• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

Çin silkələnir, ingilis yıxılır; qızıl dibə vurur - HESABAT

Çin silkələnir, ingilis yıxılır; qızıl dibə vurur - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı daha bir siyasi böhranın təsirlərini yaşadı. Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurması Rusiyanın embarqo siyahısına göz gəzdirməsinə gətirib çıxardı. Türkiyə şirkətlərinə məxsus yüzlərlə TIR sərhəddə saxlanıldı, turist səfərləri təxirə salındı və s.

Gərginlik bazarlarda da əks olundu. İstanbul Birjası noyabrın 23-də günü 4 faizə yaxın itki ilə bağladı. Moskva Birjasındaki eniş də 3-dən çox oldu.

Avropa birjalarında isə son bir həftənin ən böyük düşüşü yaşandı. Frankfurt, Paris və Milan birjaları 1 bal, London Birjası isə yarım xala yaxın itki ilə üzləşdi.

Əmtəə qiymətləri də üzü aşağıya istiqamət aldı. Metalın qiyməti düşdü. Mis 4500 dollardan ucuz satıldı. Hansı kı, bu rəqəm misin son 6 ildə gördüyü ən aşağı dəyərdir.

Nikel də 2003-cü ildəki qiyməti ilə müqayisədə 6 faiz ucuzlaşdı.

Həftə ərzində xam neftin qiyməti də 3 faizə yaxın geriləyərək 41 dollar oldu.

Bazarlardakı bu itkilərin fonunda, Amerika dolları dəyər qazandı. Hətta əksər ölkələrin valyutalarını əritdi.

Avropa Mərkəzi Bankı isə saxtakarlığa qarşı təhlükəsizlik tədbirləri çərçivəsində Avrozonada yeni 20 avroluq əskinasları dövriyyəyə buraxdı.

Çin zəifləyir, zərərini ingilislər çəkir...

Başlayaq ingilis iqtisadiyyatından. İngiltərə iqtisadiyyatı bu ilin sentyabr ayına qədər 0,5 faiz artıb. Bu nisbət aprel və iyun ayları arasında 2 faiz, rüblük 0,7 faiz olmuşdu. Beynəlxalq Statistika Ofisinin məlumatlarına görə, göstərilən dövrdə illik əsasda artım 2,7 faiz təşkil edib. Bu rəqəm əvvəlki rübdə 2,4 faiz idi.

Bildirək ki, İngiltərədə ilin üçüncü rübündə istehlak xərcləri keçən ilə nisbətən 0,8 faiz artıb. İngiltərədə iqtisadi artımın sürətinin azalmasına səbəb kimi Çin iqtisadiyyatındakı yavaşlama nəticəsində geriləyən qlobal iqtisadiyyatın təsirləri göstərilir.

Yunanlara yeni “ev tapşırığı”

Yunanıstan isə yeni “ev tapşırığı” aldı. Avro İş Qrupu kömək paketindəki 1 milyard avronu ala bilməsi üçün Yunanıstanın həyata keçirməli olduğu islahatların siyahısını təsdiqlədi. Yunanıstan da daxil olmaqla, Avro bölgəsi ölkələrinin maliyyə nazirlərinin köməkçilərindən ibarət qrupun hazırladığı 13 maddəlik islahat paketinin 11 dekabrda qüvvəyə minməsi gözlənilir. Paketdə Yunanıstanın dövlət aktivləri ilə bağlı müstəqil katibliyin yaradılması, enerji şəbəkəsinin özəlləşdirilməsi, rəqabət gücünün artırılması, yeni özəlləşdirmə fondlarının işlərinin sürətləndirilməsi kimi tədbirlər yer alır. Xatırladaq ki, Yunanıstana 3-cü qurtarma paketi çərçivəsində keçən yaz 86 milyard avroluq kredit ayrılıb. Onun bir hissəsi artıq istifadə edilib.

Portuqaliya kəmərləri boşaldır, İspaniya sıxır...

Portuqaliyada kommunistlərin dəstəyi ilə qurulan Sosialist Partiya hökuməti isə kəmərsıxma siyasətinə son verəcəyini, büdcə intizamına uyğun addımlar atacağını açıqladı.

Qeyd edək ki, bundan əvvəlki hökumətin yürütdüyü iqtisadi siyasətdə köklü dəyişikliklər aparılması gözlənilmir. Yeni hökumət Avropa Birliyinin büdcə qaydalarına uyğun addımlar atacağını, dövlət xərcləmələrinin daha sağlam aparılacağını ifadə edib.

Prezident Anibal Cavaco Silva konkret şəkildə hər hansı macəra axtarışına icazə verməyəcəyini açıqlayıb.

Avropada iqtisadi böhranı daha dərin yaşayan ölkələrdən biri hesab edilən İspaniyada ilin üçüncü rübündə 0,8 faiz iqtisadi artım proqnozlaşdırıldığı bəlli oldu. Nəzərə çatdıraq ki, bundan əvvəlki proqnoz özünü doğrultmamış, ilin ikinci rübündə artım 1 faizdən az olmuşdu. Ölkə iqtisadiyyatında ən çox çətinliyi məşğulluq yaradır. Belə ki, böhrandan sonra maaşlar da azalıb, işsizlik 20 faizdən yuxarıdır.

Qara qızılın qara günləri...

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin istehsal həcmini azaltmamaları neftin qiymətindəki enişin davam edəcəyinə dair narahatlıqları artırdı. Beynəlxalq sanksiyalardan sıyrılan İranın və İndoneziyanın bazara dönmələri neft üçün xoş gələcək vəd etmir. OPEC üzvləri bazarı sabitliyə qovuşduracaq addımlar atmazsa, neftin 20 dollara düşəcəyi proqnozlaşdırılır. Onu da bildirək ki, OPEC-in 4 dekabrda keçiriləcək növbəti yığıncağında istehsal kvotasının artırılacağına dair qərar veriləcəyi haqda söhbətlər dolaşır.

Yola saldığımız həftənin daha bir önəmli hadisəsi təbii qaz ixrac edən ölkələrin forumu oldu. Dünya enerji bazarında söz sahibi olan siyasi liderlər Tehranda bir araya gəldilər. Rusiyanın dövlət başçısı Vladimir Putinin 8 il fasilədən sonra İrana səfər etməsi diqqət çəkdi. Qazın istehsal və satışına dair müzakirələr 1 gün davam etdi.

İş dünyası

Yola saldığımız həftə Amerika Birləşmiş Ştatlarında alış-veriş həvəskarlarının il ərzində gözlədiyi endirim günü yetişdi. 130 milyon insan “Qara Cümə”də mağazalara axışdı.

Kanada ilə İngiltərədə də mağazalar həmin gün fantastik endirimlərə getdilər. Məlumat üçün qeyd edək ki, "Black Friday” Çindəki “Subaylar Günü”nü hesaba qatmasaq, qlobal mənada ən böyük alış-veriş günüdür. Həmin gün təkcə internet vasitəsilə aparılan satışlar 2 milyard 300 milyon avro təşkil edir.

“Nestle”nin Taylanddakı zavodunun "kölə"lərdən faydalandığı aşkara çıxdı. Amerikanın vəkil qrupu tərəfindən aparılan araşdırmaya görə, şirkət işçiləri kölə kimi işlədib. İddialara görə, taylandlılardan əlavə, Myanma və Kambocadan da gəmilərlə gənc yaşda işçilər gətirilib. Həmin gənclər şirkətin zavodunda döyülərək aşağı əməkhaqqı qarşılığında işlədiliblər.

“Nestle” işçiləri kölə kimi işlətdiyini etiraf edib və şərtləri yaxşılaşdırmağı vəd edib. Amma araşdırmalar bununla bitməyib. Artıq gözlər Taylandda bənzər şərtlərdə insan əməyini istismar edən digər böyük xarici şirkətlərə çevrilib.

Həftə Türkiyə iş adamları üçün itki ilə keçdi. Belə ki, Rusiya məlum səbəblərdən Türkiyə ilə gömrük qapılarını bağladı. Ölkəyə gələn iş adamları da hava limanlarından geri qaytarıldı. Habelə, Rusiyaya mal aparan yüzlərlə TIR gömrük məntəqələrində gözləyir. Onların çoxu meyvə-tərəvəz yüklüdür.

Dəniz yolu da qapadılıb. Belə ki, Samsundan Novorossiysk limanına gedən, üzərində 100 TIR olan bərə açıq dənizdə dayandırılıb. Türkiyə mənbələrinin məlumatına görə isə gömrükdə gözləyən malların bazar dəyəri 30 milyon dollardan yuxarıdır.

Neft və qızıl

Həftənin əvvəlindən dəyəri gah qalxan, gah da düşən neft və qızıl həftəni enişlə tamamladılar. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 13,50 dollar azalaraq 1 056,20 dollara düşüb. Bununla da qiymətli metal son 6 ilin “dibini görüb”.

Gümüş isə 0,13 dollar azalaraq 14,05 dollara satılıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,33 dollar azalaraq 41,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 0,60 dollar azalaraq 44,86 dollar olub.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Azərbaycanda dollar noyabr ayının maksimumunu təkrarladı, prezidentin sərəncamı ilə 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) artırıldı.

Azərbaycandan Rusiyaya ixrac 41% azaldı.

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 13,6% və ya 321,5 mln. ABŞ dolları azalaraq cari ilin yanvar-oktyabr ayları ərzində 2 047,2 mln. dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixrac 43% azalaraq 407,2 mln. dollar, idxal isə 0,9% azalaraq 1 640 mln. dollar olub. Birlik ölkələri ilə əməliyyatlarda mənfi saldo 31% artaraq 1 232,9 mln. dollara çatıb. Beləliklə, bu müddətdə ümumi ixracın 4,17%-i, idxalın isə 22,04%-i MDB ölkələri ilə ticarət əməliyyatlarının payına düşüb.

Bu müddətdə Rusiyaya ixrac illik 40,7% azalaraq 322,3 mln. dollar, idxal isə əksinə, 16,9% artaraq 1 212,7 mln. dollar olub. Burada isə mənfi saldo 80,2% artaraq 890,5 mln. dollara çatıb.

Rusiyaya ixrac Azərbaycandan cəmi ixracın 3,3%-ni, idxalın isə 16,3%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 35,21% azalaraq bu ilin yanvar-oktyabr ayları ərzində 17 205,9 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 440,9 mln. dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 765 mln. dollar olub.

Beləliklə, xarici ticarət əməliyyatlarında 2 324 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır.

Cənub Qaz Dəhlizi (TANAP və TAP ) ilə bağlı Məşvərət Şurasının növbəti toplantısı Bakıda keçirilə bilər. Bunu isə energetika naziri Natiq Əliyev deyib. Layihənin Azərbaycana məxsus olduğuna diqqət çəkən nazir Şuranın iclasının növbəti ilin fevralında reallaşacağını istisna etməyib. Həmçinin, dəhlizə daxil olan layihələrlə bağlı Türkiyə və Azərbaycanda reallaşdırılan işlərdən razı qalındığını deyib: “Məşvərət Şurasının iclasından bir il ötüb. Müzakirə ediləcək məsələlər var. Bu ilin sonuna iclasın baş tutmasını çatdırmarıq. Gələn ilin fevral ayında növbəti iclas təşkil edilə bilər. Azərbaycanda və Türkiyədə görülən işlərdən razıyıq. Məlum səbəblərdən Almaniya, İtaliya və Yunanıstanda aparılan işlərə diqqət artırılmalıdır. Bu ölkələrdə işlər sürətləndirilməlidir".

Məndən bu qədər. ..

Leyla Əliyeva

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR