14 ilin inkişaf xətti: evsizlərə ev, işsizlərə iş - 2018-ci ildə görüləcək işlər
Bizi izləyin

Ekopublika.az

14 ilin inkişaf xətti: evsizlərə ev, işsizlərə iş - 2018-ci ildə görüləcək işlər

“Son 14 ildə Azərbaycan qədər sürətli inkişaf edən ikinci ölkə olmayıb”.

Prezident İlham Əliyevin bu sözləri son illər aparılan islahatların nəticəsi olaraq, ölkə iqtisadiyyatında inkişaf xətti göz önünə gətirir.

Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı 2004-2017-ci illərdə görülmüş işləri açıqladı və qarşıdakı dövrdə həyata keçiriləcək layihələrin müjdəsini verdi.

Publika.az 2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafını və görülən işləri araşdırıb.

İnkişaf xətti

- 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində cəmi 9 elektrik stansiyası tikilib. Son 14 ildə isə Azərbaycanda 2500 meqavat gücündə 30 elektrik stansiyası tikilib və ümumi generasiya gücü 6400 meqavata çatdırılıbdır.

- 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb. Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir.

- Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib.

- Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Son 14 il ərzində dörd su anbarı-Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay – tikilib.

- İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb. Mütəxəssislər bunu dünya miqyasında rekord göstərici olaraq qiymətləndirir. Qeyri-neft sektorunun inkişafı isə 2,8 dəfə artıb.

- Sənaye sahəsinin inkişafında 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım qeydə alınıb. Qeyri-neft ixracı 4,1 dəfə artıb.

- 14 il ərzində Azərbaycanın valyuta ehtiyatı 23 dəfə artaraq, 42 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön pillələrdə qərarlaşır.

- On dörd il ərzində əhali 1,5 milyon nəfər artıb. Dünya təcrübəsində əhalinin artımı iqtisadi inkişaf, sosial rifah və sabitliyinin göstərici olaraq qəbul olunur.

- 14 il ərzində əmək haqları beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb.

- Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib. Orta biznes sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb.

- Azərbaycan kosmik dövlətə çevrilib. Hazırda ölkəmizin telekommunikasiya və əraziləri müşahidə iki peyki var. Üçüncü peykin bu il orbitə buraxılacağı gözlənilir.

- Azərbaycanda gəmiqayırma sahəsində uğurla addımlayır. Hazırda böyük gəmiqayırma zavodu inşa edilib.

- Son 14 ildə Azərbaycanda yeddi aeroport, böyük gəmiqayırma zavodu, Xəzərdə ən böyük Dəniz Ticarət Limanı tikilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilibdir. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihədir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qısa müddət ərzində həll edib.

Qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi xalq qarşısında tarixi xidmətlərdir. Bu layihələr Azərbaycanın uzunmüddətli inkişafına şərait yaradır. Bu müddət ərzində ölkə daxilində 12 min 300 kilometr yol çəkilmiş, 443 körpü tikilib.

- 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayələr göstərir ki, Azərbaycana inam, həyata keçirilən siyasətə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Təkcə 2017-ci ildə Azərbaycana 14,6 milyard dollar sərmayə qoyulub.

- Son 14 il ərzində Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.

- Son 14 ildə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.

***

Prezident İlham Əliyev 2018-ci ildə də inkişaf xəttinin saxlanılması üçün müvafiq tapşırıqlarını verib. Artıq bu il planlaşdırılan layihələr ictimaiyyətə açıqlanıb. Dövlət başçısının tapşırıqlarına əsasən:

- 2018-ci ildə Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılacaq.

- 400 meqavat gücündə olan “Şimal-2” elektrik stansiyası istifadəyə veriləcək. Bu, Azərbaycanın enerji ixracı imkanlarını artıracaq.

- İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il üç şəhərin – Mingəçevir, Qəbələ və Ağdaşın içməli su və kanalizasiya problemi tam həll olunacaq. Daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

- Bu il 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil ediləcək.

- Bu il 2300 kilometr avtomobil yolu - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək.

- 2017-ci ildə “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikilmiş, abadlaşdırılıb. 2018-ci ildə 600 kəndin yolu inşa olunacaq.

- Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatacaq, Füzuli rayonu və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq.

- Bu il 137 modul tipli məktəb tikiləcək, Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq.

- Dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikiləcək. Onlardan ikisi bu il, ikisi gələn il istifadəyə veriləcək.

- 2018-ci ildə 20 min köçkün yeni evlərlə təmin ediləcək. 2017-ci ildə 12 min köçkün yeni evlər və mənzillərlə təmin edilib.

- 6-7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. “Ailə Biznesinə Asan Dəstək” layihəsi inkişaf etditiləcək.

- Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görüləcək. Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail olunub.

Şimal-Cənub nəqliyyat dəhlizinin effektivliyini təmin etmək məqsədilə Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması nəzərdə tutulub. Turizm sektorunun inkişafı məqsədilə Qəbələ və Qusara dəmir yolunun çəkilişi də planlaşdırılır.

- Bu il 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı - Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayacaq.

- Bu il üç “ASAN xidmət” mərkəzi açılacaq və mərkəzlərin sayı 15-ə çatacaq. Həmçinin, beş mərkəzin tikintisinə başlanmalıdır.

- Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsanda başlayan ikinci layihəsi çərçivəsində on min insan sosial evlərlə təmin ediləcək. Bu il Yasamal layihəsinin evlərinin bir hissəsi vətəndaşlara təqdim ediləcəkdir.

- Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. 2017-ci ildə ölkəyə gələn turistlərin sayı beş minə yaxın artmışdır.

- 2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. İlin sonuna qədər Azərbaycanda 20 xalça fabriki fəaliyyət göstərəcək. Birinci mərhələdə xalça fabriklərinin sayı 30-a çatdırılacaq.

Bütün bunların sayəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu inkişaf beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Misal üçün, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm