyaşlı itkin düşübsə və burada gələcəkdə uşağın şəxsi həyatına təsir göstərəcək heç bir amil yoxdursa (utancverici hadisə, şiddət və s.) hadisəni bu qədər böyütməyə ehtiyac yoxdur. Uşaqdır itib və tapılması üçün fotosundan istifadə edilib. Lakin digər məqamlarda şərtlər dəyişir. Əgər ortada uşağın reputasiyasına təsir göstərəcək məqamlar varsa, media uşağın fotosunu yayımlamamalıdır. Hadisə nəticəsində uşaq hər hansı xəsarət alıbsa, xəsarətlərin səbəbi, hər hansı bir güc tətbiq edilibsə, xoşagəlməz hadisə baş veribsə, dəqiq ünvan göstərmək, hadisənin xırdalıqlarını işıqlandırmaq və uşağın fotosunu aydın şəkildə vermək düzgün deyil. Bu məlumatı mətbuata ötürmək olar, lakin uşağın üzünü tanıtmaq olmaz. Bu halda birmənalı olaraq qadağandır. Dünya mediasında da özünə hörmət edən və etməyən orqanlar var. Bu nisbidir. Qanuni çərçivəyə gəldikdə isə uşağın hüquqlarını bərpa etmək üçün valideynləri iddia qaldırır. İddia verilir Mətbuat Şurasına. Mətbuat Şurası öz növbəsində materialı hazırlayan qurum haqqında qərar qəbul edə bilər. Çünki reputasiya məsələsi çox ciddi problemdir. Həmin media orqanına müvafiq məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, birbaşa materialı hazırlayan jurnalist haqqında cinayət işi də qaldırıla bilər. Bu artıq iddiaçı tərəfin işi nə dərəcədə yuxarı orqanlara daşıması ilə bağlıdır”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirdi ki, dünya praktikasında bu kimi hallarda şəxsin razılığı olmadan onun üzünü tam göstərmirlər:

"Bir tərəfdən də media xəbərə şəkil əlavə etmək istəyir, amma təbii, yaxşı olardı ki, üzünü aydın göstərməsinlər. 5 yaşlı uşağın və ailəsinin hazırda fotonun hansı şəkildə yayımlanması ilə bağlı inanmıram hər hansı bir fikirləri ola. Amma yenə deyirəm, verməmək daha məqsədəuyğundur. Mən ümumiyyətlə cərimə mövzusuna qarşıyam. Bu mövzunun tam əleyhinəyəm. Sadəcə, çalışsınlar ki, KİV normalarına riayət etsinlər".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm