Çin şirkətindən “Gözəl Azərbaycan” layihəsi
Bizi izləyin

Ekopublika.az

Çin şirkətindən “Gözəl Azərbaycan” layihəsi

Çinin “Huawei” və Azərbaycanın “Bakcell” şirkəti “Gözəl Azərbaycan” layihəsinə start verir.

Publika.az xəbər verir ki, bu gün layihənin təqdimat mərasimi keçirilib. Bildirilib ki, layihə çərçivəsində dörd istiqamətin reallaşdırılması nəzərdə tutulur: gözəl təbiət, gözəl mədəniyyət, gözəl insanlar və gözəl zəkalar. Layihənin “Gözəl Təbiət” hissəsində təşkil olunacaq fotomüsabiqədə ölkənin gözəlliyi, insanların daxili zənginliyi nümayiş etdiriləcək.

“Gözəl Mədəniyyət” hissəsində Azərbaycanın mədəni irsinin təbliği məqsədilə Bakı və bölgələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

“Gözəl İnsanlar” istiqaməti çərçivəsində Azərbaycan xalqının məişəti, həyat-tərzi nümayiş olunacaq.

“Gözəl Zəkalar” hissəsində isə Azərbaycan gənclərinin savadı, potensialı və istedadı əks olunacaq.

Layihə çərçivəsində nəzərdə tutulan "Gələcəyin toxumları" proqramı artıq icra olunub və Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqədə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Özəl Universitetindən seçilən 6 tələbə Çin Xalq Respublikasının "Huawei" şirkətində istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

“Huawei” şirkətinin digər şirkətlərlə birlikdə rəhbərlik etdiyi bu layihə gündən-günə gözəlləşən Azərbaycanın hətta bəlkə də bizlərin və Azərbaycanla maraqlanan mütəxəssislərin bilmədiyi tərəflərini ortaya çıxarmış olacaq”, - deyən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

O, bildirib ki, Azərbaycanın rayonları, şəhərləri, kəndləri günü-gündən gözəlləşir: “Tək Bakı deyil, hətta ən ucqar rayonları belə indi tanımaq olmur, Azərbaycanın bütün rayonlarında son zamanlarda, son illərdə çox ciddi dəyişikliklər olub. Həyata keçirilən “Gözəl Azərbaycan” layihəsi də sürətlə inkişaf edən ölkəmizin gözəlliyinin incəliklərini və elementlərini üzə çıxaracaq”.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin də bildirib ki, Azərbaycan və Çin arasında dostluq əlaqələri 24 illik tarixə malikdir: “Bu illər ərzində mütəmadi olaraq, qarşılıqlı səfərlər təşkil olunub, birgə layihələrə imza atılıb. Bu həmrəylik indi də davam edir. Sözügedən əməkdaşlığın əsas icraçılarından biri də “Huawei” şirkətidir. Müəssisə fəaliyyətində hər zaman İKT sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə öz töhfəsini verir. Bu töhfələrdən biri olan “Gözəl Azərbaycan” layihəsinin məqsədi qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanı dünyada tanıtmaq, insanlarının, xüsusilə də gənc nəslin istedadını nümayiş etdirməkdir”.

“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers isə çıxışında layihənin həm iki ölkə arasındakı hərtərəfli əlaqələrin daha da genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq səviyyədə təmsil olunmasına şərait yaradacağını qeyd edib: “Layihənin təşkilatçısı olaraq, məqsədimiz Azərbaycanı sosial şəbəkələr və informasiya resursları vasitəsilə daha geniş tanıtmaq, dünyanın hər yerindən insanları bu ölkəyə cəlb etməkdir”.

Tədbirdə “Gözəl Azərbaycan” layihəsinə həsr olunan video-çarx nümayiş olunub.

Qeyd edək ki, 1987-ci ildə yaranan və dünyada telekommunikasiya üzrə lider olan “Huawei” şirkəti artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm