Ermənistanda soyuq müharibə: 20 iyundan sonra NƏLƏR OLACAQ?
Bizi izləyin

Köşə

Ermənistanda soyuq müharibə: 20 iyundan sonra NƏLƏR OLACAQ?

Tural Turan

Ermənistandakı növbədənkənar parlament seçkilərinə 3 gün qalır, yəni 72 saat... Artıq bir həftədir ki, seçkiqabağı təbliğat və təşviqat kampaniyaları ən kəskin həddə çatıb. 2008-ci il seçki kampaniyası da heç bu qədər gərgin keçməmişdi.

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan rəqiblərinin başını “çəkiclə əzməklə” hədələyir. Bu, hələlik Paşinyanın yumşaq yanaşmasıdır. Sərt yanaşma isə 20 iyundan sonra olacaq. Yəni, baş nazir seçiləcəyi təqdirdə Paşinyan özünün inzibati rıçaqlarından, təzyiq vasitələrindən istifadə edərək Koçaryan və komandasına divan tutacaq. Çünki gedişat bunu göstərir.

Hələlik İrəvan və ətrafında soyuq vətəndaş müharibəsi hökm sürür. Çox güman ki, 20 iyun seçkilərindən sonra bu müharibə daha isti müstəviyə keçə bilər. Nəzərə alsaq ki, keçmiş prezident Robert Koçaryanın seçki sonrası mitinqləri qan gölünə çevirmək kimi təcrübəsi var, o zaman Nikol Paşinyanın güc tətbiq edib rəqiblərinin qanını tökməkdən başqa çıxış yolu qalmayacaq.

Təbii ki, 1, yaxud 10 nəfər ölsə belə, budəfəki səsvermə də qanlı seçkilər ünvanını alacaq. Hazırda proseslər ona doğru gedir. Kremlin ssenarisi də çox güman ki, bu istiqamətdədir. Məğlub olacağı təqdirdə rusiyayönümlü dəstə qan tökməyə məcbur olacaq və baş verənlər istər-istəməz Nikol Paşinyanın ayağına yazılacaq.

20 iyundan sonrakı dövrün İrəvan üçün heç də aydın keçməyəcəyi bəllidir. Birincisi, kampaniya dövründə Şuşa Bəyannaməsi imzalandı və “Qarabağ klanı”nın Şuşa və Hadrut xəyalları suya düşdü. Bu da Ermənistandakı “Miatsumçular”ın ağır fiaskosu anlamına gəlir. Yəni, parçalanmış qütbün bir tərəfində onlar qalacaq və Azərbaycandan revanş almaq baş tutmayınca heyiflərini Nikol Paşinyandan, onun komandasından almağa çalışacaqlar.

İkincisi, Ermənistanda baş nazir postuna ən iddialı namizədlərdən olan Robert Koçaryanın “Şuşa və Hadrut vədi” yeni müharibə anonsudur ki, bu da müharibədən cana doymuş Paşinyan tərəfdarlarını narahat edir. Bu da ikinci qütb...

Üçüncü qütb isə 44 günlük müharibədə hər iki qütbün çürük olduğunu görən nüfuzlu erməni lobbisidir ki, onlar da hər iki cəbhəyə maliyyə savaşı açacaq.

Amma 20 iyundan sonra İrəvanda qanlı toqquşmalar qaçılmazdır. Üstəlik, müharibədən sonra polisin də toplaya bilmədiyi kifayət qədər qanunsuz silahlar var. Bu silahlar hazırda müharibədən qaçmış, fərari, gərgin psixoloji durumda olan erməni “kamavorlar”dadır.

Baş verənlər Nikol Paşinyanı dolayı yolla Türkiyə və Azərbaycanın ətəyindən yapışmağa, Zəngəzur dəhlizinin açılmasını sürətləndirməyə təhrik edəcək. Bu isə avtomatik olaraq “3+3” variantının işə düşməsinə və Cənubi Qafqazın münbit iqtisadi zonaya çevrilməsinə gətirib çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm