Mina: “Elnarə yaxşı anadır, müğənni kimi...” - Müsahibə/FOTOLAR
Bizi izləyin

Magazin1

Mina: “Elnarə yaxşı anadır, müğənni kimi...” - Müsahibə/FOTOLAR

Əvvəlcə musiqidə partlayış yaratdı, özü də mina yox, bomba effekti ilə. İndi də yavaş-yavaş kinoya qarmaq atır. Musiqidə öz üslubunu yaratdı, kino sənayemizə də töhfə verəcəyindən əmin görünür. Onun bu sahədə bacarığına isə özündən çox başqaları inanır. Söhbət müğənni Minadan gedir.

“Hər şey istəyirəm” klipi ilə böyük sevgi qazanan müğənninin aktrisalığına gəlincə, axırıncı dəfə tarixi “Son məktub” filminə çəkilib. Publika.az onunla söhbətə məhz bu sonuncu uğurundan başladı...

- Mina, Türkiyədən yeni gəlmisiniz. Orada tarixi “Son məktub” filmində rol almışdınız. Gənc bir müğənninin özünü aktrisa kimi, özü də xarici ölkədə sınaması çətin olmadı?

- Düşünürəm ki, hər adam o filmdə çəkilə bilməzdi. Bu filmdə çəkildiyimə görə ANS telekanalının rəhbərinə təşəkkürümü bildirirəm. O, mənə hər zaman dəstəkdir. Qala gecəsində də iştirak etdim. Türkiyənin ən məşhur aktyor heyəti filmi izləmək üçün təqdimat gecəsinə gəlmişdi. Çanaqqala şəhərində keçirilən qala gecəsinə filmi izləməyə gələnlər arasında şəhər meri də var idi. Mən isə orada füsunkar görünürdüm. Qara əlbisəm var idi. Həmin geyimimə görə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovaya təşəkkür edirəm. Digər paltarımı isə mənə modelyer Zemfira Qurbanova təqdim etdi. Bir sözlə, məni sevənlərin hamısı bu işdə dəstəyini əsirgəmədi.

- Mina, türk mediası sənin oyununu necə qiymətləndirdi?

- Türk mediası aktyorluğum barədə xoşagəlməz heç nə yazmadı. Məni aktrisa – müğənni kimi təqdim edirdilər. Mer ilə görüşdə iştirak edə bilmədim. Amma o, aktyor heyəti ilə görüşdə məni soruşub. “Haradadır o türkü oxuyan balaca qız? Onunla görüşmək istəyirəm. Türkünü çox gözəl ifa edib”, - deyib.

- Ancaq türk mediası filmin “alınmadığını” yazdı. Əksəriyyət filmdə Atatürkün adının cəmi bir dəfə hallanmasını hörmətsizlik kimi dəyərləndirdi. Həmin filmdə rol alan aktrisa kimi bu fikirlərə nə deyə bilərsən?

- Bu, tam olaraq savaş, müharibə filmi deyil. Belə səhnələr olsa da, duyğu yüklü bir əsərdir. Film iki qovuşa bilməyən insanın sevgisindən bəhs edir. Son məktub da iki nəfərdən birində qalır.

- Deyə bilərik ki, siz artıq müğənnilik fəaliyyətinizi dayandırıb yalnız aktrisalıqla məşğul olursunuz?

- Müğənni kimi fəaliyyətimi dayandırmamışam. Yaxşı bir şirkət axtarışındayam. Heç bir səs və ya musiqi yarışmalarına qatılmaq istəmirəm.

- “O səs Türkiyə” yarışmasının qalibi həmvətənlimiz Elnur Hüseynov oldu. Onun yerində olmaq istəməzdiniz?

- Əlbəttə, istərdim. Mən Elnuru da çox istəyirəm. Elnura Azərbaycanda lazımi qiymət verilməmişdi. Onun ölkə daxilində və xaricdə tanınması üçün şans yaradılmadı. Azərbaycanın Rihanna, Mayli Sayrus, Beyons kimi dünya şöhrətli müğənnisi yoxdur. Amma istərdim o, Elnur Hüseynov olsun.

- Amma Elnur bu il də Azərbaycanı beynəlxalq “Eurovision” musiqi yarışmasında iştirak edəcək...

- İstəməzdim Elnur yenidən “Eurovision”da iştirak etsin. Nə qədər yarışma olar? Çıxsın özünü bir müğənni kimi təqdim etsin. “Eurovision”da iştirak edib, “O səs Türkiyə”nin qalibi də oldu. Yenidən “Eurovision”a getməyin nə mənası var?

- Sizcə, o, nə etməli idi?

- Xarici şirkətlərlə müqavilə bağlamalı idi. Azərbaycan da ona dəstək olmalı idi. Onu bütün dünyaya tanıtdırmalı idi.

- Bəs siz niyə musiqi yarışmalarında iştirak etmək istəmirsiniz?

- Deyəcəklər ki, burada heç nə edə bilmədi, getdi yarışmaya qatıldı. “Yarışmaya möhtac oldu” sözlərini eşitmək istəmirəm. Mən isə üslub yaratmışam. Amma özümü tapmamışam.

- Siz müğənni Elnarə Xəlilovanın xalası qızısınız. Onun da köməyi var?

- Elə ilk addımımdan bu günə kimi mənə kömək edir. Mən sənətə ilk gələndə Elnarə ANS telekanalında çalışırdı. Onun ANS ilə müqaviləsinin vaxtı bitdikdən sonra, əməkdaşlığımız da sona çatdı. Buna baxmayaraq, hələ də mənə köməyi olur.

- Elnarə razıdır müğənniliyinizdən?

- Yox, o, mənim müğənni olmağımdan razı deyil. İstəyir ki, ailə qurub səhnədən çəkilim. Aktrisalıq fəaliyyətimi isə ANS dəstəkləyir. Bu səbəbdən də iki daş arasında qalmışam. Xalam qızı deyir çəkil kənara, müğənni olma. Çox çətin yoldur. Amma ANS məndən aktrisa olmağımı istəyir.

- Türkiyədən iş təklifi gəlsə, Azərbaycanı tərk edərsiniz?

- Azərbaycandan birdəfəlik çıxmağım müzakirə mövzusu ola bilməz. Amma hər hansı təklifi dəyərləndirə, gedib orada filmə çəkilib qayıda bilərəm.

- Mina, aktrisalıq təhsilin varmı?

- Mənə aktrisalığı “Bakıfilm” və Leyn Devis öyrədib. Leyn Devisdən diplom almışam. Bu sahə üzrə ali təhsilim yoxdur. Həmin təhsili Türkiyədə almaq istərdim. Çünki Azərbaycanın bu sahədəki imkanlarını zəif hesab edirəm. Bizim aktyorlar kamera qarşısında oynaya bilmirlər. Pafosla oynayırlar. İncəsənət Universitetində yaxşı kadrlar yetişmir. Bir də ki mənə, ümumiyyətlə, dərs lazım deyil. Mən özüm məktəbəm (gülür).

- Sevdiyiniz azərbaycanlı aktrisalar var?

- Firəngiz Mütəllimovanı, Mehriban Xanlarovanı çox bəyənirəm. Amma Mehriban Xanlarovanın yaddaqalan bir filmi yoxdur ağlımda. Mənə yerli film və seriallarda çəkilmək üçün çoxlu dəvətlər də gəlir. Amma artıq müqavilə bağladığımdan heç bir filmdə rol ala bilmərəm. Bu səbəbdən bütün film təkliflərini rədd edirəm.

- Rol almağı arzuladığınız bir film varmı?

- Sevgi filmində rol almaq istərdim. “Aşk-ı Memnu” filmində baş rolu oynamaq istərdim. Bir də ki, rejissor yaxşı olsa, istənilən obrazda oynamağa razılaşaram. Mənfi obrazı da canlandıraram. Mənim elə bir simam var ki, rejissor onu istənilən formada yoğura bilər.

- Azərbaycanda sevdiyin müğənni hansıdır?

- Heç biri!

- Bəs Elnarə Xəlilova?

- Elnarə? Elnarə yaxşı anadır. Nə bilim vallah... Yaxşı müğənnidir. Sonra öldürər məni.

- Müğənnilərimizi bəyənməməyinin səbəbi nədir?

- Çünki dünyada tanınmırlar. Onları ancaq Azərbaycanda tanıyırlar. Biləcəridən o tərəfə keçməyiblər.

- Aygün Kazımova və Röya dediyin sərhədi çoxdan keçib.

- Hmmm.... Allah işlərini avand etsin.

- Özünü bir müğənni kimi necə qiymətləndirirsən?

- Mən adi insanam. Deyə bilmərəm ki, “ulduzam” və küçəyə çıxanda hamı mənimlə şəkil çəkdirmək istəyir. Mən normal həyat sürürəm. Özümə yetən qazancım olsun, bəsimdir. Toylara da getmirəm. Çünki mən toy müğənnisi deyiləm.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm