Layihə
“Hörüklərimi stula bağlayıb, məni…” Qazaxlı məşhur - VİDEO
Noloydu, bir vaxt oloydu, varıf gedəydim oruya- İncə dərəsinə, “Şıxlı xalçası”na dirsəklənef, qulax vereydim “İncəgülü” havasına… Damcılı bulaxdan su içeydim, Dilcan dərəsində İsmayıl Şıxlının romanlarını varaxlıyıf, Nüsrət Kəsəmənlinin şeirlərini sinədən söylüyüf, nostalji hisslərə kökləneydim. Erməni nə qədər atersa, atsın, qulağıma da döyül, ölüf elə o yerlərdə qalardım. Nə dersən, dərdiş, bəlkə varıf gedək, şairlər vətəni Qazaxa bir salam verək?
Publika.az-ın “HARALISAN” layihəsində yolumuz bu dəfə Qazaxadır, danışansa, qazaxlılar.
Hələ bir mafar verin, Qazax elinin məşhurlarını yad edək:
Molla Pənah Vaqif, şair, mütəfəkkir;
Qeysər Kaşiyeva, Azərbaycanın ilk rəssam qadını;
Nigar Şıxlinskaya, Azərbaycanın ilk tibb bacısı;
Səməd Vurğun, Xalq şairi;
İsmayıl Şıxlı, Xalq yazıçısı;
Osman Sarıvəlli, Xalq şairi;
Mehdi Hüseyn, Xalq yazıçısı;
Mirvarid Dilbazi, Xalq şairi;
Əlağa Şıxlinski, general;
Nüsrət Kəsmənli, şair;
Baba Mahmudoğlu, müğənni, Xalq artisti;
Əminə Dilbazi, rəqqasə, Xalq artisti;
Vaqif Səmədoğlu, Xalq şairi;
Yusif Səmədoğlu, yazıçı.
Qazax bu gün də tanınmış sənət adamları ilə məşhurdur. Onlar doğma mahalları ilə bağlı xatirələrini ipə-sapa düzəcəklər. Gəlin, eşidək…
“Qazaxlıların pis cəhətləri...”
Lətifə Əliyeva, aktrisa, Əməkdar artist:
- Uşaqlığım Qazaxda keçib. Anam səhərlər samovar qaynadardı, biz də həyətdə - xalça üstündə oturub çay içərdik. Hərəmizin də öz döşəkçəsi vardı. Pirili kəndində tut bağları vardı, atam maşınla bizi ora gəzməyə apardı. Keçi kəsb, kabab eləyərdik.
Bizim camaat çox şirindildir, görürsən səninlə danışıram, sözümün əvvəli də başına dönümdür, axırı da… Bir pis cəhətləri var, o da hündürdən danışmalarıdır. Qazaxda acı xatirələrim də qalıb. Hansı ki, bütün xoş xatirələrimin üstündən qara bir xətt çəkib. 18 yaşım olanda 23 yaşlı qardaşımı itirdim. Xarici Dillər İnstitutunda oxuyurdu, ikinci kursda. Qəfildən xəstələndi, dedilər beyninə qan sızıb. Atam hara apardı, dərdinə əlac tapmadılar. Dəliyə dönmüşdüm. İki uzun hörüklərim vardı. Bakıda onun oxuduğu ali məktəbə gedib, hörüklərimi oturduğu stula bağlayıb dartırdım. Dəli kimi çığırırdım, axırda atamgili çağırıb dedilər ki, bu qızı buradan aparın, yoxsa dəli olacaq. Yaramın qaysağın niyə qopardın?
“Qzaxlılar söz verdisə, deməli...”
Vidadi Babanlı, yazıçı:
- Azərbaycanın əksər bölgələrinin müəllimləri vaxtilə Qazaxda fəaliyyət göstərən Qori Seminariyasından çıxıb. Başqa bölgələr qozuyla, fındığıyla, çayıyla, limonuyla tanınıb, Qazax isə şairləri, yazıçıları ilə. Bizim yerin camaatı kişiyana, ötkəm olur. Söz verdilərsə, oyan-buyan söhbəti ola bilməz. Söhbət əvvəlki ağır taxtalı kişilərdən gedir, indi zaman dəyişdikcə insanlar da dəyişir. Sözübütövlükləri ilə bərabər qazaxlıların kobudluqları, yekəxanalıqları da var. Məni yaradıcılığımla bağlı danışdırın. Qazaxla bağlı çox danışmaq istəmirəm, qoy, başqa qazaxlılar danışsın.
“Sözü üzə deyən olurlar, adamın arxası ilə danışmırlar”
Elçin Şıxlı, Əməkdar jurnalist:
- Uşaqlığım Qazaxda keçmədiyi üçün o yerlərlə bağlı xüsusi xatirələrim yoxdur. Qazaxın havası, suyu, gülü, çiçəyi, Göyəzəni üçün darıxa bilərəm. Qazax camaatında bir xüsusiyyət var, sözü üzə deyən olurlar, adamın arxası ilə danışmırlar. Bu mənada, diplomatiyaları yoxdur. Qorxaq deyillər. Qazaxda ermənilərin işğal etdikləri kəndlərin camaatı elə Qazaxda köçkündürlər, rayondan çıxmayıblar. Elə atəş altında da yaşayırlar. Bu el-oba şairləri, yazıçıları ilə tanınıb.
“Harada xəstələnsəm, Qazaxda sağalıram”
Aşıq Ədalət, ustad aşıq:
- A qızım, başına dönüm, Qazax elini, Qazax mahalını mən sözlə necə tərif edə bilərəm? Bu, mümkün deyil, dilənən desəm dilim yanar, tərif üçün saz lazımdır. Elə hər çalğımda da Qazaxı tərif edirəm. Qazaxdan mən yox, sazım daha usta danışır, onu danışdırın desin. Qazax mahalının camaatı sazlı-sözlüdür. Sadalasam gün yetməz, torpaq görün necə məşhurlar yetirib. Elə təkcə Şıxlı kəndindən nə qədər şair, yazıçı, alim çıxıb. Mən o yerlərlə nəfəs alıram. Bilirsiniz ki, üç-dörd ay bundan əvvəl əməliyyat olundum, iynə-dərmandan başım açılmadı. Mənimki təbiət qoynudur, yenə gedəcəm, Qazaxa, İncə dərəsinə, Damcılı bulağa, torpağın ətrin alıb, yaşamaq həvəsimi artıracam. Görüm, Qazax bu dəfə məni necə qarşılayacaq? Harada xəstələnsəm, Qazaxda sağalıram. “Qurudlu xəngəl”ini ölü yesə dirilər.
… Əslində mən Qazaxı görməmişəm, görmədiyim bölgəni tərif edə bilmərəm. Qazaxdan tələbə, eləcə də iş yoldaşlarım olub. Oğlanları təkəbbürlü, “ağırtaxtalı”, qızları dilli-dilavərdir. Söz çatdırmaq olmur. Mərdlikləri də var. Arxadan zərbəylə araları yoxdur, quyruqlarını tapdalayanda aşkar sancırlar. Amma bölgəni əsasən şairləri, yazıçıları ilə tanımışam. Onu bilirəm ki, Qazaxı sevə-sevə mütaliə etdiyim İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğluna görə sevməyə dəyər.
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı