5 manatlıq “Ənvər Paşa”: Farağat durmayan əlin sərvazlı sərgüzəşti
Bizi izləyin

Köşə

5 manatlıq “Ənvər Paşa”: Farağat durmayan əlin sərvazlı sərgüzəşti

İndi ədəbiyyatın gündəmindəki əsas mövzu “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlunun açıqlamasıdır. Sərvaz Hüseynoğlu iddia edib ki, yazıçı Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanını özü yazıb. Sərvaz bəyin yazdıqlarından belə anlamaq olur ki, Hüseynbala müəllimin bir yerdə dinc dayanmayan əli yenə də farağat durmayıb və “Ənvər Paşa”nı özününküləşdirib.

Siyasətdən və gündəmdən əl-ətəyini çəkən Hüseynbala kişi də Sərvaz Hüseynoğlunun bu açıqlamasını görən kimi sükunət atından düşüb və cin atına minib. Deyib ki, “ağ yalandır”.

Üstəlik, “Ədəbiyyat qəzeti”inin şöbə müdirini məhkəməyə verəcəyi ilə hədələyib. Yazıçılar Birliyi isə məsələyə münasibət bildirməkdən çəkinir, “siz savaşa, biz tamaşa” deyib prosesləri kənardan izləməyi daha məqsədəuyğun sayır.

Sərvaz müəllim də “iki kəlməni” deyəndən sonra yoxa çıxıb. Bütün jurnalistlər də “itli-pişikli” qalmaqallı şöbə müdirini axtarırlar ki, məsələnin kökünü-kösəyini soruşsunlar. Üstəlik, Sərvaz bəy “sərrast addım”ların ardını gətirə bilməyib və yazdığı statusu da silib.

Əvvəla onu deyim ki, adıçəkilən əsərin “Ədəbiyyat qəzeti”ndə çap olunan hissəsini çox yaxşı xatırlayıram. O qədər istedadsızcasına yazılıb ki, iki-üç cümlədən sonra hövsələmi cilovlaya bilmədim və o biri səhifəni çevirdim.

Doğrusu, “Ədəbiyyat qəzeti”ndə tapşırıqla yazılan bu cür istedadsız yazılar çox olub, hər halda onlar da bunu gizlətmirlər.

Hətta 2010-cu ildə Xalq şairi Nəriman Həsənzadə də “Nuru Paşa” simfonik poemasını yazmışdı. Həmin əsər də uğursuz alınmışdı. Bir sözlə, nə Ənvər, nə də Nuru Paşanın adına-sanına layiq indiyə kimi babat əsər ortaya çıxara bilmişik.

Əslində mövzumuz bu deyil. Sərvaz Hüseynoğlu doğrudanmı “Ənvər Paşa”nı yazıb? Hüseynabala Mirələmov bu əsəri ondan oğurlayıb, yoxsa pulla alıb?

Mən belə düşünürəm ki, istedad çəkisi elə də ağır olmayan Sərvaz Hüseynoğlu bu əsəri yaza bilər. Elə onun “istedad boyutu”nda olan bir romandır. Amma ola bilsin ki, bu əsəri zamanında o pulla, sifarişlə yazıb, sonra da fikrini dəyişib və özününküləşdirmək qərarına gəlib.

Çünki Hüseynbala Mirələmov Prezidentin İctimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun qudasıdır. Yəni Əli Həsənov işdən çıxarılana qədər Hüseynbala müəllimin qələminin arxası da yazırdı, önü də. Üstəlik, ədəbiyyat aləmində, ədəbi mühitin bütün sferalarında səsi gur gəlirdi, önünə qələm dığırlayan yox idi. Ta ki, Əli Həsənov işdən, özünün ili isə “orbitindən” çıxana kimi...

İndi Hüseynbala Mirələmova nəinki Sərvaz Hüseyoğlular, elə yoldan ötən də bir daş atır. Doğrusu, Hüseynbala müəllim də Sərvaz Hüseynoğlu qədər istedad sahibidir. Bəlkə də qapan tərəzisində Sərvaz Hüseynoğlunun ədəbi istedadı daha ağır gələr.

Sual verə bilərsiniz ki, bir müəllif bir başqa müəllif üçün pulla əsər yaza bilərmi?

Əl-cavab: bəli, yazar. Çünki yazıçıların, şairlərin dolanışığı bərbad səviyyədədir. Qəzet və jurnalların qonorarları isə olduqca aşağıdır. Dolana bilmirlər. 100-200, 500-1000 manat nədir, 10 manata başqaları üçün “varsağı şeir” yazmağa hazır olanlar var. Hətta bəziləri mənə də “səni hamı tanıyır, pulla şeir yazdıran olsa, deyərsən, pulsuzluqdu” ismarışı da göndəriblər.

İndi AYB-dəkilər də, ondan kənardakılar da “pulla şeir yazanların olmadığını” dilə gətirirlər. Var, hətta elə məşhur imzalar tanıyıram ki, millət vəkilləri üçün şeirlər yazırlar. Bəlkə Sərvaz müəllim də Hüseynbala Mirələmova məlum romanı elə millət vəkili olarkən yazıb? Vəbalı özlərinin boynuna... Amma məlum “Ənvər Paşa” romanı heç onmanatlıq da deyil. Son qalmaqal isə həmin romanın “mənəvi bazar dəyəri”ni 5 manat “indeksi”ndən də aşağı saldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm