Kənan M.M. Günel Mövluda cavab verdi - ÖZƏL
Bizi izləyin

Magazin1

Kənan M.M. Günel Mövluda cavab verdi - ÖZƏL

Gənc şairə, publisist Günel Mövlud rejissor Kənan M.Mahmudov haqqında tənqidi məqalə yazıb. O, yazıda Kənanı zövqsüzlük zirvəsini "fəth etmiş" rejissor kimi qələmə verib və yazıda sərt ifadələr işlədib. Publika.az Kənan M. Mahmudovun yazıya münasibətini öyrənib. Rejissor Günel Mövludun xətrini çox istədiyini və tənqidi normal qarşıladığını desə də, məqalədə yazılanlarla razılaşmadığını bildirib.

- Mən onun xətrini çox istəyirəm. Ola bilsin ki, onun gözündə elə görünürəm. O, qadındır, mənə xanıma cavab vermək yaraşmaz. Əgər bunu kişi yazsaydı, qələmini qırardım. Amma böyük simpatiyam olan Günel xanım yazıb. Yəqin, mənim haqqımda yazmağa ixtiyarı olduğunu düşündüyü üçün yazıb.

Lakin unutmaq lazım deyil ki, bu həyat mənimdir, azad insanam. Mənə verilən həyatı istədiyim kimi yaşamaq haqqım var. Heç kimə də həyatım və həyat tərzim haqqında hesab vermirəm, vermək məcburiyyətində deyiləm. İnsan üçün bəzi müqəddəs məqamlar var ki, o mövzulara toxunmaq olmaz. Mən onun yaradıcılığına hörmətlə yanaşıram. O, necə hiss edibsə, elə də yazıb. Əslində isə Günel xanım medalyonun ancaq bir üzünü görür. Yaxşı bəs ona ikinci üzü maraqlı deyil?

Jurnalist istədiyi mövzuda tənqidi yazı yaza bilər, amma ən azından duz-çörəyə hörmət əlaməti olaraq əvvəlcədən mənim özümə xəbər edə bilərdi. Tənqidlərini özümlə bölüşsəydi, daha yaxşı olardı. Bunu ictimailəşdirmək nəyə lazımdır ki?!

Bir də mənə maraqlıdır ki, niyə axı mənim sənətim qala-qala şəxsi həyatım haqqında yazır, ancaq bunu qabardırlar?

Mən iki bədii film, 300-dən çox klip çəkmişəm. Bütün gördüklərim işlər bu qədərmi maraqsız oldu…

İnsanların kənardan məni necə görməsi vecimə deyil. Həyatımı başqa insanların istəyi ilə yaşaya bilmərəm. Əgər mən də işimi-gücü atıb başqasının həyatını araşdırsam, tənqid etməli o qədər faktlar üzə çıxararam ki… Heç birimiz müqəddəs deyilik və heç birimizin də başqasını mühakimə etməyə haqqımız yoxdur. Allah insanlara bu səlahiyyəti verməyib.

Mən inanclı insanam. Səhvlərimiz və həyatı necə yaşadığımız haqqında ancaq Allah qərar verə bilər.

Allah Qurani Kərimdə buyurur ki, “Bəd güman olmayın, yəqininiz olmayan bir şey haqqında qəti qərar verməyin. Axirətdə pərdələr çəkiləndə siz dediyiniz kimi olmaya bilər. Bax o zaman gec olar”.

Bu saat Günel xanımın gözlərinin içinə baxıb “Bacı Allah səndən razı olsun demək istərdim. Amma Günel xanımı əmin etmək istəyirəm ki, onun sahəsində də kifayət qədər qeyri-peşəkar və iyrənc yazarlar var. Allah onun qələminə qüvvət versin. Daha heç bir söz demək istəmirəm. Allaha əmanət!”

Günel Mövludun Kənan M. Mahmudova həsr etdiyi “Zövqsüzlük zirvəsini "fəth etmiş" rejissor” yazısının bir hissəsi:

“Uzun illər onun barəsində gələcəyi olan, istedadlı, maraqlı rejissor kimi düşünmüşəm, düşünmüşəm ki, bir neçə il gözünün qurdunu kliplə, şou ilə öldürəndən, beş-on manat qazanandan sonra ciddi işə başlayacaq, kino çəkəcək, uğur qazanacaq.

Kənanın ilk işlərində, çəkdiyi kliplərdə dominantlıq edən mafiya adamı, kriminal dünyaya məxsus, qeyrətli, ciddi, güclü, idmançı oğlan obrazlarını təbəssümlə qarşılamışam, fikirləşmişəm ki, müvəqqəti həvəsdir.

Hamımızın bir belə dəli-dolu, vurub-yıxan oğlanları xoşlayan, rəğbət bəsləyən vaxtımız olur, sonra yaş keçir, zövq formalaşır, biz ciddiləşirik.

Amma illər keçdi, Kənanın yaşının üstünə yaş gəldi. Sonra yenə yaşın üstünə yaş gəldi. Bu adam bir addım da olsun irəliləmədi, böyümədi, müdrikləşmədi, ciddiləşmədi. Kliplərindəki mafioz, idmançı, qarakurtkalı, vurub-yıxan, qeyrətli, bəzən oğru, bəzən killer oğlan ildən-ilə daha çox meydan suladı. Ildən-ilə başa düşdüm ki, bu kriminal, idmançı, vurub-yıxan, killer oğlan, o oğlanın həyatı, davranışları Kənanın arzularıdır.

O, kilplərin birində adam öldürməklə, birində kimisə sındırmaqla, birində dəstə yığıb, kimisə xilas etməklə, bir təpiyə beş adamı yerə uzatmaqla əslində, öz arzularını həyata keçirir. Onun bütün qəhrəmanları, əslində, özünün alter-eqosudur.

Bunu onun sosial şəbəkələrdə gündə on dənəsini paylaşdığı şəkilləri, duruşu, hərəkətləri, atributları da deyirdi”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm