Bakıda ən ucuz kirayə evlər - MONİTORİNQ
Bizi izləyin

Ekopublika.az

Bakıda ən ucuz kirayə evlər - MONİTORİNQ

Fevral ayı ərzində kirayə mənzil bazarında təklif edilən birotaqlı mənzillərin orta qiyməti 195 dollar/ay təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1.6% çoxdur.

Publika.az xəbər verir ki, bu barədə “MBA Ltd” Qiymətləndirmə və Konsaltinq Şirkətinin Monitorinq Qrupunun hesabatında bildirilir.

Hesabata görə, ikiotaqlı mənzillərdə aylıq dəyişmə -2% qeydə alınıb, bazarda təklif edilən orta kirayə qiyməti ay üzrə 300 dollardır.

Bakı şəhərində üçotaqlı kirayə mənzillərin aylıq qiyməti 420 dollar təşkil edib ki, bu da öz növbəsində yanvarla müqayisədə 1.2% bahadır.

Ümumilikdə, çoxotaqlı mənzillərdə qeydə alınan qiymət azalmasını da nəzərə alaraq, aparılan araşdırmalar nəticəsində kirayə mənzil bazarında təklif edilən qiymətlərdə 4% azalma müşahidə edilib.

2016-cı ilin fevral ayı ərzində kirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qеydə alınıb. Bazarda əməliyyatların sayı isə 109-dan 4.6% artaraq 114 ədəd təşkil edib. Kirayə mənzil bazarında indeks 1.76 bəndindən 3.4% azalaraq 1.7 bəndində qərarlaşıb.

Hesabatda göstərilir ki, ümumilikdə kirayə mənzil bazarında təklif həcmi 9.4% artıb. Belə ki, yanvarda ümumi təkliflərin sayı 305 olduğu halda, bu rəqəm fevralda 333 olub. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 20% çoxalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin sentyabr ayında qeydə alınıb.

Kirayə mənzil bazarında təklif edilən mənzillərin otaq strukturuna gəldikdə, əvvəllər də olduğu kimi, ümumi təklif payında daha çox bir və ikiotaqlı mənzillər üstünlük təşkil edir. Fevral ayında onların ümumi birgə payı 68.5% təşkil edib.

Fevral ayı üzrə kirayə mənzil bazarında qiymət diapazonuna görə təklif strukturu aşağıdakı kimi olub. Birotaqlı mənzillərdə ən çox təklif olunan qiymət diapazonu 150-200 dollar arasında qeydə alınıb. Bu qiymət diapazonunda olan birotaqlı mənzillər bu seqment üzrə təklif portfelinin 49.3%-ni təşkil edib.

İkiotaqlı mənzillərdə isə ən çox təklif 220-320 dollar qiymət aralığında olan mənzillərdə qeydə alınıb. Bu diapazonda olan mənzillər ikiotaqlı mənzillərin ümumi təklif payının 32.5%-ni əhatə edir.

Bazara təklif edilən üçotaqlı mənzillərin təklifində 280-380 dollar qiymət aralığında olan mənzillər 30.5%-lə üstünlük təşkil edib.

Ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonlarında qeydə alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm