Onlar niyə milyonluq maşın sürə bilmirlər? - SORĞU
Bizi izləyin

Magazin1

Onlar niyə milyonluq maşın sürə bilmirlər? - SORĞU

Müğənnilər toylardan, aktyorlar film çəkilişlərindən qazandıqları pullarla aldığı bahalı maşın kolleksiyaları ilə tez-tez gündəmə gəlir. Yazçılar və şairlər isə sənət adamlarından fərqli olaraq kitablarının satışı və milyon dollarlıq bahalı avtomobilləri ilə öyünə bilmir.

Publika.az yazı-pozu əhli arasında “Qazancınızdan özünüzə maşın ala bilərsinizmi?” sualı ilə müaricət edib. Yazıçıların bir qrupu maşın idarə etməyi bilmədiyini açıq söyləyib, digərləri isə kitab satışından qazandıqları pulla maşın almağın mümkün olmadığını bildirib.

“Qazanacağım böyük qonorardan xeyriyyəçilik kimi bir lüksü özümə rəva bilərdim”

“Vəkil”, “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitablarının müəllifi Aytən Cavanşir Azərbaycanda kitab satışının çox aşağı olmasından gileylənib:

“Təəsüf ki, bu gün qazandığın pulla nəinki maşın, heç dəyərli mobil telefon da almaq mümkün deyil. Məsələn, iki kitabımın tirajı artıq bitsə də, onların qonorarına böyük işlər görə bilməmişəm. Səbəb? Hər yazını kitaba çevirmək, hər kitabı bəh-bəhlə təqdim etmək düzgün deyil. Oxucu "yaxşı yazıçı" anlamına inamını itirir və üz tutur türk bulvar romanlarına və ya yaxşı halda, dünya ədəbiyyatına. Amma bu gün heç dünya ədəbiyyatının da alıcısı kifayət qədər deyil.

Mən İtaliyada yaşadığım müddətdə bir kitab dükanından alış-veriş etmişdim. Mağaza işçisi lütfkarcasına məndən elektron poçt ünvanımı istəmişdi və hər dəfə bu dükanda hər hansı bir kitabın təqdimatı olurdusa, poçtuma mesaj gəlirdi və açığı, imkan olduqca, həmin təqdimatlara gedirdim”.

A.Cavanşirin qənaətinə görə, kitaba marağın yollarını düşünmək lazımdır:

“Bəzi özünü savadlı hesab edən insanlar bunu yazıçının etməli olduğunu söyləyir. Kökündən yanlış fikirdir. "Atv kitab" layihəsini bəyənirəm, effektinin nə qədər uğurlu olub - olmamasını bilməsəm də, ən azından, insanlara kitaba maraq aşılanır. Yeni nəşriyyatlar açılır. Zənnimcə, bu, rəqabətə yol açır. Ümid edirəm ki, kitab qazanacaq və oxucu kütləsi artacaq. Bu da o deməkdir ki, nəşriyyatdan aldığın qonorara nəinki dadlı dondurma, həsirli qırmızı lentli yay şlyapası, o cümlədən, maşın da almaq olacaq.

P.S. Hərçənd mən maşın deyil, əcnəbi məşhurlar kimi, qazanacağım böyük qonorardan xeyriyyəçilik kimi bir lüksü özümə rəva bilərdim”.

"Borc istəsən, 20 manatı da çətin tapıb çıxararlar"

Şair Rəbiqə Nazimqızı hər gün 3 maşurut dəyişdiyini, maşın almağa isə maddi durumunun imkan vermədiyini deyib. Şeirlərinin onu dolandırmadığını söyləyən şair fikrini belə izah edib:

“Yazıçıların nəyi var ki, maşını da olsun. Borc istəsən, 20 manatı da çətin tapıb çıxararlar, qalsın ki, maşın ola. Yazıçının ya başqa işi olmalıdır - o da ya tərcümədir, ya müxbir-redaktorluq, onunla maşın almaq olmur, ya da kitab satmalıdır. Amma kitab satışından mətbəə xərcləri zorla çıxır, qaldı ki, digər işlərə. Mənim ən böyük arzumdur ki, üç marşrut dəyişib, hər axşam iki saata çatdığım evimə şəxsi maşınımla daha az vaxtda gedib-gəlim, amma nağd almağa pul yoxdur, kreditlə də çatdırmaq olmur”.

“Bircə velosiped sürə bilirəm”

Tanınmış jurnalist və yazıçı Qan Turalı isə heç bir zaman maşın almaq iddiasında olmadığını bildirib:

“Buna həvəsim yoxdur. Nə kitabla, nə də kitabsız maşın almaq istəmirəm. Heç muftanın da yerin bilmirəm. At olsaydı, sürərdim, onu da bacarmıram. Bircə velosiped sürə bilirəm, onu da şəhər yollarında sürməyə qorxuram”.

"Maşın sürməyə həvəsim və marağım yoxdur"

Tədqiqatçı-jurnalist və ya yazıçı Dilqəm Əhməd də həmkarları ilə eyni fikirdədir:

"Əgər Türkiyədə yaxşı kitab yazıb çap etdirə bilsəm, onun qonorarı ilə maşın almaq olar. Azərbaycanda isə bir kitabdan aldığın qonorar ən yaxşı halda bir aylıq azuqənə bəs edə bilər. Ümumiyyətlə isə mənim maşın sürməyə həvəsim və marağım yoxdur".

"Sonuncu maşını bankdan kredit götürüb aldım"

Tanınmış yazıçı və ssenarist Kənan Hacının sözlərinə görə, Azərbaycanda yazıçının kitablarından qazanc götürməsi mümkünsüzdür:

“Bəzən satışdan gələn gəlir kitabın xərcini belə ödəmir. Bunun üçün Azərbaycan yazıçısının ölkə xaricinə çıxması lazımdır. Azərbaycanda çox az oxucu kütləsi var. Maksimum 150-200 oxucusu olan yazıçının qazancından söhbət belə gedə bilməz. Ona görə yazıçılar bəzən çox adi məişət qayğılarının əlində girinc-giriftar olub qalırlar. Mənim üç maşınım olub, amma heç birini yazdıqlarımın hesabına almamışam. Birini rəhmətlik atam almışdı, sonra borc götürüb aldım. Sonuncu maşını isə bankdan kredit götürüb aldım. Əvvəlki maşınım "Jiqulu" 06 idi. 2200 manata almışdım. Sonuncu maşınım “Mersedes E -280” dəyəri isə 5 min manat idi”.

"Azərbaycanda bu bazarda çox az oyunçu var"

106.3 FM radiosunun DJ-i və şair Raqif Raufoğlu da hesab edir ki, Azərbaycanda kitab tirajı azdır:

“Son illərdə ən yüksək tiraj göstəricisi 1000 olub. Təsəvvür edin ki, mən ümidimi buna bağlayaraq hər 6 aydan bir 1000 tirajlıq kitab çap etdirirəm. Təbii ki, bunun özü artıq utopiyadır. Orta hesabla 5 manatdan satılan kitabın 1 manat maya dəyəri var. Qalan 4 manatın 20 faizi satış mağazasınındır. Bunu da güzəştlə 2.5 AZN götürürəm. Hər 6 aydan bir 2500 AZN. Aya təxminən 400 manat götürsək, yazar 3 il yeyib-içməsə, orta səviyyəli köhnə bir maşın tapa bilər. Hələ mən hər şəyi 2-3 dəfə çox hesabladım. Buna baxmayaraq məsələni başqa cür dəyərləndirərdim. Qələm dostlarım pivəxanalarda, çayxanalarda az oturub əqli mülkiyyətini normal reklam mətnləri, qısa ssenarilər yazmağa yönləndərsə, nəticə ala bilərlər. Çünki Azərbaycanda bu bazarda çox az oyunçu var”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm