Kapitalsız necə biznes qurmaq olar? – Xəyal Məmmədxanlı ilə “VARLANMAĞIN SİRRİ”
Bizi izləyin

Ekopublika.az

Kapitalsız necə biznes qurmaq olar? – Xəyal Məmmədxanlı ilə “VARLANMAĞIN SİRRİ”

"Necə varlanmaq, davamlı biznes qurmaq olar?" sualı gündə bir çoxunuzun beynini bir neçə dəfə məşğul etməmiş deyil. Xüsusilə, iş dünyasında Stiv Cobs, Amansio Orteqa, Mark Zukerberq, Karlos Slim, Con Rokfeller kimi kiçik bizneslərdən başlayıb milyardalara sahib bioqrafiyaların mövcud olduğu zamanda.

Sahibkarlıq fəaliyyətlərinə geniş qucaq açan Azərbaycanda bu gün hansı işi qurub pul qazanmaq mümkündür, iş adamlarımız nə dərəcədə bizneslərinə məsuliyyətlə yanaşırlar kimi suallara işıq salmaq üçün bu gündən "Varlanmağın sirri" rubrikasına başlayırıq. Rubrika çərçivəsində, iş adamları ilə söhbətləşərək, uğurun sirlərindən danışacağıq.

Bu mövzuda ilk yazımızı bu gün verməyimiz heç də təsadüfi deyil. Çünki iş adamlarına hər zaman böyük dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 aprel "Sahibkarlar günü" kimi qeyd edilir. Bu günün təsis edilməsində məqsəd məhz sahibkaralara dəstəyi daha da artırmaq, onların işini stimullaşdırmaqdır.

Beləliklə Publika.az-ın "Varlanmağın sirri" rubrikasının ilk qonağı ekspert Xəyal Məmmədxanlıdır.

"Nəhəng şirkətlər böhran dövründə çiçəklənib"

- Dünya iqtisadi böhran keçirir. Böhran çətinliklərlə birgə həm də iş qurmaq üçün bir fürsət dövrü hesab edilir. Məsələn, qonşu Rusiyanın özündə böhran illərinin yaratdığı milyarderlər var. Azərbaycan iş adamları bu qlobal prosesdən necə faydalana bilərlər? Sizcə varlanmaq üçün nə etmək lazımdır?

- Böhran ona görə fürsət hesab edilir ki, bu dövrdə daxili tələbatın ödənilməsi üçün istehsalın inkişaf etdirilməsinə zərurət yaranır. Bu gün həm sahibkarların, həm də dövlətin üzərinə məsuliyyət düşür. Dəfələrlə sual verirlər ki, böhran dövründə nə etmək lazımdır? Böhran şəraitində yeni, eləcə də böyük, riskli investisiyalar yatırmağa dəyməz.

- Bəs nə etmək lazımdır?

- Mövcud bizneslərin sağlamlaşdırılmasına gedilməlidir. Yəni bu günə qədər əlinizdə müəyyən biznesiniz var idisə, lakin böhranla əlaqədar dövriyyəniz, gəlirləriniz azalıbsa, yeni biznesə başlamaqdansa, əlinizdə olan biznesi necə optimallaşdırmaq haqqında düşünməlisiniz. Yəni işçi ixtisarına getmədən bazardakı rəqabətə tab gətirmək haqqında fikirləşmək lazımdır. Dünyadakı nəhəng şirkətlərin əksəriyyəti böhran dövründə çiçəkləniblər. Bəziləri 50-ci illərin, bəziləri də 80-ci illərin böhranında inkişaf ediblər. Burada söhbət hansısa sehrli çubuqdan getmir. Yəni böhran sehrli çubuq deyil. Hazırda iki yol var – qısa və uzunmüddətli strategiya. Uzunmüddətli strategiya özündə idxaldan asılılığı azaldacaq istehsal sahələrini əks etdirir. Ölkədə və yaxın dövlətlərdə olan məhsulların istehsalına çalışılmalıdır. Həm daxili tələbatın ödənilməsi, həm də xaricə satış üçün. İxracyönümlü iqtisadiyyatı yaratmaq uzundövrlü strategiyadır. Qısa zamanda inkişaf etdirmək üçün iki sektor var. Birincisi turizmdir. Bu sahədə ciddi potensialımız var. İstər qış, istərsə də yay turizmi ilə bağlı böyük işlər görülüb. Bu gün Azərbaycana turist cəlb edib, onları məmnun etmək olar. Sadəcə, bunun üçün kiçik məsələləri həll etmək lazımdır.

"1 barrel neft 45 dollar olduğu halda, bu qədər nar şirəsi 350 dollardır"

- Necə məsələləri?

- Məsələn, Novruz bayramı ərəfəsində valyutadəyişmə məntəqələri ilə bağlı problem ortaya çıxdı. Gecə saat 11-12-dən sonra valyuta dəyişdirmək mümkün deyildi. Əslində xırda görünən bir çox məsələlər turistlərin ölkədən qaçmasına səbəb ola bilər.

- Bəs qısa zamanda gəlir gətirə bilən ikinci sahə hansıdır?

- Kənd təsərrüfatı. Düşünün bir barel neft 159 litdir. Bir barel neftin bazar qiyməti 40 dollardan azca yuxarıdır. Halbuki neftin alt komponentlərini satmaqla daha çox gəlir əldə edə bilərik. Başqa tərəfdən 1 barel nar şirəsinin qiyməti 350 dollara başa gəlir. Ötən ilin sonlarında əhalinin əlindəki bir çox məhsul xarab oldu. Bunun üçün ixracı stimullaşdırmaq, güzəştli kreditlər ayırmaq lazımdır.

"Banklar 35 faizlə kredit verirlər, halbuki biznesdə 35%-lik qazanc yoxdur"

- İnvestisiya üçün daha hansı sahə sərfəlidir?

- Sözün əsl mənasında bu yöndə məsləhət vermək çətindir. Əvvəllər çox rahatlıqla məsləhət vermək mümkün idi. Çünki insanların ən çox investisiya etdikləri sahə daşınmaz əmlak sektoru idi. Bu gün həmin sahə elə də cazibədar deyil. Pərakəndə ticarət sektorunda da gəlirlər xeyli azalıb. İnvestisiya qoyulan sahədə 3-5 illik strateji plan olmalıdır.

- Belə çıxır ki, kimdə pul varsa, "yastığı altında" saxlasın?

- Yox. Hazırda kənd təsərrüfatına investisiya qoymaq məsləhətlidir. Fərqi yoxdur hansı sahəsi. Kənd təsərrüfatı elə sahədir ki, nə qədər ölkədə əhali var onlar qidalanacaqlar, sizdə onları təmin edəcəksiniz. Hətta ixrac etmək imkanı da var. Lakin burada da fermerlərin maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır. Bütün iqtisadiyyatlarda biznesin təkanverici qüvvəsi banklar, maliyyə təşkilatlarıdır. Amma bizdə fermer kredit üçün banka müraciət etdikdə ondan Bakı şəhərində əmlak tələb olunur, dollarla kredit təklif edilir. Lizinq şərtləri asanlaşdırılmalıdır.

- Bizdə sahibkarlar pul qoyduğu biznesdən maksimum gəlir götürməyə köklənirlar. Bu məntiqlə kredit faizləri sahibkarların qazanclarını üstələməməlidir axı...

- Azərbaycan sahibkarlarına kredit 35 faizlə verilir. Dünyada gəlirlə işləyən bizneslər maksimum 15 faiz gəlir əldə edirlər. 35 faiz gəlir gətirən 3 biznes növü var. Birincisi insan, ikincisi silah, üçüncüsü də narkotik ticarəti. Qalan heç bir biznesdə 35 faiz gəlir yoxdur. Banklar kredit verməzdən əvvəl biznesin marjasını bilməlidirlər.

"Yeyib-içib, biznes qurmağa qərar verirlər"

- Sahibkarların özündə heç problem yoxdur? Görünən odur ki, banklar sahibkarlara etibar etmirlər...

- Bəli etibar etmirlər. Bunun səbəbi də bəzi sahibkarların biznes düşüncəsindən kənarda fəaliyyət göstərməsidir. Bizdə sahibkarlar necə qərar qəbul edirlər bilirsinizmi? Restoranda yeyib-içirlər və biznes qurmağa qərar verirlər. Heç bir bazar araşdırması aparmadan, biznes strategiyası qəbul etmədən. Azərbaycanda müəssisələr var ki, onlara 10 milyon dollarla vəsait qoyulub. Amma investisiya qoyuluşu zamanı bölgənin xammal resursları nəzərə alınmayıb. Halbuki minimum xammal bazası olmalıdır ki, zavod işlək vəziyyətdə olsun. Bu gün biznes sektorunun ən az pul xərclədiyi iki sahə var – biznes məsləhəti almaq və sığorta. Bunun hər ikisinə pulum olsa, edərəm prizmasından yanaşırlar. Halbuki ikisi də vacibdir. Birinci risklərdən sığortalanmaq lazımdır. Sonra da məsləhətçi ilə hərəkət etmək.

- Normal biznes qurmaq üçün nə qədər vəsait tələb edilir?

- Biznesdən-biznesə fərq var. Kapitalsız da biznesə başlamaq mümkündür.

"Kapitalsız biznes qurmaq istəyənlər..."

- O hansı biznes növüdür?

- Sosial şəbəkədəki hesabınızda elan verə bilərsiniz ki, Bakı şəhərində kuryer xidmətləri göstərirəm. Oturursuz ictimai nəqliyyata aparırsız məktubu verirsiniz. Pulunuzu alırsınız. Yaxud da vasitəçilik xidməti göstərərək heç bir kapital qoymadan pul qazana bilərsiniz. Böyük biznes qurmaq istəyirsinizsə, biznesin növündən asılı olaraq ilkin kapitalın həcmi dəyişir. Düşünmək lazim deyil ki, biznes üçün nə qədər pul lazımdır. Pulun məbləğinə görə biznesin növü seçilməlidir. Təəssüf ki, Azərbaycanda bir anda varlanmaq istəyirlər. Bu gün yatırılan pulu sabah götürmək istəyirlər. Belə ki, hər hansı biznes qurulur 3 aydan sonra sahibkar artıq gəlir tələb etməyə başlayır. Halbuki normal biznes özünü 3-5 ildən sonra doğruldur və gəlir gətirir. Belə bizneslər Azərbaycanda yoxdur. Şirkətin rəhbərliyinə peşəkar menecer gətirilir. Bir çox hallarda həmin idarəçilərlə sahibkarlar arasında problem yaranır. Çünki 3 ay sonra sahibkar menecerdən "biznesə bu qədər pul qoymuşam niyə gəlir gətirmir?" deyə izahat tələb edir. Dünyada elə şirkət yoxdur ki, 3 ay ərzində nəhəng biznesə çevrilsin. Hər birinin tarixində tərəqqi, tənəzzül dövrü olub. Bəzən yerli bizneslərdə plansız hərəkət iflasa gətirib çıxarır.

"Kredit hesabına milyonluq həyat yaşayıb, əməkdaşlarına əməkhaqqı ödəmirlər"

- Xəyal bəy, iş dünyasında özünü təsdiqləmiş insanların fikrincə, pulu xərcləmək qazanmaqdan daha çətindir... Azərbaycan sahibkarı bu haqda necə düşünür?

- Bizim sahibkarlar bəzən mənasız izafi xərcləmələrə yol verirlər. Müəyyən şirkətlər var ki, kredit hesabına milyonluq həyat yaşayıb əməkdaşlarına əməkhaqqı ödəmirlər, kreditləri geri qaytarmırlar. Bütün hallarda pul qazanmaq çətindir. Amma "pul qazanmaq mümkün deyil", fikri ilə razılaşmıram. Bu gün Azərbaycanda onlarla sahə var ki, hələ də öz inkişafını gözləyir. Xidmət sektorunda boş sahələr mövcuddur. Biznes deyəndə ilk ağıla çay evi, qəlyan, gözəllik salonu gəlir. Çox şükür şadlıq evləri erası geridə qaldı. Bu məsələlər dəyişməlidir. Ənənəvi biznesləri inkişaf etdirmək lazımdır. Bu, həm turizm, həm də kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir.

- Ənənəvi biznes dedikdə?

- Ayaqqabı tikmək, dülgərlik və sair.

"Market açmaq biznes deyil"

- Bizdə ənənəvi biznes dedikdə hər kəsin ağlına market açmaq gəlir...

- Bu, biznes deyil.

- Axı market açıb asan qazanca əldə etmək daha sərfəlidir...

- Problemin kökü də budur.

- Məncə, biz Şərq zaman zolağından çıxa bilmirik?

-Tam demək olmaz ki, biz Şərq zaman zolağındayıq. Fizikada belə bir düstur var yol məsafə bərabərdir sürət vurulsun zaman. Zaman dəyişməyən faktordur. Həmişə 24 saatdır. Qət etdiyimiz yol bizim sürətimizdən asılıdır. Azərbaycanda Şərq zolağında zaman toy, yas və iclasdır. İş adamları işlərini ertələsə də bu üç faktoru ertələyə bilmirlər. Nəticədə işlər üst-üstə yığılır, həlli mümkün olmayan problemlərə gətirib çıxarır. Bu gün özü üçün gündəlik iş cədvəli tərtib edib ona uyğun hərəkət edən az sayda insan var. Nəticədə biz avropalılardan daha çox işləyirmiş kimi görünürük. Onlar 09:00-dan 18:00-a qədər işləyirlər bu, kifayət edir. Amma biz 09:00-dan 21:00-a qədər işləyirik kifayət etmir. İnsanlar zaman idarəetməsində özlərinin iş qabiliyyətlərinin yüksək olduğu saatları müəyyən etməlidirlər. Məsələn, bəzilərinin iş qabiliyyəti axşamlar yüksək olur.

"Sahibkarın özünü tərifləməsi.."

- Xəyal bəy, sahibkarlarımız niyə reklama pul xərcləməyə xəsislik edirlər?

- Reklamda problemlər çoxdur. Əvvəla bizdə reklam xərcləri çox yüksəkdir və bunun müqabilində verdiyi nəticə çox cüzidir. Düzdür, pərakəndə ticarət sektorunda reklam bəhrəsini verir. Digər sahələrdə fəlsəfə elə qurulub ki, brend insanların yadından çıxmasın. Yerli reklamda verilən mesaj ancaq sahibkarın özünü tərifləməsidir. Bu, yanlış strategiyadır. Reklamda "biz beləyik eləyikdən daha çox insanlara nə verə bilərik" təqdim edilməlidir. Reklam, piar, sığorta bunlar lüzumsuz xərclər hesab edilir. Şirkətin iki sahəsi olmalıdır – pul gətirən, pul xərclənən. Hər ikisi şirkət üçün çox əhəmiyyətlidir. Şirkətin bütün xərclərinə zəruri xərclər kimi baxılmalıdır.

Leyla Əliyeva,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm