Aytac Vidadiqızı: “Xəyallarımın kişisini tapmışam” - FOTOLAR
Bizi izləyin

Magazin1

Aytac Vidadiqızı: “Xəyallarımın kişisini tapmışam” - FOTOLAR

Mərhum müğənni Vidadi Bərdəlinin qızı müğənni Aytac Vidadiqızı toya hazırlaşır.

Sabah toy edəcək xanım sənətçi Publika.az-a eksklüziv müsahibə verərək, gələcək həyat yoldaşı Canla tanışlığından danışıb:

- Bu tanışlığın evliliklə nəticələnəcəyini ağlınıza gətirdiniz?

- Xeyr. Tanış olanda münasibətimizin evliliklə bitəcəyini düşünmürdük. Münasibətimizdə ən əsas qarşılıqlı hörmət oldu, bir-birimizi yarı sözdən başa düşürdük. İndi deyə bilərəm ki, xəyallarımın kişisini tapmışam.

- Harada tanış oldunuz?

- Bakıda baş tutan tədbirlərin birində tanış olduq.

- Nə işlə məşğul olur?

- Memardır.

- Sevgi sizin üçün nədir?

- Mənim üçün sevgi ilk növbədə ailə deməkdir. Ailə qurdunsa, onu qorumağa çalışmalısan. Boşanmamalısan. Hər iki tərəfin o qədər gözəl münasibəti olmalıdır ki, bu ömür boyu davam etsin. İstəməzdim, xanımlarımız ötəri hisslərin qurbanı olub tanımadan ailə qursunlar. Mən indi başa düşürəm ki, sevgi nədir və sevirəm. Həyatımda ilk dəfədir ki, bu hissləri yaşayıram.

- Bu sevgini ilk baxışdan məhəbbət adlandırmaq olar?

- Yox, ancaq ilk tanışlıqdan nəsə hiss etdim, sanki bir anlıq gələcəyi gördüm.

- Necə oldu, münasibətiniz evliliyə qədər davam etdi?

- Mən onunla görüşəndə sıxıntılarımdan danışırdım. O da mənə özü haqda, problemlərindən söhbət açırdı. Məhz bir-birimizin problemlərinə biganə qalmamağımız münasibətlərimizin inkişafına təkan verdi. Bununla da, yaşadığımız çətinliklərin öhdəsindən birgə gələ bildik. Bunu hər cütlük bacarmır. Əksər qızlar oğlanın sıxıntılarından bezir və münasibətlərə son qoyur. Biz isə kələ-kötürlü yollardan birgə keçdik.

- Evlilik təklifi necə oldu?

- Bakıda idik. Çox böyük mübahisəmiz düşdü. Artıq ümidimi üzdüm. Canla vidalaşmağa hazırlaşırdım. Birdən qayıtdı ki, “səni ailəmlə və bütün qohumlarımla tanış etmək istəyirəm”. Məndən son şans istədi. Beləcə, bir müddət sonra birlikdə Türkiyəyə yollandıq. Gözəl ailəsi var. Göz dəyməsin. İlk gündən bütün qohumları bizi bir-bir evlərinə qonaq çağırmağa başladılar. Artıq özümü evin gəlini kimi hiss etməyə başladım. Münasibətimizin ciddiləşməsi də buradan başladı.

- Müğənnilik sənətinə münasibət nə Azərbaycanda, nə də Türkiyədə birmənalı deyil. Oğlanın valideynləri ifaçı olduğunuzu biləndə necə reaksiya verdilər? Demədilər ki, artıq mikrofonu qoy kənara, keç, ev işlərini gör...?

- Xeyr. Məni musiqidən ayırmaq mümkün deyil. Hətta atam da bu sənətə gəlməyimi istəməsə də, içimdəki musiqi sevgisini görüb bununla razılaşdı. Qayınanam və qayınatam isə heç etiraz da etmədi. Onlar musiqiyə bağlı insanlardır. Canın dayısı Serdar Ortaçın və Ozan Çolakoğlunun prodüseridir. Çox müasir ailədir. Nə Can, nə də ailəsi mənim sənətimin əleyhinə deyil. Əksinə mənə dəstəkdirlər.

- Hazırda prodüseriniz də yoxdur. Bəlkə, elə Canla çiyin-çiyinə çalışasınız?

- Can özü deyir ki, gərək bütün işlərimi atım və daim yanında olum. Amma burada yox. Çox güman ki, Türkiyədə menecerim olacaq. Lakin Canın öz sənəti ilə məşğul olmasını, o sahədə böyük uğurlar qazanmasını çox istəyirəm. O, memarlıq sənətini çox sevir.

- Türkiyə şou biznesinə qatılmaqda iddialısınız?

- Çalışacağam bir işlər görüm. Artıq orada öz əlaqələrim da var (gülür). Onlar mənə yardım edəcək. Sosial şəbəkə vasitəsilə artıq bir sıra müğənnilərlə ünsiyyət qurmuşam. Bəstələrimi bəyənib məndən mahnı istəyənlər də olub. Toydan sonra səs-sorağı gələcək.

- Toya hazırlıqlar necə gedir?

- Mən hər zaman cah-calala can atan insan olmuşam. Bunu uşaqlıqdan görmüşəm. Şöhrətpərəstəm. Ancaq bu, özündən razılıq deyil. Bu şəraiti atam bizim üçün yaradıb. Bakıdakı toyumda dostlarım, həmkarlarım, qohumlarım və Canın qohumları iştirak edəcək. İki toyum olacaq. Biri dekabrın 23-ü Bakıda, digəri isə gələn il yanvar ayının 16-sı İstanbulda baş tutacaq. Can deyir ki, toy günü sənə sürpriz edəcəm. Sürprizin nədən ibarət olduğunu bilmirəm. Bir də gördünüz, toyumuza Sibel Canı ya da hansısa məşhur müğənnini gətirdi (gülür).

İsa Şükürov

Müğənninin makiyajı və saç düzümü "Hi-Fi Studio"da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm