Nazirlə dostdur, evində televizoru yoxdur...
Bizi izləyin

Köşə

Nazirlə dostdur, evində televizoru yoxdur...

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Bir dostum var. Dəhşətli dərəcədə nikbin adamdır. Tez-tez ona deyirəm ki, sənin nikbinliyin mənim ürəyimi partladacaq. O da gülür, bir qolunu boynuma salıb deyir, gedək çay içməyə! Heç vaxt görməmişəm ki, bir şey haqqında inamsız danışsın. Sabaha çox ümidlidir, elə bil gözləri görmür.

Yaşı qırx beşi adlayıb, iki oğlu var, bir qızı. Uşaqları hələ balacadır. Dediyinə görə, arvadının əmisi onlara Biləcəri tərəfdən iki otaqlı ev alıb, yaxşı həyətləri də var. Düzü, ona inanmıram. Məncə, yalan deyir. Çünki bir-iki dəfə sərxoş olub yanımda həyatından gileylənib. Kirayədə qalıram, evin də pulunu verə bilmirəm və s. Mənə elə gəlir ki, dostum puldan çox korluq çəkir. Sadəcə, özünü sındırmaq istəmir. Məsələn, tez-tez deyir, filan deputat məni yaxşı tanıyır, filan nazirin müavini ilə münasibətlərim yaxşıdır.

Yadıma düşmüşkən bir şeyi mütləq deməliyəm, yoxsa yadımdan çıxar. Dostum şeir də yazır. Burda atamın bir sözü də yadıma düşür: “Kim vəzifədən çıxırsa, şeir yazmağa başlayır”. Şeir dayanacaq yeri kimi bir şeydir, hayanı gəzib dolansan da, son ünvan ədəbiyyatdır. Tutalım, görürsən ki, böyük imtiyazları olan bir adam həm də hansısa universitetin yarımştat ədəbiyyat müəllimidir. Məqsəd aydındır. O bilir ki, vəzifə gəldi-gedərdi, onu yarımştat müəllim işlədiyi yerdə daha çox xatırlayacaqlar.

Filan yerdən mənə zəng elədilər, dedilər, müsahibə ver, vermədim. Filan saytın redaktoru dedi, bizə köşə yaz, hər yazına yüz əlli manat verirəm, razı olmadım. Dünən filan restoranda yaxşı yeyib-içdim, cibimə də filan qədər pul qoydular. Hamısı dostumun goplarıdır. Deyirəm, belə pulun varsa, bir qonaqlıq ver. Gülür...

Dostum yaxşı insandır. Hələ görməmişəm ki, kiməsə pisliyi keçsin. Tutalım, ən böyük pisliyi o ola bilər ki, kiminsə arxasınca danışsın, qarasına söylənsin. Öz-özümə fikirləşirəm ki, təhlükəsiz adamdır, niyyəti safdır, təmizdir, əsəbiləşib, qoy, nə danışır danışsın, ürəyini boşaltsın.

Hiss edirəm ki, dostum çox şeyi yalan danışır, amma heç vaxt üzünə vurmamışam. Ürəyini qırmaq istəmirəm. Bu adamı maraqlı bir kitab kimi həmişə oxumağa çalışıram. Təsəvvür eləyin, adamın ən böyük yalanı odur ki, çox kasıbdır, amma bunu biruzə vermək istəmir, özünü elə aparır ki, guya yaxşı dolanır. Siz Allah, bunun günahına baxın!

Bir məsələ də var ki, dostum təqdim elədiyim qədər də səfeh adam deyil. Doğrudan da, onun sayılıb-seçildiyi yerlər olub ki, gözlərimlə görmüşəm və xeyli təəccüblənmişəm. Sadəcə o, olduğundan daha böyük görünməyə çalışır, hər yerdə özünü çox yüksək şəkildə təqdim etmək istəyir və buna görə də, malik olduğu şeylər gözə görünmür. Adam bütövlükdə lağlağıya çevrilir. Bu, hamıda belədir.

Dostum çox darıxan adamdır. Darıxdığını da heç kimə deməz! Bir də görürsən ki, səhərdən axşama qədər parkda gəzib-dolaşır. Mən bilirəm ki, heç kimi gözləmir. Sadəcə, gözləri kimisə gəzir, görsün kim var, gedib bir yerdə otursunlar. Təsəvvür eləyin, elə məqamlar olub ki, dostum oturub çay içməyə adam tapmayıb. Mənə zəng vuranda isə çox vaxt onun telefonunu açmıram. Çox zalım adamam!

Bir dəfə isə əl çəkmədi, ard-arda o qədər zəng elədi ki, axırda çaşıb telefonu açdım. Məni yeyib-içməyə dəvət elədi. Hardansa əlinə pul keçmişdi. Kefim yox idi. Düzü, problemlərim o qədərdir ki, bilmirəm hansının dərdini çəkim. Bəzən problemlər məndən inciyir, küsür ki, niyə o birisini çox düşünürsən, məni az?

Dostum yüngül bir məclis təşkil elədi. Eləcə ikimiz oturmuşduq. Dedi, araq gəlsin. Etiraz elədim, dedim, canım bərk ağrıyır, içə bilmərəm. Əslində isə yalan deyirdim, canım-zadım ağrımırdı. Sadəcə, axşam qonaqlarımız gələcəkdi, ona görə içmədim. Nə qədər çalışsa da, xeyri olmadı. İçmirəm, vəssalam!

Dostum yarım litir arağı yanına qoyub bala-bala vurmağa başladı. İçə-içə də danışırdı ki, filan deputat məni yaxşı tanıyır, filan nazirin müavini ilə münasibətlərim yaxşıdır, filan yerdən mənə zəng elədilər, dedilər ki, müsahibə ver, vermədim. Filan saytın redaktoru dedi, bizə köşə yaz, hər yazına yüz əlli manat pul verirəm, amma razı olmadım...

- Sən Allah, işin-gücün yoxdur? - dedim.

Dostum gülə-gülə:

- Niyə kefin yoxdur?

- O qədər problemim var ki...

- De görüm dərdin nədir?

Düzü, o qədər ürəklə maraqlandı ki, sevindim, elə bildim, ya bu saat cibindən pul çıxarıb verəcək, ya da hansısa bir deputata zəng eləyəcək ki, məsələni həll eləsin.

- Bu gün bacımın ad günüdür, axşam ailəlikcə yığışıb bizə gələcəklər.

- Hə, gəlsinlər, burda nə var ki?

- Bacımın qaynanası, qaynatası, qayınları də gələcək...

Dostumun çiyinləri bir balaca yuxarı qalxıb, təzədən öz yerinə qayıtdı.

- Gəlsinlər də! Sən nəyin dərdini çəkirsən?

- Televizorumuz işləmir, düzəltdirməyə pulumuz yoxdur. Səhər-səhər evdən çıxanda anam Allaha yalvarırdı ki, axşama pul yetirsin, aparıb televizoru düzəltdirək. Yoxsa qohumların yanında biabırçılıq olacaq.

Sonra başımı aşağı salıb öz-özümə dedim:

- Nə adətdir, bilmirəm, kənd yerindən şəhərə kim gəlirsə, birinci toy kasetinə baxır.

Dostum axırıncı rumkanı başına çəkib üzümə yüz qaram gülümsədi.

- Bizim də televizorumuz yoxdur - dedi.

Sonra əlini əlinə vurub güldü, uğunub getdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm