Milli dəyərlərin pozulduğu verilişlər açıqlandı - “Ekstrasens” Bayram, Tolik...
Bizi izləyin

İKT

Milli dəyərlərin pozulduğu verilişlər açıqlandı - “Ekstrasens” Bayram, Tolik...

Bir sıra özəl yayımçıların efirində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri mütəmadi olaraq pozulub.

Bu barədə Publika.az-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Şuradan verilən məlumatda bildirilib ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.

Belə ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur. Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış “Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilmişdir. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirir.

ARB-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılır. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri – övladlarını atıb başqası ilə ailə quran qadın və ondan aliment tələb edən ərin “hekayəsi” müzakirəyə çıxarılıb. Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə, ki, ucuz sensasiya və şou naminə edilir. Qeyd edək ki, bu cür hallara sözügedən verilişdə mütəmadi olaraq rast gəlinib.

İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış “10-dan sonra” verilişi olub. Verilişin 09.07.2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranıb, mübahisə zəminində gərginlik yaşanmış və tərəflər bir-birinə ünvanına ədəbsiz ifadələr işlədib.

Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilib.

Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqəti cəlb edib. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış“Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olub.

Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş “Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaradıb.

“LİDER” TV-nin efirində yayımlanan “7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcıların efir imkanlarından sui-istifadə hallarına yol verməklə Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlədiblər, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınıb.

Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edib. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının da qarşısını almağa cəhd etmir, əksinə belə hərəkətlərə təhrik edilməsi hallarına da yol verib. Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu adlı birisi barədə təhqiramiz ifadələr işlədib, lakin verilişin aparıcıs Tolik bu halın qarşısını almayıb. İfadələr aşağıdakılardan ibarətdir: “Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacam həkimə. Mən qadın kimi özümü subut edəcəm, amma sən kişi kimi özüvü subut edə bilməyəcəksən... Yerə soxum səni. Murdar..”

İl ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan biri də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olub. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinmişdir. Məsələn, ARB-də “Sirdaş Rövşanə” verilişinin 06.06.2018-ci il tarixli buraxılışında verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlətmiş, hətta onlar arasında əlbəyaxa dava da baş vermişdir (saat 17.42-də).

Bundan başqa, verilişin 07.05.2018-ci il tarixli buraxılışında “ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunmuş, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə edib.

Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişinin 25.06.2018 və 26.06.2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanıb. Belə ki, verilişində qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanmış, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinib. Belə ki, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunmuş, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlətmiş, qeyri-etik söz və ifadələrdən istifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm