Sarkisyandan qəfil “U” dönüşü
Bizi izləyin

Köşə

Sarkisyandan qəfil “U” dönüşü

Tural Turan

Hər şey fevralın 25-i başladı. Baş nazir Nikol Paşinyan ona Baş Qərargah rəisi Onik Qasparyanın “işi”ni göndərdi. O isə Qasparyanın “qələmini qırmadı”. Beləliklə Ermənistanda Qərbin adamları kimi tanınan prezident və baş nazir arasında imza qalmaqalı yaşandı. Armen Nikolun ikinci dəfə göndərdiyi sənədi yenidən geri çevirdi.

Prezident Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında “imza qalmaqalı” ilk belə hadisə deyil. 2018-ci il küçə hərəkatında da yenicə prezident seçilmiş A.Sarkisyan o zamanlar daha çox “Paşik” kimi tanınan inqilabçı jurnalisti otağında qəbul etmişdi. Serj Sarkisyandan fərqli olaraq Nikol Armenlə deyəsən, dil də tapmışdı.

Amma bu dəfə olmadı...

Armen Sarkisyan Ermənistanda da, kənarda da Qərbin adamı kimi tanınır. Böyük Britaniyada səfir olub. BP-də və digər ingilis şirkətlərində işləyib. Prezident seçilənə qədər oturub-durduğu adamlar da əsasən Qərbin oyunçuları idi. Bir çoxları müharibədən sonra düşünürdü ki, Nikolla Armen əl-ələ verib ölkəni düşdüyü vəziyyətdən çıxara biləcək. Hətta Kremlin İrəvanla bağlı oyunlarını da pozacaqlar.

Yox, olmadı... Armen Sarkisyan qəfil “U” dönüşü etdi. Qasparyanın öz postundan uzaqlaşdırılması məsələsinə sözün hər iki mənasında qol qoymadı. Hətta Paşinyanın adamları prezidentin impiçmentinin elan edilməsini tələb etdilər. Vətəndaş qarşıdurması fonunda prezidentlik və hökumət institutları arasında baş verənlərin sonu heç də aydın görünmür.

Bəs Armen Sarkisyanın qəfil “U” dönüşünün səbəbi nədir?

Yadınızdadırsa, müharibə vaxtı Armen Sarkisyanı BMT-də ayaqüstü qəbul etdilər və cəmi 5 dəqiqə vaxt ayırdılar. Protokol sənədində isə onu ölkənin birinci yox, ikinci şəxsi kimi qeyd eləmişdilər. Görünür, Armen bundan çox sarsılmışdı. Həmin hadisədən sonra iki dəfə prezident səlahiyyətlərinin artırılması ilə bağlı Armen Nikola mətbuat vasitəsi ilə üstüörtülü şəkildə ismarışlar da göndərmişdi.

Fürsət bu fürsət deyib son hadisələrdən istifadə etməyə cəhd göstərən hazırkı Ermənistan prezidenti mövcud xaotik vəziyyətdən maksimum yararlanmağa çalışır. O, “imza qalmaqalı”na bilərəkdən getdi – deyə bilərik. Bununla Armen Sarkisyan hazırda simvolik post kimi xarakterizə olunan prezidentlik institutunun səlahiyyətlərini artırmaq istəyir. Eyni zamanda, özünün siyasi avtoritarlığını artırmağa çalışır. Həm də öz siyasi nüfuzunu cəmiyyət arasında artırmaq niyyəti güdür.

Çünki baş verən bir çox proseslərdən kənarda qalan ölkə prezidenti məhz Qasparyanla bağlı “imza qalmaqalı” ilə özünü proseslərə zorla daxil etmək istədi. Öz çəkisini və ağırlığını göstərməyə çalışdı. Amma hakimiyyətin bütün rıçaqlarını əlində möhkəm tutan Paşinyana bu da keçmədi.

Sarkisyanın arzularını isə indiki halda Ermənistanda reallaşdıra biləcək bir qüvvə var. O da hələlik İrəvanda yox, Xankəndidədir. Bu, əlində silahlı güc və cəmiyyət arasında Koçaryan-Sarkisyan cütlüyündən də daha çox nüfuza sahib olan Vitali Balasanyandır. Əgər hazırkı prezident Paşinyandan xoşluqla əlavə səlahiyyətlər qopara bilməsə, o zaman Sarkisyan “Balasanyan kartı”ndan istifadə edə bilər. Balasanyanı Xankəndidən İrəvana gətirə bilsə, Nikol Armenlə ittifaq qurmağa məcbur olacaq.

Hələlik Armen Sarkisyan proseslərdə gözləmə mövqeyi tutub. Hər an vətəndaş qarşıdurmasının vətəndaş müharibəsinə çevriləcəyi bir məqamda baş nazirlə tərs düşmək və əsas hədəf olmaq istəmir. Görünən odur ki, xaotik durum bir neçə ay çəksə, Paşinyan səlahiyyətlərinin bir hissəsini Armen Sarkisyanla paylaşmalı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm