İki gün içində ölümdən necə döndüm?..
Bizi izləyin

Köşə

İki gün içində ölümdən necə döndüm?..

Zümrüd Kərimova

Zümrüd Kərimova

- Rica edirəm, hətta yalvarıram, artıq mənə yemək göndərmə…

- Axı anam deyir ki, yeməsən, sağalmayacaqsan. Yemək insana güc-qüvvət verir.

- Məni başa düş. Onsuz da, məhdud olan enerjimi yeməyə sərf edə bilmərəm.

- Bu ki o qədər də ağır yemək deyil - ət şorbasıdır. Anam deyir ki, ət yeməkləri xəstələr üçün əla enerji mənbəyidir və tez sağalmağa kömək edir. Məni isə qarşıda çətin imtahanlar və bir yığın dərs gözləyir. Sağalmalıyam...

- Necə, necə??? Ət yeməyi ağır deyil? Bağışla, amma sənin beynin də xəstələnib? Bildiyim qədərilə, sən axı yalnız qrip olmusan. Dostum, qulağını yaxınlaşdır və məni dinlə. Öncəliklə, onun deyim ki, uğurlu nəticə əldə etmək üçün heç kim imtahandan qabaq restorana gedib ət yeməyi yemir, kitabxanaya gedib dərs oxuyur. İkincisi, əgər sənin həzm sistemin ətdən əldə etdiyin proteini həzm edə bilsəydi, sən yemək yedikdən sonra divanda yaslanıb qalmaz, divanla birlikdə kosmosa uçardın.

- Əslində sənin bu söhbəti niyə etdiyini bilirəm. Ət yeməklərinə qarşı fobiya yaranıb səndə. Bayramda da belə etdin. Hər yerdə qanlı ət gördün və bulantı yaratdın. Bütün günümü gözümdən gətirdin. Sənin üzündən gecə yata bilməyib, həyətdə qurban olmağı gözləyən quzularla dərdləşmişəm.

- Gəl, bu müzakirəyə anatomiyadan başlayaq. Dostum, əgər kor-koranə şəkildə ananın məsləhətlərini dinləmək yerinə, bir az araşdırma edib, ən azı, təbiət haqqında sənədli filmlərə baxsaydın, ətyeyən heyvanların otyeyənlərdən fərqli olaraq, düz, boru şəklində və qısa bağırsaqlara malik olduğunu görərdin. Otyeyən heyvanlarda isə əksinədir. Onlar dolanbac, uzun və qıvrımlı bağırsaqlara malikdirlər. Anatomiya kitabının üzərindəki insan fiziologiyasını təsvir edən şəkilə bığ çəkmək yerinə, həzm sisteminə diqqət yetirsəydin, insanların da otyeyənlər kimi bağırsaq quruluşuna malik olduğunun şahidi olardın.

- Bəs anamın məsləhətlərinə niyə kor-koranə deyirsən?

- Yaşadığın şəhərdə hər on insandan səkkizi ət yeməklərindən mütəmadi olaraq istifadə edir. Qalan ikisi ya altı ay və ondan balaca körpələrdir, ya da sağlamlıq problemi olan, əqidəsinə görə heyvanlara əziyyət verməkdən çəkinən və heyvan haqları müdafiəçiləridir. Əgər ət tez sağalmağa, xəstəliyin qarşısını almağa yardımçı olsaydı, həftədə bir neçə dəfə keçi ətindən dərman kimi istifadə edən və bunu insanlara alışamaqda israr edən qonşu Rəhman dayı gözünün önündə xərçəngdən əriməz, həyat yoldaşı Şövkət xala diabetdən şişməzdi. İyirmi milyon toyuğun, milyon yarım inəyin insan xidməti üçün doğulduğu, yaşadığı və öldüyü dünyada heç kim xəstələnməzdi. İnsan vücudunun ən gec həzm etdiyi qidaların başında ət gəlir. Ətin ağzına aldığın bir tikəsini rahat şəkildə həzm edə bilmək üçün nə az, nə çox, otuz dəfə çeynəməlisən. O zaman da, ahahahahayy, çənəndən və dişlərindən vaz keçməli olacaqsan.

- Yaxşı, nə məsləhət görürsən? Dünyada nə qədər insan hər gün ət və heyvan məhsullarından istifadə edir. Həkimlər isə kəskin şəkildə ətin hər hansı xəstəliyi yaratdığını iddia etmir.

- Dostum, sən nə qədər cahil imişsən... Səncə ürək xəstəlikləri, damar tıxanıqlığı, şəkərli diabet necə yaranır? Havadan, sudan? Nç... Heyvan ətinin tərkibindəki xolestrol və yağdan. Həmin maddələr qanla birlikdə hərəkət edir, damarların divarına yapışır və tıxanıqlıq əmələ gətirir. Nəticədə sistemin işi tədricən zəifləyir. Yorğun və xəstə olduğun üçün səthi şəkildə izah edirəm. Yoxsa hemoqlobindən girib, eritrositdən çıxmışdım.

- Bəs yaxşı, dünyada 1 milyarda yaxın müsəlman yaşayır və onların hər il sevərək qeyd etdiyi “Qurban bayramı” var. Səncə bu qədər insan minillərdən gələn ənənəni boşuna qeyd edir?

- Hə... Mənim bu məsələyə yanaşmam tamamilə başqadır. Ənənə İbrahim peyğəmbərin oğlu İsmayılı qurban etmə məsələsindən qaynaqlanıb. Mənim ən çox sevdiyim bir kəlmə var: ən çox arzuladığın, ən az umduğun zamanda gələr sənə. İbrahim peyğəmbərin də hiss etdiyi bu idi. Bu mərasimdən sonra Allaha qurban getmək kimi vəhşi neandertal ritualda insanları heyvanlar əvəz etdi. Düşünürəm ki, artıq əsrlərə davam edən bu mərasimdə dəyişklik etməyin də zamanı çatıb. Sən də yaxşı bilirsən, dini ritualları dəyişmək o qədər asan məsələ deyil. Bunun üçün Janna Dark, Mertin Lüter kimi tonqalda yanmağı belə gözə alacaq qədər cəsarətli və düşüncəsində qətiyyətli biri olmaq lazımdır...

***

Təxminən, on gün öncə mədəmlə aramızda keçən bu dialoq məni xəstəlikdən daha çox narahat etdi. Mədəmin keyfiyyətli həyat yaşamaq istəyimdən xəbəri var idi. Həmin dialoqdan sonra isə gündəlik həyat tərzimdə, qida rasionumda köklü dəyişikliklər etməyə qərar verdim.

Beləliklə, öncə zərərli vərdişlərin qoxusundan və tüstüsündən (siqaret, içki deyəndə başıboş seksistlər ağzının suyunu burnuna axıdır) uzaq durmağa başladım. Sonra daha radikal dəyişikliklərə ehtiyacım vardı və mən çörək, un məmulatları kimi vazkeçilməzlərimlə səmimi münasibətlərimə son qoydum. Bu azmış kimi, bəzi “əqidəsində radikalçıları qıcıqlandırmaq” və dünyagörüşümün dini bucaqlarını nümayiş etdirmək məqsədilə vegeterian olduğumu elan etdim (böyük iş görmüş kimi) və tərəvəzləri belə çiy yeməyə üstünlük verdim.

Nələr dəyişdi?

Bu qərarı verməkdə ən böyük məcburiyyətim səhhətimdə yaranan xroniki, psixoloji və yenicə öyrəndiyim ürək qüsurum oldu. On səkkiz yaşımda diabetlə tanış olmuşam. İki ildir, kəskin baş ağrıları və ürəyi istədiyi kimi qalxıb-enən təzyiqdən əziyyət çəkirəm. Daim stress, gərginlik altında olmağım da bu problemlərə avantaj oldu. Qərara aldım ki, müxtəlif çeşidli dərmanlarla bədənimi zəhərləməkdənsə, gündəlik yaşam tərzimi dəyişməklə özümə kömək edim. Və çox təəccübləndim ki, bu istiqamət ilk bir neçə gündə bəhrəsini verdi (mübaliğəsiz). Sinəmdəki göynərtilər, tənginəfəslik, gün boyu dayanmadan əsnəmə, enerjisizlik, çox yuxu və ardınca gələn yuxusuzluq kimi problemlər azalmağa başladı. Ürək qüsurunun verdiyi əzab da öz yerində. Aktiv həyat sürmək üçün təmiz havada piyada gəzməyə start verdim. Hətta yazılarıma, yarım qalan kitablarıma gəzərək davam edirəm. Bu da mənə həm enerjimi atmaqda, həm də yeni enerji, təzə hüceyrələr qazanmaqda kömək edir.

Psixologiyamda isə:

Pessimist modundan və səbrsizlikdən uzaqlaşdım. Təmkinli qalmağın zövqünü yaşayıram. Aqressivliyim və özümə qarşı haqsızlığım, danlaqlarım, ön ittihamlarım azaldı. Bunda ətdən imtina etməyimin böyük payı var. Radikal qərarların və mümkünsüzü, çətini bacarmağım əlavə motivasiya verdi (bu haqda ayrıca ürəyimlə həyata keçirdiyimiz dialoqmuzu bölüşəcəyəm). Ruh düşkünlüyüm aradan qalxdı. İşsizliyin qazandırdığı əlavə zaman çərçivəsində yarım qalmış kitablarıma, məqalələrimə, araşdırmalarıma geri döndüm. Yeni hobbilərə həvəsim olduğunu kəşf. Hələ də fərqində olmadığım başqa nüanslar var.

Ən əsası… yeni həyat tərzimin məndə yenidən oyandırdığı insani keyfiyyətlərə: mərhəmət, empatiya, dünyanı daha geniş baxış bucağından görmək, yeni dadlar kəşf etmək və hər şərtdə, hər şəraitdə insanları, özünü, ailəni anlamağa çalışmaq hislərinə görə, həm dünyanın ən gözəl canlıları - heyvanlara, həm qətiyyətli mənimə təşəkkür etməyi, ət yeməyəndə belə, hər hansı ritualsız, dinsiz, əqidəsiz, ənənəsiz şükür etməyi bacarmağı öyrəndim…

Öyrənmək bəzən illərlə çalışıb qazandığımız universitetlərdən, peşələrdən, səyahətlərdən yox, elə insanın öz içindən, mədəsindən, beynindən başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm