DİQQƏT!!! 15 yaşlı Fidanın aqibəti sabah onları gözləyir...
Bizi izləyin

Köşə

DİQQƏT!!! 15 yaşlı Fidanın aqibəti sabah onları gözləyir...

Tural Turan

Bu gün ölkə gündəmini o zəbt edib. 15 yaşlı Fidanı (ad şərtidir-red.) nəzərdə tuturam. O Fidanı ki, erməni xüsusi xidmət orqanlarının toruna düşüb. Faşist Qaregin Njdenin şəkillərini Bakıda gəzdirib və revanşist erməni gənclərinin yaratdığı anti-azərbaycan “təşkilatının” propoqandası üçün istifadə edilib.

Doğrudur, Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Bu öz yerində. Amma Fidanın aqibətini hər bir yeniyetmə soydaşımız yaşaya bilər.

Baxın, Fidan hələ çox gəncdir, yeniyetmədir. 3 aydan sonra 16 yaşı tamam olacaq. Dizayner olmaq istəyirmiş. Amma erməni revanşistlərin əlinə düşür, onların oyuncağına çevrilir. Rusiyada yaşayan Artur adlı milliyətçi, nasist, revanşist erməni ilə 17 yaşlı Karina onu əməlli-başlı barmağına dolayır. Fidan Artura vurulur və onun dediklərini birbəbir yerinə yetirməyə başlayır. “28 May”da faşist Qaregin Njdenin və Arturun nasist təşkilatının şəkillərini əlinə alır, Bakının küçələrini dolaşır. O Qaregin Njdenin ki, ölkə başçısı İlham Əliyev ilk dəfə Düşənbə sammitində İrəvanda ona 6 metrlik heykəl qoyulduğunu bəyan edərək Ermənistanı faşistləri himayə edən dövlət adlandırmışdı.

Görünür, ölkə başçısının bu çıxışı bir neçə dəfə təkrarlaması Ermənistan dövlətini və onun xüsusi xidmət orqanlarını yamanca hiddətləndirib. Ona görə də Artur və Karinanın əli ilə erməni xəfiyyələr Fidanın əli ilə Azərbaycana gözdağı vermək istəyiblər. Hətta Artur 2-ci dünya müharibəsi dövründə faşistlərin qərargahında “ehtiraslı cinsi azlıq nümayəndəsi” kimi tanınan Qaregin Njdenin fotosunu Bakıdakı Şəhidlər Xiyabanına aparmağı da Fidandan tələb edir. Amma onun bu istəyi baş tutmur.

Gələk 15 yaşlı Fidanın bu cür erməni toruna düşməsinə...

Yayılan məlum videodan da görünür ki, Fidan problemli bir ailənin uşağıdır və ciddi tərbiyə qüsurları var. Üstəlik, Azərbaycan dəyərlərindən də xəbərsizdir. “Beynəlmiləl”, “rusdilli aura” mühitində daha çox olub. Ermənilərin bizim milli düşmənimiz olması da onu vətənə xəyanətdən çəkindirməyib. Üstəlik, ata və ana tərbiyəsinin natamamlığı Fidanı bəlanın episentrinə sürükləyib. İkinci məqam isə onun məktəbdəki müəllimlərinin məsuliyyətsizliyidir. Görünür, doğru-dürüst tərbiyə etməyiblər. Hətta Fidan 15 yaşı olsa da özünü Azərbaycan dilinə səlis ifadə edə bilmir. Nitqi də ifadə seçimi baxımından çox qüsurludur. Hətta onun “qarışıq ailə”nin övladı olması da istisna edilmir. Yəni, görünən odur ki, ana dili Azərbaycan türkçəsi olmayıb. Hətta videolarından birində ermənilərin təbirincə o da öz millətini “azer” adlandırır. Bu, 15-16 yaşı olmasına baxmayaraq Fidanın özünü azərbaycanlı, türk kimi qavramadığından xəbər verir.

Görünən odur ki, dezinformasiyaya hazırlıqsızlıq, ideoloji təsir altına daha tez düşmə kimi amilləri nəzərə alaraq Ermənistan xüsusi xidmət orqanları Fidan yaşlı yeniyetmələrdən istifadə etməyi “məqsədəuyğun” sayıb. Gələcəkdə erməni xüsusi xidmət orqanların bu yaş həddini daha da “azaldacağı” istisna deyil. Ona görə də ilk olaraq valideynlər, daha sonra məktəbdəki müəllimlər və psixoloqlar yeniyetmələrimizə ümummilli dostlarımızı və düşmənlərimizi yaxşı tanıtsınlar. Xocalı soyqırımında onlarla Fidan yaşında uşaqları, körpələri, qadınları, qocaları ermənilərin necə amansızlıqla qətlə yetirdiklərini onların diqqətinə çatdırsınlar, yadlarından çıxmayacaq səviyyədə qabartsınlar. Fidanın erməni tilovuna düşməsi Azərbaycan valideyninin və Azərbaycan təhsilinin uğursuzluğu, məğlubiyyətidir.

Daha təhlükəli məqam:

Ən təhlükəlisi odur ki, Ermənistan xüsusi xidmət orqanlarının Rusiya və Qazaxıstan qolları bizim orada yaşayan uşaq və yeniyetmələrimizi öz tilovlarına sala bilərlər. Söhbət Rusiyada yaşasa da Azərbaycanla əlaqəsi olan azyaşlı soydaşlarımızdan gedir. Ona görə də MDB ölkələrində, eləcə də dünyanın hər yerində yaşayan soydaşlarımız övladlarını ermənilərdən, onların məkrindən qorumaq üçün əllərindən gələni etməlidirlər. Çünki erməni terror maşını yaş tanımır, əxlaq və heysiyyatı isə ümumiyyətlə öz təfəkküründən silib.

Ən azından uşaqlarınıza tapşırın ki, faşist və cinsi azlıq nümayəndəsi olan Qaregin Njdenin şəkillərini Şəhidlər Xiyabanına aparıb onların ruhunu incitməsinlər... Erməni Arturla Karinanın Fidanın əli ilə etdikləri isə psixoloji terrordur. Onun partlayışından 10-15 nəfər yox, 10 milyonluq Azərbaycan xalqı zərər görə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm