Banka əmanət qoyarkən bunlara diqqət edin: 4 ƏSAS ŞƏRT
Bizi izləyin

Ekopublika.az

Banka əmanət qoyarkən bunlara diqqət edin: 4 ƏSAS ŞƏRT

Banklarda əhalinin əmanətlərinin həcmi azalıb. Belə ki, bu il iyulun 1-də banklarda 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentybarın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb.

Vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi vətəndaşlarımızda pullarını əmanət formasında saxlamaqla bağlı tərrəddüdlər yaradıb. Onun sözlərinə görə, lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilər pullarını geri almaqda çətinlik çəkir: “Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-nə 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta sadəcə təhlükəsizlik baxımdan vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur”.

“Bəs əmanəti hansı bankda saxlamalı? Əmanəti yerləşdirən zaman nələrə diqqət yetirməli” sualına cavab verən iqtisadçı bunları dedi:

Əvvəla, pulunuzu əmanət kimi banka yeləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub, onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar.

İkincisi, bankın internet səhifəsində maliyyə hesabatların mütəmadi yerləşdirilməsinə diqqət yetirmək. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heş bir halda tövsiyə edilmir.

Üçüncüsü, bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyü bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmamaq üçün üzvlük statusuna baxılması vacibdir.

Nəhayət, dördüncüsü, bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var. Bununla da siz əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz. Çünki tanışlarınız üzləşdiyi problemlər sizin qərarlarınıza birbaşa təsir göstərəcək və onların fikirləri real vəziyyəti əks etdirir.

Bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər bu şərtlərdən hər hansı biri yoxdursa, o zaman bir daha düşünməyiniz lazımdır. Bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min manatı (və ya dollar) ötməməsinə və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçıyə görə aparılır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm