Ekopublika.az
SOCAR hansı xərcləri ixtisar edə bilər?
Dünya bazarlarında neftin qiyməti 3 ay öncədən enməyə başlasa da, Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) rəhbərliyi bir az əvvəl narahat olmadıqlarını bildirmişdi.
Rövnəq Abdullayev ötən ay verdiyi açıqlamasında dünya bazarlarında
qiymətlə bağlı yaranan vəziyyətlə əlaqədar şirkətin illik gəlirləri
üçün heç bir təhlükənin mövcud olmadığını söyləmişdi. Ancaq son
açıqlamasında SOCAR rəhbərliyi xərclərin korrektəsindən
danışıb.
Bunun məhz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü
ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında
dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin
büdcədə qiyməti düzgün müəyyən etməli olduğu barədə söylədiyi
fikirdən sonraya təsadüf etməsi diqqəti cəlb etdi. Prezident
sözügedən iclasda xatırlatdı ki, bizim büdcəmizin müəyyən hissəsi
Neft Fondunun hesabına təmin edilir. “Çünki dünya iqtisadiyyatı
hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin
ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və
investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq” – deyə
dövlət başçısı vurğuladı.
Maraqlıdır ki, R. Abdullayev də SOCAR-ın məhz investisiya
proqramlarının icrasına çəkdiyi xərclərin korrektəsindən danışıb.
Bu da təbiidir. O mənada ki, neftin qiyməti nə qədər minimuma ensə
də, dövlət büdcəsinə ödənişlər azaldıla bilməz. Ona görə ki, büdcə
neftdən çox asılı vəziyyətdədir. Neft və neft məhsulları satışından
əldə olunan gəlirlər olmasa, Vergilər Nazirliyi (VN) ilə Dövlət
Gömrük Komitəsinin və digər qurumların xətti ilə qeyri-neft
sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə imkan vermir.
Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas
etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan
gəlirlər hesabına ödənilir.
Ümumiyyətlə, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun
tətbiqinə dair Prezident fərmanının 1-ci bəndində göstərilir ki,
adıçəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin
dövlət büdcəsinə daxilolmanı təmin etmək üçün dövlət orqanları və
müəssisələri istiqamətində tapşırıqların minimum həddi ARDNŞ xətti
ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825
milyard (sözügedən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə
yığımın buna dəxli yoxdur), Neft Fondundan transfert 9,337 milyard,
neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı
tərəflərin mənfəət vergisi isə 0,977 milyard manat müəyyən
edilsin.
Cəmi 12 milyard 139 milyon manat... Bütün bunların müqabilində isə
sözügedən sənədin 1.1.3. maddəsində qeyri-neft sahələri üzrə
vergilər və vergi olmayan ödənişlər 4,300 milyard manat nəzərdə
tutulub.
Yeri gəlmişkən, dövlət büdcəsinə Neft Fondundan bu il üçün nəzərdə
tutulan 9,337 milyard transfert keçən ildəkindən 17,7 faiz az
təşkil edir. Odur ki, SOCAR üzrə dövlət büdcəsinə nəzərdə tutulan
ödənişlərdə də bu və ya digər səbəbdən kəsirlə həyata keçirilərsə,
ən zəruri xərc maddələri maliyyələşdirilə bilməyəcək.
Yeri gəlmişkən, ötən şərhimizdə də yazdıq ki, ötən 9 ayda dövlət
büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə
yetirilib ki, göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin
24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı
xərclərin payına düşüb. Bu isə o deməkdir ki, dövlətimizin əsas
maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini
“qayçılanması” mümkün olmayan xərclər təşkil edir.
Bu baxımdan da, VN-i hələ ilin 1-ci yarısında bildirmişdi ki, SOCAR
cari il üçün proqnozlaşdırılan 1,825 milyard manatı tam ödəyəcək.
Qeyd olunan məbləğ isə VN xətti ilə toplanacaq ümumi məbləğin
təqribən 25 %-i deməkdir.
Bəs, görəsən, adıçəkilən şirkət məhz hansı xərcləri ixtisar etmək
niyyətindədir?
Məsələ bundadır ki, bu ilin dövlət büdcəsində neftin 1 bareli 100
ABŞ dollarından hesablanıb. 2014-cü ilin yanvar-sentyabr aylarında
isə Azərbaycan neftinin orta qiyməti təxminən 109 dollar təşkil
edib. Düzdür, iyun və oktyabr ayları arasında təqribən 20 faiz
enib. Və hazırda 100 dollardan aşağı səviyyədədir. Lakin ilin
sonunadək qiymət 90-95 dollar arasında qalarsa, bu il üçün neftin 1
barelinin orta qiyməti ölkəmizə 100 dollarda aşağı başa gəlməyəcək.
SOCAR rəhbərliyinin əvvəlki nikbinliyi də, ola bilsin ki, bundan
bəhrələnirdi.
Ancaq kim zəmanət verə bilər ki, qiymət bundan aşağı enməyəcək?
İş ondadır ki, ölkəmizdə hasilat da enir. Artıq bir neçə ildir
ardıcıl olaraq davam edən prosesə bahəm, cari ildə ölkəmizdə 41,2
milyon ton neft və 28,8 milyard kubmetr isə qaz hasil olunacağı
gözlənilir ki, keçən ilsə SOCAR-ın məlumatına əsasən, 43,48 milyon
ton neft, 29,46 milyard kubmetr qaz hasil etmişdik.
Xatırladaq ki, ölkəmizdə ən yüksək neft hasilatı 2010-cu ildə
50795,5 milyon ton əldə edilməklə qeydə alınmışdı. Əvvəlki ildə -
2009-ci ildə isə bu rəqəm 50419,3 milyon ton təşkil etmişdi.
2011-ci ildə isə birdən-birə 5170,1 milyon ton azalma baş verərək,
45625,4 milyon ton təşkil etdi. O vaxtdan hasilat hər il enir.
Sözümüz bunda deyil.
Keçən ilin nəticəsinə görə, SOCAR-ın ümumi gəliri 38,43 milyard
dollar təşkil etmişdi ki, bu da 2012-ci ildəki 17,14 milyarddan
21,29 milyard dollar çox idi. Ümumi gəlirlərin 8,95 milyard manatı
neft, 1,85 milyardı isə neftkimya məhsullarının payına düşüb.
Yeri gəlmişkən, bir ara neft məhsullarının ixracı azalsa da, son
aylar bərpa olunub. Şirkətin büdcəyə ödənişləri də pis vəziyyətdə
deyil. Şirkət tərəfindən 2014-cü ilin yanvar-sentyabr aylarında
büdcəyə 1 milyard 412 milyon 857 min manat vəsait ödənilib ki, bu
göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 227 milyon 765
min manat və ya 119,2 faiz çoxdur.
Bununla belə, SOCAR-in satdığı neftdən büdcədə nəzərdə tutulan
qiymətdən yuxarı olan məbləğ arasındakı fərq vergi çıxıldıqdan
sonra Neft Fonduna da köçürüldüyündən (hərçənd, son vaxtlar bu
barədə hesabat verilmir) növbəti ildən qiymət azı 80 dollara
salınmalıdır. Çünki müşahidəyə əsasən, yaxın perspektivdə qiymət
100-ü ötməyəcək. Ölkəmizdə genişmiqyaslı investisiya siyasəti üçün
isə dünya bazarlarında qiymət azı 100 dollar təşkil etməlidir.
Odur ki, R. Abdullayev rəhbərlik etdiyi şirkətin məhz investisiya
proqramlarından danışıb. Məlumat üçün qeyd edək ki, SOCAR ölkəmizdə
yeganə neft məhsulları istehsalçısı olmaqla Gürcüstan, Ukrayna,
Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyalarına da malikdir.
Bundan əlavə, adıçəkilən şirkət Türkiyədə “Petgim” neftkimya
kompleksinin, həmçinin digər aktivlərin ortağı sayılır.
Ümumiyyətlə, Azərbaycanın xarici ölkələrə yatırdığı
investisiyaların həcminə görə Türkiyə ilk yerdədirsə, sonra
Gürcüstan gəlir. Təkcə, Türkiyəyə SOCAR-ın 2018-ci ilədək 17
milyard ABŞ dolları həcmində investisiya yatırılacağı gözlənilir
ki, neftin dünya bazarlarında ucuzlaşması ilə əlaqədar, ola bilsin,
məhz bu ölkələrdəki layihələr dayandırılsın.
Pərviz Heydərov
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?