Taleh Yüzbəyovun və "Kristal Abşeron"un erotik reklamı
Bizi izləyin

Köşə

Taleh Yüzbəyovun və "Kristal Abşeron"un erotik reklamı

Tural Turan

Sizə hardan deyim, nədən danışım, “milyonların sevimlisi” Taleh Yüzbəyovla “Kristal Abşeron”un eşq macərasından. Deməli, həmişə peşəkarlıqdan dəm vuran, jurnalistləri və bir sıra media qurumlarını “xəbərə peşəkar başlıq qoymamaqda” ittiham edən bu şəxs yanına da bir xanımı alıb əl-ələ verərək “Kristal Abşeron”un mənzil reklamına çəkiliblər. Yox, əl-ələ verib çəkilişə getməyiblər, təzə mənzilə gedirdilər ki...

Vallah, ardını deməyə utanıram. Üzüm ayağınızın altına, yuxarıda adlarını çəkdiyim fiziki və hüquqi şəxslər reklam çəkirlər, amma həmin reklama evdə arvad-uşaqla baxmaq mümkün deyil. Üstəlik, heç “18+ reklam” da yazmayıblar. Mən “ehtirasdan alışıb-yanan” 35-45 yaşlı bu cütlüyün ev reklamına evdəki azyaşlı uşağımla necə baxa bilərəm? Hələ mənə “siz” deyə müraciət edən ata-anamı demirəm...

"Vüsala çatmağa" tələsən Taleh bəyin reklamda sürücüyə “sür, heç yerdə saxlama, nə cəriməsi olsa, ödəyəcəyəm, narahat olma” ismarışı da bir ayrı qeyri-peşəkarlıqdır. Daha doğrusu, insanları inzibati xəta törətməyə çağırış kimi başa düşülə bilər. Türkiyədə reklam çəkilişlərində, “kamu spotu”nda bu cür detallara ciddi fikir verilir. Hətta ən epizodik rolda belə sürücülər təhlükəsizlik kəmərini taxmaqla mükəlləfdirlər... Bəs bizdə? Bəy (Taleh əfəndi) deyir ki, qaydanı poz, pulunu verəcəyəm. Deməli, həm də “Kristal Abşeron”un reklamında qanun pozuntusuna çağırış da var.

Olmaz, vallah olmaz!

Bilməyənlər üçün deyim ki, cəmi 58 saniyəlik reklam 1990-cı illərin dəbi olan “bəy maşını üzərində ağ gəlincik” səhnəsi ilə başlayır. Birincisi, reklam qeyri-peşəkarlıqla çəkilib. Çünki 90-cı illərdə “QAZ-24” və “QAZ-31”ləri bəzəyən gəlincikləri indi heç kim “bəy-gəlin maşını”nın önündə “otuzdurmur”. İkincisi, yaş etibarı ilə daha çox 90-cı illərin gəlinini xatırladan xanımı 2020-ci illərdən bəhs edən reklama çəkmək də yarım-yamalaqlıqdır. 40-50 yaşlı “evdə qalmış cütlüklər”in toy edib təzə aldıqları yarımçıq evə qaçmaları əslində bir reklamdan daha çox iki nəfərin faciəsini xatırladır.

Gələk əsas məsələyə, mənzili satan “Kristal Abşeron”dur. Qurşaqdan və beldən aşağı reklam çəkmək olar, amma buraya ev, mənzil, ailə kimi ülvi dəyərləri də qatmaq sadəcə ayıbdır. Təzə mənzil alan kişi (Taleh Yüzbəyov) yanındakı “xanım”ı ilə qaça-qaça evə gəlirlər, amma gəlib görürlər ki, evdə usta, əlindəki şamla onların yolunu gözləyir. Bu da ikinci biabırçılıq. Videodan tuta bilmirsən ki, evdə cütlüyü şamla qarşılayan ustadır, yoxsa...

Reklamın yaxşı bir şüarı da var: “xəyalınız yarımçıq qalmasın”. Axı... buradan çıxan məntiq odur ki, cütlüyün xəyalı yarımçıq qalır, vüsala çata bilmirlər. Deməli, “Kristal Abşeron” həm də bu cür reklamlarla ona işarə edir ki, onlardan mənzil alanlar heç də həmişə xəyallarını gerçəkləşdirə bilmirlər. Bu da növbəti qeyri-peşəkar reklamçılıq və ya ən azından, qeyri-peşəkar ssenari, qeyri-peşəkar iş...

Gələk reklamda təklif olunan evə; cəmi 39 kvadrat metrdir, özü də studio mənzildir. Bəri başdan ilkin ödəniş kimi 16 min verməlisən, 20 il ərzində də 360 manatdan ödəməlisən. Bu da edir 102 min 400 manat. Bakının mərkəzində yox ha, Sumqayıtda... Zalım uşağı, 102 min manata kibrit qutusu boyda evdə Taleh Yüzbəyovun canlandırdığı qəhrəmanla onun “xanımı” necə yaşayacaqlar?! Bunun sonrası var axı...

...Sualım isə “Kristal Abşeron”adır, tələsə-tələsə təzə aldıqları mənzilə qaçan, hələ tələsdiklərindən bir pillə də yuxarı çıxan Talehgilin aqibəti necə oldu? Uşaq da bağışlasın, usta işini qurtarana qədər onlara gecələməyə ev verdiniz?

P.S: Mənim də evim yoxdur, nə vaxtsa, ev almaq istəsəm, qətiyyən "Kristal Abşeron"u seçmərəm. Bu gün mənzil satmaq üçün yarı erotik reklam çəkənlər Allah bilir, sabah neyləyər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm