Köşə
Ehtiyatlı olmalıyıq, çox ehtiyatlı...
Zümrüd Kərimova
Zirvədə dalğalanan Azərbaycan bayrağı...
Sıldırım qayalar...
İki ayağını yanaşı qoyacaq qədər düz yer olmayan daşlıqlar...
Torpaqdan, palçıqdan, qayadan seçilməyən rəngdəki formasında Vətən sevgisinə bürünüb yatan xüsusi təyinatlılar...
Vətən darda ikən, onun köksünə sığınmağa lap azca vaxt qalmışkən yavan torpağa uzanıb yatmağı belə özünə ar bilən Azərbaycan əsgəri...
Qarabağ belə azad olundu!
Həftələrlə botinkalarını çıxarmadığı üçün bişməcə olan ayaqların addımları ilə bizim köksümüzdəki Qarabağ ocağı səngidi. Canını, qanını, yuxusunu, aclığını, rahatlığını əsirgəməyən qaya kimi oğullar, atalar, qardaşlar sayəsində Biz bütöv olduq, xalq olduq, ailə olduq, sevinc olduq, sevgilisinə qovuşan Vətən olduq.
Həmin kişilər bizim bütün sözlərimizi dedi, bütün göz yaşlarımızı ağladı, bütün təbəssümlərimizi güldü, bütün nisgilimizi hayqırdı, bütün ağılarımızı dizinə döydü, bütün şəhid analarımızın ayaqlarına Qarabağ torpağı sürtdü, bütün qanlarımızı yudu, bütün şəhidlərimizi yenidən dünyaya gətirib bizimlə barışdırdı...
O atalar, oğullar, qardaşlar hər an, hardasa, necəsə bizim qarşımıza çıxacaqlar. Kim olduğunu bildirmədən, toz-torpaqlı hərbi formalarını dolabının ən qaranlıq yerində gizlədərək, Qarabağda göstərdiyi mərdlikləri qürurunun pərdəsinə bürüyüb, alnından gözlərinə doğru axan qanlarını silib bizim aramızda dolaşacaqlar, yaşayacaqlar, bizimlə eyni marşrutda gedəcəklər, bizimlə eyni restoranda yeyəcəklər, bizimlə eyni parkda dincliklərini alacaqlar.
Bundan sonra xalq olaraq çiynimizə tək bir yük düşür.
Ehtiyatlı olmalıyıq.
Çox ehtiyatlı...
Birdən bizə qanad verən o müqəddəs insanların hörmətini əskik etmiş olarıq, birdən basabasda kobudcasına çiyninə toxunmuş olarıq, birdən marşrutda ayağını tapdamış olarıq, birdən market növbəsində saxlatmış olarıq. Birdən onları incitmiş olarıq. Birdən evdəki körpələrini gözlətmiş olarıq. Birdən beş dəqiqə geciksə belə, analarının gözləri yolda, fikirləri pəncərədə qalar. Çünki nə ana ürəyi oğul həsrətinin, nə də övlad yaddaşı ata qayğısının yoxluğunu iki dünya bir olsa da, unudur.
Biz də unutmamalıyıq ki, artıq aramızda minlərlə Qarabağı ağ günlərə çıxaran müqəddəs əlləri, ayaqları, ürəkləri olan insanlar var.
İndi ətrafımızdakılara daha qayğıkeş, daha nəzakətli və istiqanlı davranmalıyıq. Çünki o kişilər bütün xalqın yerinə üşüyüb səngərlərdə. Çörəyə yox, qayğıya ac qalıb. Yatağı üçün yox, ailə ocağı üçün darıxıb. Necə ki Qarabağ üçün bizim burnumuzun ucu göynəyirdi...
Artıq bu xalq üçün çətinlik deyə bir şey yoxdur, mümkünsüz olan da zaman alır. Məsələn, qırx dördcə gün...
-
İdman20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO














.jpg)






















